İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vətəndaşlarımız Böyük Qayıdışı səbirsizliklə gözləyirdilər-ŞƏRH

“İkinci Qarabağ müharibəsindən sonra bütün dünyaya məlum oldu ki, Ermənistan yürütdüyü düşmənçilik siyasəti ilə Qarabağda daşı daş üstündə qoymayıb. Bu baxımdan proqram erməni vəhşiliyi, vandallığı, barbarlığı nəticəsində yaşayış üçün yararsız vəziyyətə salınmış ərazilərin sıfırdan bərpasını ehtiva edir”.

Bu fikirləri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” barədə Musavat.com-a şərh verərkən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib:

“Azərbaycan geniş bərpa-quruculuq prosesinə start verib. 30 ildir doğma yurdlarına həsrət qalan vətəndaşlarımız Böyük Qayıdışı səbirsizliklə gözləyirdilər. Ölkə başçısının bununla bağlı konkret fikirləri olub. Təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edən “Böyük Qayıdış Proqramı”nı bir neçə ilə həyata keçirmək mümkün deyil. Məlumdur ki, işğaldan azad edilən ərazilərimiz həm dağıntılara məruz qalıb, həm də o ərazilərdə saysız-hesabsız mina basdırılıb. Bərpa-quruculuq işləri yanaşı, ərazilərin minalardan təmizlənmə prosesi həyata keçirilir. Bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına reallaşır. Düşünürəm ki, Azərbaycanın rəsmiləri səviyyəsində çıxışları nəhayət ki, beynəlxalq səviyyədə eşidiləcək, müvafiq qurumlar ölkəmizə dəstək nümayiş etdirəcəklər. Analoji hallarla bağlı biz daim başqa mənzərələrin şahidi olmuşuq. Dövlətlər, təşkilatlar bu sahədə ehtiyac olan dövlətlərə bərpa-quruculuq işləri, insanların köçürülməsi və s. məsələlərdə dəstək göstəriblər. Biz isə bu dəstəyi görmürük. Bu da 30 il ərzində Azərbaycana qarşı nümayiş etdirilən ikili standartların növbəti təzahürü kimi qiymətləndirilə bilər. Ümid edək ki, bizim diplomatik müstəvidə Ermənistanla apardığımız mübarizənin nəticəsi kimi ermənipərəst qüvvələrin təsir dairəsindən çıxan ayrı-ayrı təşkilatlar və dövlətlər bu məsələdə fərqli mövqe sərgiləyəcəklər”.

Politoloq vurğulayıb ki, Azərbaycan həm 44 günlük müharibədə qazandığı zəfərlə, həm də bu gün həyata keçirdiyi bərpa-quruculuq işləri ilə dünyaya nümunə göstərir: “Beynəlxalq standartlara cavab verən avtomobil yolları, dəmiryolları salınır, iki hava limanı istifadəyə verilib. Azərbaycan Qarabağı bərpa edəcək, qarabağlılar doğma yurdlarına qayıdacaqlar. Minaların təmizlənməsi üçün uzun illər lazımdır, buna görə də vətəndaşlar təmkinli olmalıdırlar. Digər ərazilərdə olduğu kimi, normal yaşayış üçün vəsait və zamana ehtiyac var. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” nda bütün qurumların səfərbər edilməsi dövlətin mövqeyinin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərə qayıdacaq vətəndaşlarımızın, eyni zamanda bərpa-quruculuq prosesində iştirak edən personalın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür. Paralel olaraq, infrastruktur bərpa edilir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR