Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin yanvar ayının sonunda Tramp administrasiyası Ukrayna hökumətinə qeyri-müəyyən sayda üçüncü ölkə vətəndaşının ABŞ-dan deportasiyasını qəbul etməyi təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Təklif ABŞ-ın yüksək rütbəli diplomatı vasitəsilə çatdırılıb. Sənədlərdə Kiyevin bu təklifə necə reaksiya verdiyi barədə məlumat yer almır. Yalnız bir Ukrayna diplomatı ABŞ səfirliyinə bildirib ki, məsələ ilə bağlı rəsmi mövqe formalaşdırıldıqdan sonra cavab veriləcək.
Situasiyadan xəbərdar olan iki ukraynalı məmur “The Washington Post”a bildiriblər ki, bu məsələ ali səviyyədə müzakirə olunmayıb.
Onlardan biri ABŞ-ın deportasiya təklifinə dair hər hansı “siyasi tələb” irəli sürdüyündən xəbərsiz olduğunu deyib.
Qəzetin dəqiqləşdirməsinə görə, Ukrayna hələlik ABŞ-dan deportasiya olunmuş üçüncü ölkə vətəndaşlarından heç birini qəbul etməyib.
“The Washington Post” bu təklifi “qeyri-adi” adlandırır, çünki Ukraynada hələ də hərbi əməliyyatlar davam edir.
Qəzetin məlumatına görə, bəzi ölkələr - o cümlədən, Salvador, Meksika, Kosta-Rika və Panama - ABŞ-dan deportasiya olunan üçüncü ölkə vətəndaşlarını qəbul etməyə razılıq veriblər. Tramp administrasiyası bu razılığı əldə etmək üçün bəzi ölkələrə maliyyə kompensasiyası təklif edib, digərlərini isə məsələn, ticarət rüsumları ilə hədələyib.
Qəzet əlavə edir ki, Tramp administrasiyası prezidentliyinin ilk ilində ABŞ-dan bir milyon qeyri-qanuni miqrantın deportasiyasını planlaşdırır. Bu rəqəm Barak Obamanın prezidentliyi dövründə (2009–2017) bir ildə deportasiya olunmuş 400 min nəfərlik əvvəlki rekordu xeyli üstələyir.
Lakin “The Washington Post”un danışdığı analitiklər bu hədəfi reallıqdan uzaq sayır, çünki onun həyata keçirilməsi üçün yetərli maliyyə və hüquq-mühafizə resursları ayrılmayıb.
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ