İnsanlara hürriyət, millətlərə istiqlal!

Vikipediyanın özbək dili seqmenti üzrə Molla Pənah Vaqif haqqında yeni bölmə yaradıldı

Vikipediyanın özbək dili seqmenti üzrə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin viki - könüllüləri tərəfindən XVIII əsrin Azərbaycan şairi, Qarabağ xanının vəziri, görkəmli dövlət xadimi Molla Pənah Vaqif haqqında yeni bölmə yaradılıb.

Musavat.com-un məlumatına görə, yaradılan bölmədə qeyd olunur ki, ziyalı bir şəxs olduğuna görə xalq arasında "Molla" titulunu almış Vaqifin bədii irsi bu günə qədər tam çatmasa da, şairin əsərlərinin mövzusu, ideoloji məzmunu, bədii xüsusiyyətlərini əldə etmək mümkün olub. Bölmədə vurğulanır ki, Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsr ənənələri ruhunda şeir yazan və yeni tip, realist, şifahi xalq poeziyasına yaxın olan, yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmiş şairlərdən biridir.

“Yaradıcılıq” bölməsində şairin bədii xüsusiyyətləri haqqında məlumatlar öz əksini tapmış, bunun sayəsində Molla Pənah Vaqifin istifadə etdiyi əsas mövzu və janrlar haqqında məlumat verilmişdir. 

Məqalədə Vaqif lirikasının əsas xüsusiyyətlərinin millətçilik, reallıq, sadəlik və nikbinlik olduğu öz əksini tapıb. 

Şair həm də klassik poeziyanın ənənəvi janrlarını yeniləri ilə əvəz etmiş, ifadə tərzini yeniləmiş, bədii üslubu dəyişmiş və onun yaradıcılığında əsas yeri məhəbbət lirikası tutmuşdur.  

Şairin bədii irsi bölməsində isə Azərbaycan ədəbi irsinin qorunub saxlanmasında qayğı göstərən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin göstərişi ilə Molla Pənah Vaqifin məqbərəsinin ucaldılmasından  və s. məlumatlar bəhs edilir.

Azərbaycan dövlətinin daim Molla Pənah Vaqifin yaradıcılığına mühüm diqqət verdiyi qeyd olunan bölmədə Türksoy Mədəniyyət Nazirləri Daimi Şurasının 2016-cı ilin dekabrında Şəkidə keçirilən 34-cü iclasında 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan edilməsi haqqında qərar qəbul edildiyi və şairin anadan olmasının 300 illiyinin geniş qeyd olunması münasibəti ilə 2017-ci il yanvar ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalandığı yazılır. 

Bölmədə ayrıca olaraq Molla Pənah Vaqifin muzey-məqbərəsi haqqında məlumatlar yer alır və Vaqifin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verilir. Qeyd olunur ki, Sovet dövründə ölkəmizə rəhbərlik edən və daim mədəniyyətə, ədəbiyyata yüksək qayğı göstərən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycanın üç məşhur ədibi, şairi - Nizami Gəncəvi, Molla Pənah Vaqif və Hüseyn Cavidin məzarları üzərində məqbərə qurulmasına nail olur.  Məqalədə  məlumat verilir ki, Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəsə də, tapa bilməmişdir. Onun tapşırığına əsasən məzar tapılmış, bərbad vəziyyətdə olan məzarı ziyarət edən Ulu Öndər sonralar sərəncam verərək Vaqif məzarı üzərində abidə və türbə ucaldılmasına nail olur. 1982-ci ilin yanvarında isə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin Şuşada məqbərəsinin təntənəli açılışı olur. 

1992-ci il mayın 8-də Ermənistanın silahlı birləşmələri Şuşanı işğal edərkən  mədəniyyət abidələrinə qarşı vandalizm aktları həyata keçirmiş, Şuşa şəhərindəki Vaqif məqbərəsini də dağıtmışlar. 2020-ci il 44 günlük Vətən müharibəsi, Azərbaycan ordusunun şanlı qələbəsi və Şuşanın azad edilməsindən sonra 39 il əvvəl atası ilə birlikdə – yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni yenidən ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyev məqbərənin açılışı günü təmir-bərpa işlərinə başlamağa dair tapşırıq vermiş və məqbərə Heydər Əliyev Fondunun layihəsi ilə yenidən qurulmuşdur.  

2021-ci il avqustun 29-da Şuşa şəhərində böyük Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi təmir-bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmiş və bu tarixi hadisədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər. 

“Wikipedia" Elektron Ensiklopediyasında “Molla Panah Vogif” özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Molla_Panah_Vogif linkdə tanış olmaq mümkündür.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə dünyanın ən böyük məlumat bazası kimi milyonlarla insanın müraciət etdiyi ilkin mənbə və çoxsaylı dillərdə mövcud olan "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında monitorinq aparılmışdır. 

Monitorinq nəticəsində Azərbaycana dair Özbək dilində məlumatların olduqca az olması, habelə onların dolğun və obyektiv olmamasını nəzərə alınaraq,  Mərkəzin yanında viki könüllülər təşkil olunmuş və son 5 ildə aparılan işlər nəticəsində ölkəmizin dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatı, tanınmış şəxsiyyətlərinə dair yüzlərlə məqalələr hazırlanaraq Beynəlxalq Elektron Ensiklopediyada yerləşdirilmişdir. Yaradılmış bölmələr Azərbaycan Mədəniyyət Mərkəzinin saytında  https://azculture.uz/bizim-layiheler.php?link=wikipedia yerləşdirilmişdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR