Onlayn ictimai-siyasi qəzet
Vensan Abubakarın Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimi Azərbaycan futboluna imzasını atdı.
Bəlkə də buna oxşarı olmuşdu. Ancaq məhz bu formada, bu istək və səmimiyyətlə çətin.
“Neftçi” azarkeşlərinə klubun yaşı qədər alqış olsun.
Məkan olaraq fərqli yer seçilsəydi, məsələn, dünya şöhrətli ulduz yüksək olmayan tavanın altında yox, açıq havada qarşılansaydı, tüstü və petardlardan istifadə olunsaydı, daha möhtəşəm görüntülər qeydə alınardı.
Bir daha əmin oldum ki, “Neftçi” azarkeşləri ölkə futbolunda öz dəsti-xətti olan, ağ-qara rənglərə sözün əsl mənasında dəyər verən insanlardır. Və “Neftçi”nin bəxti gətirib ki, bu cür sevənlərə sahibdir. Ürəkdən, qəlbdən, içdən, heç bir marağa söykənmədən.
Komanda son 4 ildə çempionluqdan kənarda qalıb, son 2 mövsümdə avrokuboklara vəsiqə qazana bilməyib, bu gün 7 oyundan sonra 8 xalla 9-cu pillədə qərarlaşıb. Lakin siz bu azarkeşlərin sevgisinə baxın. Yeni gələn futbolçuya gecə saat 12-də göstərdikləri sevgiyə diqqət yetirin.
Bir anlıq düşünürsən ki, bu azarkeş, bu camiə avrokuboklara vəsiqəsiz qalan komandaya bu şəkildə sahib çxıırsa, gör, “Neftçi” uğur qazansa nələr edərlər. Stadionu tərsinə çevirər, futbolçuları əllərində gəzdirər, 10 minlik stadionu doldurarlar.
Xilaskar gözündə görülən Abubakarın gəlişi ilə azarkeşlər lazım olan qolu “Neftçi”nin qapısından keçirdi. İndi top da, söz də məşqçi və futbolçulardadır.
Çempionat yeni başlayıb, qarşıda nə az, nə çox, düz 26 oyun var. Azarkeşləri sevindirmək üçün qələbələri sıralamaq, “Qarabağ”a boy vermək, avrokuboklara vəsiqə qazanıb mərhələlər adlamaq lazımdır.
Sevinmək bu azarkeşlərin haqqıdır. (sportinfo.az)
20 Oktyabr 2025
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ