İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbovun Azərbaycana xəyanəti - ŞOK FAKT ÜZƏ ÇIXDI

“Bu kitabın nəşri son vaxtlar Vasif Talıbovun İranla əlaqələrinin olduğu ilə bağlı səsləndirilən fikirləri, arqumentləri daha da gücləndirir. Bu faktlar onu deməyə əsas verir ki, Vasif Talıbov Azərbaycanın milli maraqlarına deyil, İranın maraqlarına xidmət edib”.

Bunu Musavat.com-a açıqlamasında “TNS” İnformasiya Agentliyinin direktoru Tural Səfərov 2018-ci ildə Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun tapşırığı ilə “Əcəmi” Nəşriyyatında çap olunan, İranın Azərbaycan əleyhinə yönələn xarici siyasətindən bəhs edən kitab barədə danışarkən deyib.

tural.jpg (160 KB)

Tural Səfərov bildirib ki, “Keçid dövrünün beynəlxalq əlaqələri keçmiş Qərb dünyasında” adlı kitabın müəllifləri İran İslam Respublikasının sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif, İranın tanınmış alimləri Seyyid Məhəmməd Kazım Səccədpur və İbadullah Movlayidir. Kitabı AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazov tərcümə edib.

kitab.jpeg (124 KB)

Onun sözlərinə görə, bu kitabın nəşr edilməsinin məqsədi İranın həyata keçirdiyi xarici siyasətin dünya ictimaiyyətinə daha geniş şəkildə izah edilməsidir. Müəlliflərin elmi əsər adlandırdıqları kitabda İranın gələcək hədəflərinin konturları cızılıb.
“Kitabda qeyd olunub ki, İran regionda və dünyada güc mərkəzlərindən birinə çevrilməyi qarşısına məqsəd qoyub. Bunun üçün bütün vasitələrə, hətta kitabda qeyd edildiyi kimi, cəza tədbirlərinə əl atmaqdan da çəkinmir. Bu zaman sual yaranır. İranın güclənməsi kimə sərf etmir? Əlbəttə ki, ilk növbədə, Azərbaycana. İran gücləndikcə Azərbacanı daha zəif görmək istəyəcək və ölkəmizi öz təsir dairəsinə samağa çalışacaq. Bu proses Azərbaycanın müstəqil siyasət aparmasının qarşısını ala, bütöv və böyük Azərbaycanla bağlı planlarımızı poza bilər. Ona görə də İranın xüsusilə regional gücə çevrilməməsi üçün əlimzidən gələni etməliyik”, - jurnalist bildirib.

Tural Səfərov deyib ki, kitabda İranın xarici siyasətinin perspektivləri, molla rejiminin hədəfləri ilə bağlı ətraflı təhlil aparılıb: “İranın xarici siyasətində Azərbaycana düşmənçilik siyasəti aparması artıq hər kəsə agahdır. İran illərdir ki, Ermənistanı himayə edir, bu ölkənin yaşaması üçün nəfəslik rolunu oynayır. Torpaqlarımız erməni işğalı altında qalanda, dini abidələrimiz təhqir olunada İran heç vaxt səsini çıxarmayıb, buna göz yumub. İran istəyir ki, Azərbaycanın başı müharibəyə qarışsın, ölkəmiz güclənməsin. Çünki Quzey Azərbaycanın güclənməsi, qüdrətli bir dövlətə çevrilməsi Güneyin də müstəqil olmaq, yaxud Azərbaycan dövlətinə birləşmək üçün sistemli şəkildə mübarizəyə başlamasına gətirib çıxara bilər”.

“Son vaxtlar ölkədə keçirilən əməliyyatlar bir daha sübut etdi ki, İran Azərbaycanda daxili sabitliyi pozmaq üçün geniş casus şəbəkəsi yaradıb”, deyən Tural Səfərov bildirib ki, İran Azərbaycana dost ölkə deyil. Bu, son günlər ölkəmizdə müxtəlif səviyyələrdə də dilə gətirilir.

“Bütün bunları təhlil etdikdən sonra ciddi suallar ortaya çıxır. Azərbaycana dost olmayan ölkənin bizim əleyhimizə yönələn xarici siyasətindən, gələcək hədəflərindən bəhs edən kitabın tərcüməsi və nəşri Vasif Talıbovun nəyinə lazım idi? Vasif Talıbov nəyə görə dövlət vəsaitini sərf edərək İranın sabiq xarici işlər nazirinin də həmmüəllifi olduğu belə bir kitabın nəşri və muxtar respublikanın kitabxanalarına göndərilməsi ilə bağlı tapşırıq verib?

Bu kitabın nəşri son vaxtlar Vasif Talıbovun İranla əlaqələrinin olduğu ilə bağlı səsləndirilən fikirləri, arqumentləri daha da gücləndirir. Bu faktlar onu deməyə əsas verir ki, Vasif Talıbov Azərbaycanın milli maraqlarına deyil, İranın maraqlarına xidmət edib. Fikrimizcə, bunlar çox ciddi faktlardır və araşdırılmalıdır”, - jurnalist əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR