Onlayn ictimai-siyasi qəzet
Daha bir ABŞ dövlət məmuru İrəvana gəlir.
İki gün İrəvanda olan ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayan hələ Amerika materikinə çatmamış başqa bir yüksək vəzifəli DD yetkilisinin İrəvana səfər anonsu yayılıb.
Musavat.com bildirir ki, ABŞ -ın İrəvandakı səfirliyinin məlumatına görə bu dəfə "Dövlət Katibinin İdarəetmə və Resurslar üzrə müavini Riçard R.Verma Demokratiya üzrə ABŞ-Ermənistan Yerli İdarəetmə Forumunda iştirak etmək üçün 17-19 iyunda İrəvana səfər edəcək".
Yenə həmin qaynağın məlumatına görə, Riçard R.Verma baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan ilə görüşəcək. Rəsmi xəbərdən sitat: "Səfər bizim erməni xalqı ilə ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətimizi əks etdirir".
Məsələ budur ki, Riçard R.Verma tək gəlmir. O, Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniyadan olan ştat və yerli rəsmilərdən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək.
Yenə sitat: "Onu Dövlət Departamentinin yeni submilli diplomatiya komandasına rəhbərlik edən şəhər və dövlət diplomatiyası üzrə xüsusi nümayəndə Nina Xaçiqyan və kommersiya məsələləri üzrə xüsusi nümayəndə Sara Morgenthau müşayiət edəcək.
Nümayəndə heyəti dövlət və özəl sektorun, eləcə də vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək".
Əlbəttə, bu cür səfərlər Rusiyanı daha da qıcıqlandıracaq. Çünki hər kəs anlayır ki, ABŞ yetkililəri Atlantiki boşuna keçmirlər: onlar Ermənistanı Rusiyadan ayırmaq və ABŞ-yə bağlamaq proqramının icrası üçün başladılan proqramın yeni aşamasına keçiblər.
Aydındır ki, belə bir situasiya Ermənistan - Rusiya münasibətlərinin daha da gərginləşməsinə və İrəvanda başladılan itaətsizlik aksiyalarının aqressivləşməsinə gətirib çıxaracaq. Görünən budur ki, Kreml Ermənistanın qızıl teşt içərisində ABŞ -a ötürülməsinə dözmək fikrində deyil.
Bu təslimiyyətin icraçı - ideoloqu Paşinyanı artıq hər cür təhdid gözləyir. O cümlədən də fiziki neytrallaşdırılma - çünki biriləri üçün başqa yol qalmır. Erməni terroru daha bir erməni dövlət adamını hədəfə alıb...
Musavat.com bir məqama da diqqət çəkməyi vacib sayır: əslində baş verən prosesə İran da kəskin reaksiya verməli, ABŞ-nin onun sərhədlərində oyun qurmasına mane olmalıdır. Lakin Tehran rejimi bu sürəcə şübhəli tolerantlıq göstərir. Hətta görünən budur ki, onun Ermənistanla bağlı Qərb paytaxtları ilə (Paris, Vaşinqton) müəyyən gizli işbirliyi də var.
İran hər zaman belədir: Ermənistanın yanında o halda durur ki, həmin məqamda Azərbaycana zərər olsun.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ