İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndən Vətənə: Pezeşkian Bakıda - iki liderdən isti mesajlar

“Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm” deyən İran Prezidenti İlham Əliyevə təşəkkür etdi; tərəflər arasında mühüm sənədlər imzalandı

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. “Yeni Müsavat” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. İran və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Məsud Pezeşkiana, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla məhdud tərkibdə görüşü keçirilib. Daha sonra prezidentlərin geniş tərkibdə görüşü olub.

Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olunub. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edilib. Söhbət zamanı ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Bir daha diqqətə çatdırılıb ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb. Görüşdə həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzalayıblar.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatla çıxış ediblər.

Prezident İlham Əliyev deyib ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir.

İlham Əliyev və Məsud Pezeşkian Azərbaycan-İran biznes forumunda iştirak  edirlər - Editor.az

Məsud Pezeşkianı salamlayan dövlətimizin başçısı qeyd edib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür: “Biz ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır. Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk”.

Prezident Məsud Pezeşkian isə çıxışına “Hər şeydən əvvəl qardaşım Prezident İlham Əliyevə bizi isti və mehriban qarşılamasına görə təşəkkür edirəm” deməklə başlayıb.

Pezeşkian həmçinin Azərbaycan Prezidentinə region və İran-Azərbaycan münasibətləri ilə bağlı uzaqgörən baxışlarına görə təşəkkür edib. Bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında danışıb. O qeyd edib ki, iki ölkə çox sayda müştərək məqamlara malikdir: “Səy göstərəcəyik ki, əlaqələrimizi daha da inkişaf etdirək. Çünki biz bir-birimizin əlaqələrimizdən inkişaf üçün istifadə edə bilərik”.

İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü  başlayıb - Şafaqna Azərbaycanca

İran Prezidenti deyib ki, biz qədimdən bir yerdə olmuşuq: “Qonşular arasında hasarlar, sərhəd olsa da, həmişə bir-biri ilə əlaqə saxlayırlar. Biz çox sayda müştərək məqamlara malikik və bu müştərəkliklərlə iftixar edirik. Biz əlaqələrimizi davam etdirəcəyik. Bir çox məsələlərdə təcrübələrimizi öyrənə bilərik. Birlikdə problemlərimizi həll edə bilərik. Ərazi bütövlüyünə hörmət etməklə, region ölkələri ilə regionumuzda məsələləri həll edə bilərik. Şimaldan Cənuba, Şərqdən Qərbə yolları, dəhlizləri aça bilərik. Biz bəzilərinə aramızda ixtilaf yaratmasına yol verə bilmərik. Ailələrimiz arasında da əlaqələr var, bunu heç kim poza bilməz. Mən Prezident İlham Əliyevin bu istiqamətdə iradəsini görürəm. Bizim də iradəmiz belədir. Biz qərarlıyıq, qardaşımın da qərarlılığını hiss edirəm. Həm İran, həm Azərbaycan üçün yaxşı gələcək yarada bilərik.

Mən burada çox qala bilmirəm, İranda baş verən faciəvi hadisəyə görə qayıtmalıyam. Burada özünü yad hiss etmirəm. Mən özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm. İnşallah, əlaqələrimiz iqtisadi, siyasi, hərbi və digər sahələrdə inkişaf edəcək".

İran Prezidentinin səfəri aprelin 28-də, günün ikinci hissəsində başa çatıb. Qeyd edək ki, Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri regionda maraqla qarşılanıb. Səfər həm Azərbaycan, həm də İran ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Azərbaycan və İran prezidentlərinin Bakıda bir araya gəlməsi son illərin ən mühüm diplomatik hadisəsi kimi də hesab edilir.  Xüsusilə də Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra tərəflər arasında siyasi mərkəzdə ilk dəfə belə yüksək səviyyədə dialoq reallaşır.

İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub | TURAN

Prezidentlərin Bakı görüşü təkcə diplomatik protokol hadisəsi deyil, həm də münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirəcək mühüm siyasi gedişdir. Hazırda İran bir neçə strateji səbəbə görə Azərbaycanla münasibətləri normallaşdırmağa və dərinləşdirməyə məcburdur. Birinci və əsas səbəb regionda İran ətrafında yaranan və gərginləşən geosiyasi vəziyyətdir. Son dövrdə İran ətrafında gərginlik artaraq kritik həddə çatıb. Xüsusən də ABŞ və Qərblə diplomatik danışıqların qəlizləşməsi, İranı yeni alternativlər axtarmağa sövq edir. Tehran üçün şimal sərhəddində sabitlik və etibarlılıq olduqca vacibdir. Azərbaycanla münasibətlərin normallaşması və etimadın bərpası İran üçün bu kontekstdə həyati əhəmiyyət kəsb edir.

Azərbaycan həmçinin İranın ötən il münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çıxartdığı Rusiya ilə dayanıqlı əlaqələrin qurulmasında əsas halqadır. Panama kanalı, Suveyş kanalı 2 okeanın birləşməsi üçün hansı əhəmiyyəti daşıyırsa, İran-Rusiya tərəfdaşlığının möhkəmlənməsi və ikisinin bir-biri ilə effektiv birləşməsi üçün Azərbaycan əsas aparıcı halqa rolunu oynayır. 

İkinci səbəb İranın iqtisadi böhranıdır. Son aylarda İran iqtisadiyyatı ciddi çətinliklərlə üzləşib. İranın milli valyutası rial cəmi bir neçə ay ərzində 50%-dən çox dəyər itirib ki, bu da daxili sosial-iqtisadi vəziyyəti ciddi şəkildə gərginləşdirir. İqtisadi tənəzzül fonunda daxili etirazlar və narazılıqların yenidən alovlanma təhlükəsi İran hakimiyyətini ciddi şəkildə narahat edir. İran hakimiyyəti vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün xarici siyasətdə pozitiv gedişlərə, xüsusilə iqtisadi əməkdaşlığa və sərhədyanı təhlükəsizliyə böyük önəm verir. Azərbaycanla münasibətlərin yeni müstəviyə çıxarılması İran azərbaycanlılarının kritik dəstəyini əldə etmək baxımından önəmlidir.

Digər mühüm məsələ isə İranın beynəlxalq arenada təcrid olunmaq təhlükəsindən qurtulmaq üçün regionda yeni diplomatik kanallar axtarmağa məcbur olmasıdır. Bu istiqamətdə Tehran Bakı ilə münasibətləri yaxşılaşdırmaqla yanaşı, Azərbaycan vasitəsilə İsraillə dolayı və ya qeyri-rəsmi əlaqələr qurmağa cəhd edə bilər. Tehran-Təl-Əviv xəttində yeni bir diplomatik kanalın açılması ehtimalı Azərbaycan-İran münasibətlərinin yeni dövründə əhəmiyyətli mövzularından biri olacaq.

İranın hazırkı mürəkkəb geosiyasi və iqtisadi vəziyyəti Azərbaycanla münasibətlərdə yeni səhifənin açılmasını təkcə zəruri deyil, həm də qaçılmaz edir.

Hikmət Babaoğlu: Azərbaycançılıq ideologiyası Azərbaycan xalqının milli  neokonservatizmidir | Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi

Hikmət Babaoğlu 

Bakı-Tehran əlaqələrinin inkişaf perspektivlərini “Yeni Müsavat”a şərh edən deputat Hikmət Babaoğlu bildirdi ki, istənilən halda qonşu ölkə İranın prezidentinin Azərbaycana səfəri müsbət hadisədir: “Azərbaycanda və İranda bu səfər gözlənilən bir səfər idi. Çünki İranın regionda Azərbaycana qarşı aqressiv davranışlarından, Zəngəzur dəhlizini "qırmızı xətt" elan etməsindən, İranda Azərbaycan səfirliyinə edilən hücumlardan və bu gün də İran ərazisindən ErEmənistana Hindistanda istehsal olunan silahların daşındığı bir vaxtda belə bir səfər əlbəttə ki, mühüm əhəmiyyət kəsb edir. Səfərin reallaşması o deməkdir ki, bütün bunların müzakirə olunması üçün yaxşı bir platforma yaranıb".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR