Onlayn ictimai-siyasi qəzet
Ağdam klubu transferlərə start verir; Qurbanova necə oyunçular lazımdır?
“Qarabağ” futbol klubu əlcəzairli futbolçusu Yassin Benzia ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. “Bu, karyeramda son dərəcə vacib bir fəsilin sonudur. Bütün ”Qarabağ" klubuna, rəhbərliyə, məşqçilərə (cənab Qurban Qurbanov, hər şey üçün təşəkkür edirəm), personala, azarkeşlərə və əlbəttə ki, komanda yoldaşlarıma təşəkkürümü bildirmək üçün söz tapmaqda çətinlik çəkirəm".
Qol.az xəbər verir ki, bu sözlər “Qarabağ”la yollarını ayıran Yassin Benziaya məxsusdur. Əlcəzair millisinin 30 yaşlı yarımmüdafiəçisi İnstaqramda “Qarabağ”a vida paylaşımında həmçinin yazıb: “Başımın üzərindən keçən bütün hadisələrdən sonra məhz burada yenidən oynamaq sevincini tapdım. Kuboklar qazanmaq, qol vurmaq, komanda yoldaşlarıma qol ötürmələri vermək, komandamızın Avropada parlamasına kömək etmək, milli komandaya qayıtmaq... Sadəcə hər şey üçün təşəkkür edirəm. Həmişə qəlbimdə qalacaqsınız”.
Qeyd edək ki, Y.Benzia “Qarabağ”a 2023-cü ildə Fransanın “Dijon” klubundan keçmişdi. O, bu komandada 104 oyun keçirib, 28 qol vurub, 25 qolun isə ötürməsini edib.
Klub monteneqrolu futbolçusu Marko Veşoviç, Patrik Andrade və İsmayıl İbrahimli ilə də yollarını ayırıb. Son iki mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 27 yaşlı azərbaycanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Bəs idman biliciləri bu ayrılıqlara nə deyir? Yeni mövsümdə əvvəlki “Qarabağ”ı görə biləcəyikmi? Baş məşqçi Qurban Qurbanov qalan müddətdə heyəti gücləndirə, klubdan ayrılan legionerlərin yerini doldura, ölkə çempionu “döyüş qabiliyyətini” bərpa edə biləcəkmi?
Fazil Mustafa
Futbolla yaxından maraqlanan deputat Fazil Mustafa nikbindir. Onun fikrincə, “Qarabağ” həmişə ən faydalı oyunçuları seçməyə çalışır: “Futboldur, gətirilən oyunçuların içərisində özünü doğrultmayan da ola bilər. Amma əsasən düzgün seçimlər edirlər. Ona görə də bu, baş məşqçinin öhdəsinə buraxılıbsa, hesab edirəm ki, o, doğru seçimi edəcək. Burada məncə, bir narahatlığa dəyməz. Təbii ki, daha güclü komanda formalaşdırmaq üçün oyunçuların ”Qarabağ"a gələndən sonrakı performansı önəm daşıyır. Bütün hallarda “Qarabağ” təcrübəli bir klubdur, Avropa təcrübəsi kifayət qədər böyükdür. Özünə lazım olan nədirsə, onu doğru seçməyi bacarır. Məncə, transfer sezonunu normal qiymətləndirib hər hansı Çempionlar Liqasının qrup mərhələsinə qalmaq üçün mübarizə apara biləcək heyət formalaşacaq. Bilirsiniz, bu heyətdə ulduz oyunçudan daha çox kollektiv içərisində yükü üzərinə götürə biləcək, fədakarlıq edəcək oyunçulara ehtiyac var. Bu fədakarlıq olmayandan sonra ən bahalı, qabiliyyətli sayıla biləcək oyunçu belə kluba fayda verə bilmir. Bunu biz Türkiyə futbolu təcrübəsində də görürük".
F.Mustafa deyib ki, məsələn, bahalı transferlər ya “Fənərbaxça”, ya da “Beşiktaş” edir, amma oyunçu sadəcə gəlib orada vaxtını keçirməklə məşğul olur: “Fədakar bir oyun göstərməyə meylli olmur. Məsələn, ”Qalatasaray"da Osimen həqiqətən də böyük fədakarlıq nümayiş etdirdi. “Qalatasaray” kimi bir komandanı, özü də bir topdan sonra əzilən, sökülən bir komandanı əslində ən azı qollar atmaqla, can yandırmaqla irəli apara bildi, çempion etdi. Məsələyə bu baxımdan yanaşılmalıdır. Burada da oyunçuların kifayət qədər təcrübələri var. Xüsusilə, Elnur Cəfərquliyevi fərqləndirirəm. O, çox fədakar oyunçulardan biridir. Eyni zamanda, Bəhlul Mustafazadənin özü də xeyli püxtələşdi. Medinanın özü çox yaxşı oyunçudur. Məncə, bunlara bir neçə daha futbolçu əlavə olunsa, hər halda o yükü qaldıra biləcəklər. Ən azından komandanı Çempionlar Liqasında təmsil edə biləcək səviyyədə irəli aparmaq mümkün olacaq".
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlı isə burada təəccüblü heç nə görmür. O, “Qarabağ”ın bu qərarlarını dəstəkləyir: “Qarabağ”da zaman-zaman ayrılıqlar olub və hər dəfə də futbol ictimaiyyəti narahatlıq keçirib: Gedənin yerini doldurmaq mümkün olacaqmı? Və hər dəfə də sonradan hər hansı boşluğun olmadığını görmüşük. Bu dəfə isə birdən-birə 4 futbolçunun getdiyinin eyni gündə açıqlanması narahatlığın dozasını xeyli artırdı. Güman ki, bu ayrılıqların hər birinin məntiqi izahı var: Qurban Qurbanov meydanda istədiyini ala biləcəyi futbolçudan asanlıqla imtina etməz".
Yazara görə, böyük ehtimalla, yaşı artıq 31-i keçən Benzia pul haqda düşünür: “İstədiyi pulu isə ona ancaq ərəblər verə bilər. Daha əvvəl Benzia ilə ərəblərin maraqlandığı bildirilirdi. Güman ki, Yassin ərəb klublarından biri ilə anlaşacaq və karyerasının son mərhələsində yaxşı qazanacaq.
Andradenin “Qarabağ”a qayıdışı əvvəlki effekti vermədi. Qurban Qurbanov ondan tam istədiyini ala bilmədi. Veşoviç də zədələndikdən sonra əsas heyətdəki yerini itirmişdi. Yəqin ki, məşqçilər korpusu onun əvvəlki Veşoviç olacağına inanmadıqları üçün ayrılıq qərarı veriblər.
İsmayıl İbrahimlinin isə “Qarabağ”da əsas heyətə düşmək şansı qəti yox idi. Nəzərə alaq ki, növbəti mövsümdə limit olmayacaq. Yəni yerli futbolçular limitin sayəsində meydana çıxmaq şansından məhrumdurlar. Onlar yalnız rəqabət aparıb güclü olduqlarını sübut etdikdən sonra meydana çıxa bilərlər. İsmayıl isə “Qarabağ”dakı rəqabətə tab gətirə bilməzdi. Ona görə də, getməyi məqbul addımdır. Digər komandalarda əsas heyətdə meydana çıxa bilər ki, bu da “Qarabağ”da ehtiyatda oturmaq variantından yaxşıdır. Qalır əsas məsələ: Gedənlərin yerini doldurmaq mümkün olacaqmı? Qurban Qurbanov futbolçu seçimində çox həssasdır. Oyun fəlsəfəsinə uyğunluqla yanaşı, həm də futbolçunun xarakterinə də önəm verir. Böyük ehtimalla, gözaltı etdikləri, hətta danışıqlar apardıqları futbolçular var. Unutmayaq ki, “Qarabağ”da həm də Juninyonun da yeri doldurulmalıdır. Məncə, hazırda “Qarabağ”da ən böyük boşluğun hiss olunduğu mövqe məhz hücumdur.
Transferlərin olacağı dəqiqdir. Amma o transferlər heyətə sürətlə adaptasiya ola biləcəklər? Yenilər Çempionlar Liqasının oyunlarına qədər formaya düşəcəklər? Bu suallara cavab vermək asan deyil. Sadəcə, “Qarabağ” mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacağı üçün vaxtı bir qədər çox olacaq.
Ümid edək ki, yeni transferlərdə yanılma olmayacaq, onlar “Qarabağ”ın gücünə güc qatacaqlar. Amma bütün hallarda mən “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağını düşünmürəm. Avropada futbol günü-gündən inkişaf etdiyi, Azərbaycanda isə geri getdiyi bir vaxtda bunu reallaşdırmaq möcüzə olardı. Amma “Qarabağ”ın Avropa Liqasının qrupunda olması realdır. Ən pis halda “köhlən atlar” Konfrans Liqasının qrupunda mütləq olacaqlar. Bilirsiniz, Azərbaycanda futbolun inkişafı rəqabətdən keçir. Rəqabət olmayan yerdə, “Qarabağ”ın da inkişafı mümkün deyil. Ona görə də “Qarabağ”ın qarşısında real olmayan hədəflər qoyanda, həm də Azərbaycan futbolunun reallıqlarını nəzərə almalıyıq. Bu, ədalətli və məntiqli yanaşma olardı".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ