Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Milli Məclisində 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam edir. Bu zərfə daxil olan sənədlərdən biri də Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur. Hər il büdcə zərfinə daxil olan sənədlər arasında məhz bu sənəd daha çox dartışılır, ictimai müzakirələrə səbəb olur. Çünki Vergi Məcəlləsinə edilən ən xırda dəyişikliklər belə minlərlə sahibkarın, vətəndaşın büdcəsinə təsir edir.
Hesablama Palatasının 2024-cü ilin büdcə layihəsinə verdiyi rəydən aydın olur ki, növbəti ildə güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğin 3,5 faiz artımı fonunda qeyri neft-qaz gəlirləri də artımla proqnozlaşdırılıb:
“Aparılmış təhlillər artan güzəşt və azadolmalar fonunda qeyri neft-qaz gəlirlərinin qeyri neft-qaz ÜDM-də nisbətinin dinamikasında azalmanın müşahidə olunacağını deməyə əsas verib. Qeyd edək ki, təqdim edilmiş məlumatlara əsasən, növbəti ilin dövlət büdcəsində əhalinin və sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasına, eləcə də sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə hədəflənmiş vergi və gömrük sahəsində müxtəlif istiqamətlərdə güzəşt və azadolmalar proqnozlaşdırılıb. 2024-cü il üzrə yeni siyasət təşəbbüsləri çərçivəsində vergi və gömrük sahəsində təklif olunan əlavə dəyişikliklərin büdcə gəlirlərinə 134,4 milyon manat artırıcı, 25,4 milyon manat azaldıcı təsiri nəzərdə tutulur”.
Qeyd edək ki, bu il Nazirlər Kabinetinin 2023-cü il 15 aprel tarixli 116 nömrəli Qərarı ilə ölkədə istehsalı olmayan 272 adda xammal və materialların idxalı üzrə gömrük rüsumlarının dərəcələri 2024-cü ildən 7 il müddətinə 0-a endirilib. Bu qərar dövlət büdcəsinə daxilolmaları 100 milyon manat azaldır. Həmçinin Nazirlər Kabinetinin 2023-cü il 05 sentyabr tarixli 307 nömrəli Qərarı ilə istehsal fəaliyyətinin stimullaşdırılması məqsədilə idxalda ƏDV-dən azad olunan texnika və avadanlıqların siyahısı təsdiq edilib. Bu qərarla büdcəyə çatası məbləğ daha 25 milyon manat azalır.
Hesablama Palatasının gəldiyi qənaət budur ki, təqdim edilmiş məlumatlara əsasən, sahibkarlar üçün vergi və gömrük qanunvericiliyinə təklif olunan dəyişiklik hesabına formalaşdırılacaq əlavə gəlir idxalda edilmiş güzəştlərin büdcə gəlirlərinə azaldıcı təsirinin kompensasiya edilməsi məqsədini daşıyır:
“Beləliklə, dəyişikliklərin (cari ildə təsdiq edilmiş Qərarlar da nəzərə alınmaqla) dövlət büdcəsində 16,0 milyon manat azaldıcı təsiri nəzərdə tutulur. “Büdcə zərfi”nə əlavə edilmiş sənədlərdə əvvəlki illərdə olduğu kimi növbəti il üçün də güzəştlərin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməməsi fonunda növbəti il üçün vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğlərdə artım müşahidə edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 noyabr tarixli 436 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın 6.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi tərəfindən güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üzrə nəticələrə dair arayışın “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə təqdim edilməsi nəzərdə tutulub, lakin təqdim olunmayıb”.
Palatanın rəyində qeyd olunan məlumata əsasən növbəti ilin büdcə sənədləşməsinə əlavə edilmiş sənədlərə əsasən vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğlər 2021-ci il üçün 6 milyard 521,9 milyon manat, 2022-ci il üçün 7 milyard 630,8 milyon manat, 2023-cü il üçün 8milyard 80 milyon manat, 2024-cü il üçün isə əvvəlki il və cari ilin eyni göstəriciləri ilə müqayisədə müvafiq olaraq 731,2 milyon manat və ya 9,6 faiz, 282,0 milyon manat və ya 3,5 faiz çox olmaqla 8 milyard 362 milyon manat təşkil edir ki, bu da dövlət büdcəsinə hesablanmayan məbləğlərin artmasını göstərir. Bu il büdcə zərfində Vergi Məcəlləsinə ediləcək bir dəyişiklik isə ekspertlərin ciddi narahatlığına səbəb olub. Söhbət mikro-sahibkarlıq subyektləri ilə bağlı təklif olunan dəyişiklikdən gedir.
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, dəyişiklik mikro-sahibkarların gəlir vergisinə tətbiq olunan 75 faizlik güzəştin ləğv olunmasını nəzərdə tutur:
“Bir neçə il əvvəl Vergi Məcəlləsinə belə bir dəyişiklik (218.5.10-cu maddə) edildi ki, əgər sahibkar əhaliyə yox, hüquqi şəxslərə (yəni biznes subyektlərinə) xidmət edirsə, bu halda hətta dövriyyəsi etibarı ilə (illik 200 min manatdan aşağı) mikro-sahibkar olsa belə, sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Bu halda həmin subyekt avtomatik 20 faizlik gəlir vergisinin ödəyicisi sayılır. Amma elə vaxt Məcəlləyə belə bir müddəa (102.1.30-cu maddə) əlavə edildi ki, qanunvericiliyə uyğun gəlirlərin və xərclərin uçotunu aparan mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarların əldə etdiyi gəlirinin 75 faizinə vergi güzəşti tətbiq olunur. Yəni 20 faizlik vergi şkalası mikro-sahibkarlar üçün 5 faizə endirilir. İndi məhz həmin maddəyə belə bir dəyişiklik təklif edilir ki, əgər mikro-sahibkarın 3 nəfər muzdlu işçisi yoxdursa, avtomatik gəlirləri 20 faizlə vergiyə cəlb olunacaq.
Bu yanaşmada absurd olan çoxlu məqamlar var. Birinci absurd odur ki, Nazirlər Kabinetinin 556 saylı (21.12.2018-cil) qərarı ilə təsdiqlənən meyarlara görə, 1 nəfərdən ibarət sahibkarlıq subyekti də mikro-sahibkar sayıldığı halda (illik gəlirin 200 min manatdan aşağı olması şərtilə), vergi orqanı 3 nəfər muzdlu işçi saxlayan sahibkara güzəşt verir, amma 1 və 2 nəfərdən ibarət olanı bu hüquqdan məhrum edir. Məntiqlə və adından görünüyü kimi, mikro-sahibkar kifayət qədər xırda (həm dövriyyə, həm də işçi qüvvəsi etibarı ilə) subyekt olmalıdır. Yəni Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdəki şərtlər bəlkə kiçik subyektlər üçün keçərli ola bilər.
İkinci absurd odur ki, dünyanın heç bir normal ölkəsində aşağı gəlirli, çevik iş yeri yaradan, özünün və ailəsinin məşğulluğunu təmin edən mikro-sahibkarları bu qədər ağır vergi yükü altında əzmirlər. Əgər bu dəyişiklik qəbul ediləcəksə, sosial ödənişləri də nəzərə alsaq, söhbət az qala 30 faizlik vergi yükündən gedəcək.
Üçüncü absurd odur ki, neçə illərdir kiçik və orta sahibkarlığın təşviqindən, dövlət himayəsindən danışanlar vergi yükünü ildən-ilə artıra-artıra bu təbəqəni maksimum sıradan çıxarmaqla məşğuldurlar. Vergi sistemi mühasib hesablamaları ilə yox, makroiqtisadi siyasətin hesabları ilə qurulmalıdır, maraq qrupları ilə ciddi məsləhətləşmələr əsasında formalaşdırılmalıdır”.
Hökumət bu güzəşti niyə ləğv edir? Ekspert bildirir ki, çox güman arqumentlərdən biri budur ki, iri dövriyyəsi olan sahibkarlar öz fəaliyyətlərini 3-5 işçisinin adına açdığı VÖEN-ə rəsmiləşdirərək 15 faizlik göydəndüşmə güzəştdən 10 minlərlə vəsait qazana bilir:
“Bu realdırmı? Realdır, amma ağrıyan başı kəsmirlər, ağılla müalicə edirlər. Bəs yeni mexanizm bunun qarşısını alacaqmı? Çətin, çünki bunu əvvəl edən və bəhrəsini görənlər üçün 3 nəfər muzdlu işçidən ibarət 2-3 mikro-sahibkar subyekti yaratmaq yenə də problem olmayacaq. Yəni onlar 5 faizlik vergi güzəştindən yenə də bəhrələnəcəklər. Ortada beli qırılan elə mikro-sahibkarlar olacaq ki, məhz onların işinin xarakteri fərdi (1 nəfərlik) iş qurmağı tələb edir. Məsələn, İT mütəxəssisləri, dizaynerlər, araşdırma və tədqiqat xidməti göstərən müxtləif sahə ekspertləri. Yekə-yekə dövriyyəsi olan subyektlər yenə də yol tapıb döviyyələrini 3 nəfərlik işçilər arasında bölüşdürüb 3-5 VÖEN-lə 5 faizlik güzəştdən bəhrələndiyi halda, sadaladığım şəxslər 20 faizlik vergi yükü altına əziləcəklər.
Burda çıxış yolu varmı? R.Ağayev deyir ki, var:
“Qeyd elədiyim spesifik xidmətlər üzrə aylıq və illik dövriyyə müəyyən edilə və onlar işçi sayı əsas götürülmədən 5 faizlik güzəştdən bəhrələnə bilər. Məsələn, aylıq, 3000 manat, rüblük 10 000 manat və ya illik 40 000 manat hədd müəyyən edilməsi mümkün çıxış yollarından biri ola bilər”.
Dövlət Statistika Komitəsinin ən son açıqladığı statistikadan aydın olur ki, Azərbaycanda 1 aprel 2022-ci il tarixinə ə 142 883 mikro-sahibkarlıq subyekti olub. Bu mikro-sahibkarlıq subyektlərinin 65 faizi, yaxud 93 775-i Bakıda, 6.9 faizi, yaxud 11 mini Abşeron-Xızı iqtisadi rayonunda və 6 min 81-i, yaxud 4.3 faizi Lənkəran-Astara iqtisadi rayonunda qeydiyyatdadır.
Dünya SAKİT,
“Yeni Müsavat"
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ