İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi Fransanı necə “rüsvay” etdi...

Uşaqdan da soruşsanız, deyəcək ki, 3:0 məhəllə futbolunda da “krupnoe porojeniye” sayılır-bəs, Azərbaycan millisi niyə sevinir?

Azərbaycan millisinin oktyabrın 10-da Fransa ilə qarşılaşmasında qeydə alınan nəticə(3:0) əslində Didye Deşamın komandasında ciddi problemlər olduğunu göstərdi. Azərbaycan milli komandasının üzvləri daxil nəticələyə görə sevinənlər var. Sanki onları hələ təbrik də etməliyik ki, nə yaxşı cəmi 3 top buraxdınız, sizə afərin, məşqçilərə də “beş”...

Son illər tam iki hissədə 5 müdafiəçi ilə oynayan nə klub, nə millinin oyununa baxdığımı xatırlayıram. Hətta arada 6-lıq müdafiəyə keçdiklərini də gördüm. Müasir futbolda heç dünya çempionatının finalında qalib komanda nəticəni qorumaq üçün belə müdafiə sistemi qurmur. Çünki belə nə futbol olur, nə də müdafiə. Təsəvvür edin, Azərbaycan millisi 95 dəqiqə ərzində yalnız bir dəfə qapı istiqamətinə zərbə vurdu, topa nəzarət 70-30 nisbəti idi. Niyə axı? Uşaqdanda da soruşsanız deyəcək ki, 3:0 məhəllə futbolunda da “krupnoe porojeniye” sayılır. Bütün əlamətləri ilə Azərbaycan millisi vaxtilə uduzduğu Fransadan yenə də 10 top “yeməmək” üçün meydana çıxmışdı, buna da nail oldular. Fransa isə “rüsvay” oldu, Deşamın matçdan sonra belə dedi: “Elementar oyun idi, 7 qol imkanımız var idi, 3-nü vurduq, ona görə sevincimdən uça bilmirəm”.

Oyun gedərkən bir faktı dəqiqləşdirdim. Fransa millisinin oyunçularının toplam qiyməti ötən illə müqayisədə sən demə, bir neçə milyon azalıb. Fransa millisindəki oyunçuların toplam dəyəri 1 milyard 15 milyon avrodur. Bir il əvvəl isə bu rəqəm 1milyard 124 milyon idi. Azərbaycan millisinə qarşı oynayanlar arasında TOP-5 klublara məxsus oyunçular vardı, məsələn, dünən ümumiyyətlə “bir qəpiklik” oyun göstərməyən Mixael Olisenin transfer qiyməti 100 milyon avrodur. Oyundan əvvəlki mətbuat konfransında Azərbaycan millisinə bəlkə də 6 qol vuracağı haqda yekə-yekə bəyanat verən Mbappenin(cəmi 1 top vurdu) bazar qiyməti 180 milyon avrodur. Qapımıza ikinci qolun müəllifi Rabo “Milan” da oynayır və Fransa millisinin heyətində ən ucuz futbolçudur-cəmi 20 milyon avro. Azərbaycan milli komandasının oyunçuları belə bahalı futbolçuları meydanda görməsi, onlardan nəyisə öyrənməsi təcrübə baxımından yaxşıdır. Elə millinin oyunçuları da Fransanı necə tərifləyiblərsə, adam bilmir, bunlar meydana onlara qarşı oynamağa çıxmışdılar, yoxsa onların necə gözəl oyunçu olmalarına baxmağa. Millinin təcrübəli kapitanı Emin Mahmudov görün, nə deyib: “ Kilian Mbappe bizi çox rahat keçirdi”. O keçidi həqiqətən, bütün dünya gördü, matçda da ən yaddaqalan epizodlardan biri o idi.Amma Mbappenin də iki ayağı var, onlarla oynayır. Əgər millinin oyunçuları bu cür yanaşma ilə meydana çıxırlarsa, heç bir inkişaf olmayacaq. Bəhlula hallal olsun, “Qarabağ” da da, milli də də heç vaxt rəqibin məşhurluğu qarşısında geri çəkilmir, o yorulandan sonra müdafiədə səhvlər çox oldu.

Ayxan Abbasov hansı məntiqlə öz klubunda meydana buraxılmayan (məhz buraxılmayan!) Mahiri 70-80 dəqiqə oyunda saxladı, anlamaq mümkün deyil. Mahir zatən son illər oynadığı klub bir yana, millidə çox zəif çıxış edir, heç olmasa onun yerinə başqa bir oyunçuya şans ver, məsələn, o da Mbappeni yaxından görsün. Heç bir millidə klubunda oynamayan oyunçunu meydana buraxmaz. Razıyam ki, Ayxan Abbasov klublarımızda oynayan yerli futbolçuları yaxşı tanıyır, amma bu seçimlər yaxşı olduğu demək deyil.

Santuş ilk dəfə millini meydana çıxaranda da yazmışdım ki, portuqaliyalı heyətlə işləyən məşqçidir. Yazmışdım ki, Bruno Fernandesi, Bernardo Silvanı, Joao Marionu Portuqaliya millisi üçün o yetişdirməyib, bu futbolçular oynadıqları klublarda püxtələşiblər. Ona görə Santuşdan nəticə istəməzdən öncə ona müasir futbolu oynaya bilən, bu tələblərə fiziki olaraq cavab verən futbolçular verməliyik. İndi milliyə rəhbərlik üçün xeyli təcrübəsiz, amma yerli mütəxəssis Ayxan Abbasovdan da nəticə istəməzdən əvvəl, ona oynayan bilən futbolçu vermək lazımdır. “Qarabağ”dan 7 oyunçu milliyə cəlb etmək olar, amma onlar da təbii ki, klublarından aşağı səviyyədə oyun göstərirlər.

Azərbaycan millisi kimi komandalara istənilən turnirlərdə 3 xal olaraq baxırlar. Fransa və ya digər komandalar üçün hesabın 1:0 və ya 10:0 olmasının indilikdə prinsipial fərqi yoxdur, top fərqinə lap sonda ehtiyac yaranarsa, baxırlar. Yəni deməyim budur ki, biz millinin Fransa ilə oyununa “nə yaxşı, böyük hesabla uduzmadıq” deməklə təskinlik tapmamalıyıq, üç xalq itkisi kimi qiymətləndirməliyik.

İslandiyanı səfərdə məğlub edən Ukrayna millisi oktyabrın 13-də Azərbaycandan Bakıdakı heç-heçəyə görə revanş götürmək istəyir. Görək...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR