İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən uğrunda yeni savaş: neçə gün çəkəcək? - rəylər

İkinci Qarabağ savaşının iki ili tamam olmadan, Vətən uğrunda artıq yeni savaş başlayıb. Sentyabrın 12-13-də Ermənistanla sərhəddə baş verən silahlı toqquşma əslində miqyasına və hər iki tərəfdən olan itkilərin sayına görə müharibədir. Bəzi müxalifət təmsilçiləri bu toqquşmanı Vətən müharibəsi elan ediblər. Məsələn, Xalq Partiyasının lideri Pənah Hüseyn özünün facebook səhifəsində yazıb ki, baş verənlər Vətən müharibəsidir.  

Silahlı toqquşmalara dair dünya dövlətlərinin reaksiyaları da bu prosesin mahiyyətindən və miqyasından xəbər verir. Rusiya, Fransa, Amerika sərhəd savaşına dair fikirlərini açıqlayıblar və sülhə çağırış ediblər. Lakin bu məqalə yazılanda, sülh hələ gəlməmişdi və hərbi əməliyyatlar, toqquşmalar və qarşılıqlı atəş davam edirdi.

Cəmiyyətin bütün diqqəti ani olaraq, sərhəd müharibəsinə kilidləndi, bütün digər mövzular, o cümlədən də Əvəz Zeynallının, Elçin Sadıqovun həbsləri ikinci plana keçdi.

Baş verənlər doğrudan da müharibədir. Lakin o, neçə gün çəkəcək və nəticələri nə olacaq? Dünya gücləri Azərbaycana imkan vermir ki, öz ərazisindəki qanunsuz silahlı dəstələri ləğv etsin, onun qəsəbə və kəndlərinə zərər verən atəş nöqtələrini susdursun, təhlükə təşkil edən ərazilərə müdaxilə edib,  təhlükəsizlik zonası yaratsın.

44 günlük müharibədə Azərbaycan böyük zəfər çaldı. Lakin o zaman da problemi sonunadək -  Xankəndinə qədər - həll etməyə imkan verilmədi. Buna görə də yenə ordumuz döyüşməyə, şəhidlər verməyə, xalqımız isə narahat olmağa və şəhidləri üçün göz yaşı tökməyə məcbur qalır.

Necə edək ki,  Qərb paytaxtları və Rusiya bizə haqq davamızda mane olmasın, bizi sanksiyalara əl atmaqla hədələməsin?

Daha vacib sual: Vətən müharibəsi 3-cü Qarabağ müharibəsinə çevrilə və Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Qırmızı Bazar ərazilərinin, Şuşa kəndlərinin azadlığı uğrunda mücadiləyə keçə bilərmi?

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ

Qabil Hüseynli: “Əgər müdaxilə olunmazsa, bu vəziyyət 3-cü Qarabağ  müharibəsinə çevrilə bilər”

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, bu müharibənin sərhəd  toqquşmasından, sərhəd axarından çıxıb, daha genişmiqyaslı müharibəyə çevrilmək təhlükəsi var: “Hər iki tərəfdən itkilər böyükdür. Bununla bərabər  bölgədə üçüncü "əlin", qüvvənin olmasını başa düşmək o qədər də çətin deyil. Zənnimcə, mürəkkəbliklər hələ qarşıdadır. Şəxsən mən bu məsələdə ən çox Rusiyanı günahlandırıram. Belə görünür ki, Rusiya Ukraynadakı məğlubiyyətinin ardınca yeni bir qarmaqarışıqlıq yaradıb, hətta yeri gəlsə, ikinci cəbhə açıb, bölgəni qarışdırmaq istəyir. Sərhəddə baş verən qarşıdurmaların birdən-birə alovlanaraq, böyük bir müharibə ssenarisinə çevrilməsi onu göstərir ki, Rusiyanın Ermənistan daxilindəki hərbi briqadaları, xüsusən də 102-ci briqada boş dayanmayıb, müxtəlif silahlar, döyüş texnikasından istifadə edib, hətta ola bilsin əsgər təminatını həyata keçirib. Amerika da bu məsələdə Rusiyadan geri qalmır, o da özünəməxsus mövqe tutur. Beləliklə, hər iki dövlətin Cənubi Qafqaz uğrunda mübarizəsi yeni qüvvətlə başlayıb. Bəli, Amerika burada silah və texnikalarla və yaxud silahlı qüvvələrlə iştirak etmir, amma dinc dayanmır, özünün diplomatları və bəyanatları ilə odun üstünə sanki benzin tökür, prosesləri daha da gərginləşdirir.

Hazırda çox ağır bir vəziyyət yaranıb. Vəziyyətin ağırlığı həm də ondadır ki, dünyada strateji maraqlar uğrunda mübarizənin yeni meydanı Cənubi Qafqaza keçirilib, baş verən hadisələr kifayət qədər gərgindir. Ən ağrıdıcı cəhət isə ondan ibarətdir ki, aranı ermənilər qarışdırsa da, atəşkəs rejimini onlar pozsa da yenə də günah obyekti Azərbaycan seçilir.

Hesab edirəm ki, əgər müdaxilə olunmazsa, bəli, bu vəziyyət 3-cü Qarabağ  müharibəsinə çevrilə bilər".

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

Yeganə Hacıyeva: “Azərbaycanın beynəlxalq hüquqlara əsaslanaraq, özünümüdafiə haqqı var, buna görə də bizi heç kim heç nədə günahlandıra bilməz”

Siyasi şərhçi Yeganə Hacıyeva da mövzu ilə bağlı danışıb:

“Ümumiyyətlə, son aylarda sülhə gedən yolda ermənilərin bu cür təxribatlar törədəcəyini gözləyirdik. Çünki artıq erməni xarakterini biz çox yaxşı bilirik. Məsələn, onlar 1992-ci il fevralın 25-də ABŞ-da atəşkəslə bağlı müqavilə imzaladılar, lakin bir gün sonra Xocalıda qətliam törətdilər. Yəni onlar həm dövlət, həm də xalq olaraq bu cür riyakardırlar.

Əlbəttə ki, 50 nəfər şəhid vermək çox faciəlidir. 44 günlük Vətən müharibəsində ordusunun 3/2-ni itirən Ermənistanın bir gecədə Azərbaycan Silahlı Qüvvələrinə 50 şəhid verdirməyə gücü yoxdur. Hərbi əməliyyatlarda qarşı tərəf təkcə Ermənistan deyildi, ATƏT-in Minsk Qrupu həmsədr ölkələri və ən əsası özünü qan qardaşı kimi təqdim edən riyakar İran idi. Amma Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur. Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Son zamanlar Ermənistan cidd-cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.

Azərbaycanın beynəlxalq hüquqlara əsaslanaraq, özünümüdafiə haqqı var. Buna görə də bizi heç kim heç nədə günahlandıra bilməz. Yəni məni öldürmək istəyən adamı öldürmək haqqım var. Bizim əlimizdə qarşı tərəfin bizə hücum etməsi, mina basdırması ilə bağlı görüntülər var. Həmin görüntülərlə beynəlxalq qurumlara müraciət etməliyik.

Twitter 上的 Tural Abbaslı:"Hər şey güclü Azərbaycan naminə!  https://t.co/biaeHtEtDe" / Twitter

Tural Abbaslı: “Ermənistan Azərbaycanla müharibə etmək gücündə deyil və ölkəmiz əgər müharibəyə başlasa, regionda Ermənistan adlı dövlət olmayacaq”

AĞ Partiya sədri Tural Abbaslı isə qeyd etdi:

“Sərhəddə başlayan hərbi əməliyyatları hələ ki müharibə hesab etmirəm. Çünki Ermənistan Azərbaycanla müharibə etmək gücündə deyil və ölkəmiz əgər müharibəyə başlasa, regionda Ermənistan adlı dövlət olmayacaq. Bunu həm ermənilər, həm də dünya çox yaxşı bilir. Sadəcə, Qərb və Rusiya ipini öz əllərində saxladığı, oyuncaq erməni dövlətini müdafiə etməyə çalışır.

Əlbəttə ki, Azərbaycan özünümüdafiə tədbirlərini görür. Uzun müddətdir ki, ermənilər nəinki Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərindən, hətta Ermənistanın hazırkı ərazilərindən Azərbaycana hücum edir, təxribatlar törədir, ərazidə çalışan işçilərə təhlükə yaradır, həyatlarına qəsd edirlər. Dünyanın heç bir dövləti buna dözüm göstərməzdi, eləcə də Azərbaycan dözüm göstərmədi. Dünyada bunun çox sayda nümunələri var və bu legitim beynəlxalq səviyyədə tanınır. İndi bəzi ağzıgöyçəklər deyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücum edib və sairə, biz heç bir dövlətə təcavüz etməmişik, sadəcə, öz sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün təxribatların qarşısını alacaq hərbi əməliyyatlara başlamışıq.

Həm birinci, həm də ikinci Qarabağ müharibəsində gördük ki, istər Qərb, Rusiya, istərsə də digər ölkələr bu qarşıdurmada Azərbaycanın haqlı mövqeyinin yanında durmadılar. Bunun da  öz subyektiv və obyektiv səbəbləri var. Obyektiv səbəblərdən biri budur ki, Azərbaycanın regionda güclənməsi Türkiyənin regionda güclənməsidir və ölkəmizin terror dövləti ilə birdəfəlik münasibətləri tənzimləməsi Türkiyənin həm də regiona gəlməsi deməkdir. Əgər Türkiyə regiona gəlirsə, təbii ki, burada yüz illik dəngələr dəyişir, Rusiya, İran və dolayısı yolla Avropa sıxışdırılır. Ona görə də Azərbaycan nə qədər haqlı olsa da onun yanında durmağı istəmirlər. Burada həm də xristian təəssübkeşliyi də var. Məlum olduğu kimi, 1-2 istisna ilə dünyanın xristian ölkələri açıq şəkildə Azərbaycanı dəstəkləmədi, əksinə, hətta özünə İslam dövləti deyən İran da hər zaman erməni mövqeyindən  çıxış edir və bu da anlaşılandır. Çünki İran da Azərbaycanın güclənməsini, Türkiyənin regiona gəlməsini istəmir, buna görə də Ermənistana dəstək verir.

Subyektiv səbəb kimi isə onu görürəm ki, Azərbaycan xarici siyasət istiqamətini gücləndirmir, yeni siyasi xətt qoya, dünya ölkələri ilə yüksək səviyyədə işləyə bilmir. Necə olur ki, Avropa Azərbaycan qazını xahiş edir, amma bununla yanaşı, Avropanın ən böyük ölkəsi Fransa ölkəmizin əleyhinədir. Demək ki, artıq diplomatik korpusumuz yetərsizdir. Və yaxud necə olur ki, əhalisinin 40 milyonu eyni millət olan İran Azərbaycanla həmişə qarşı-qarşıya gəlir. Bu da xarici diplomatiyamızın zəifliyindən irəli gəlir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR