İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kənd Təsərrüfatı Naziriyinin, Ali Məhkəmənin Bakıda nə işi var?!” - Bakını necə boşaldaq?

"Bakının yükünün azaldılması müstəqillik illərindən bəri dəfələrlə ictimai müzakirələrə çıxarılmış bir məsələdir. Paytaxtımızda bu qədər sıxlığın yaranması pis nəticədir. Səbəb isə ondan ibarətdir ki, Bakı və Abşeron Azərbaycanın əsas iqtisadi məkanına çevrilib. Ona görə də Bakı bu qədər böyüdü. Ölkə əhalinin az qala yarısı burada işləyir”.

Bunu Musavat.com-a iqtisadçı ekspert Natiq Cəfərli paytaxtın Bakıdan köçürülməsi ilə bağlı cəmiyyətdə gedən müzakirələri şərh edərkən deyib.

Onun sözlərinə görə, şəhərin hədsiz yüklənməsi bütün iqtisadi, elmi potensialın Bakı və Abşerona cəmlənməsidir.

natiq.jpg (226 KB)

“Paytaxtın köçürülməsi üçün 10 milyardlarla dollar lazımdır. Bu, çox bahalı layihə olacaq.

19-20-ci əsrlərdə paytaxt şəhərlər ölkənin sərhəd yerlərində deyil, mərkəz hissələrində salınırdı. Paytaxtın sərhədlərdən kənar olması daha məntiqlidir. Lakin Azərbaycanda bu şərtləri qəbul etsək, məkan təxminən Kürdəmirə gəlib düşür. Orada da paytaxt salmaq çətindir. Su resursları, iqlim şəraiti uyğun gəlmir.

Türkiyədə paytaxtın Ankaraya köçürülməsində bu konsepsiya önəmli rol oynadı. Lakin Azərbaycanın ərazisi elə böyük deyil ki, təhlükəsizlik nöqteyi-nəzərindən paytaxtı harasa köçürək.

Paytaxt köçürülmədən də Bakının yükünün azaldılması mümkündür. Bunun üçün qızıl bir fürsət açılıb. İğladan azad edilmiş ərazilərimiz var, Şərqi Zəngəzuru və Qarabağı sıfırdan qurmaq mümkündür. Elə konsepsiya yaratmaq lazımdır ki, mədəni və iqtisadi fürsətlər insanaların orada yaşamasına imkan versin və həmin ərazilərə güclü köç başlasın. İki milyon əhalini azad olunmuş ərazilərə köçürə bilərik.

İnzibati üsullar da var. Bunlardan biri də böyük universitetlərin Bakıdan çıxarılaraq bölgələrə köçürülməsidir. Bunun üçün kompleks yanaşma olmalıdır. Müəllimlər üçün orada evlər tikilməli, maaşları yüksəldilməli, tələbə şəhərciyi salınmalı və s.
İlkin addım olaraq Xankəndidə Qarabağ Universiteti yaradıldı. Bu çox yaxşı hadisədir, amma kifayət etmir.

Bəzi nazirlik və dövlət idarələrinin köçürülməsi də lazımdır. Kənd Təsərrüfatı Naziriyinin, Ali Məhkəmənin və ya Konstitutsiya Məhkəməsinin Bakıda nə işi var?!

Bölgələrə köçürülsə, bu, gediş-gəlişi artırar və iqtisadi fürsətlərin, iş yerlərinin yaranmasına yardımçı olar. Digər dövlət idarələrinin də Bakıdan köçürülməsi mümkündür. Bu həm Bakının yükünü azaldar, həm də regionların inkişafına təkan verər. Niyə, Bakı kimi Gəncə, Xankəndi milyonluq şəhər olmasın.

Bunun maraqlı nümunəsi Gürcüstanadır. Kutaisi çox kiçik şəhər idi. 20 il bundan öncə Gürcüstan hökuməti Kutaisini regional ucuz uçuş mərkəzi elan etdi. Daha sonra isə parlamenti ora köçürdü. Bu iki məsələyə görə Kutaisinin əhalisi iki dəfəyə qədər artıb. Böyük bir şəhərə çevrilmək üzrədir. Bu tip qərarlarla Bakının yükünü azaltmaq mümkündür”.

Şahanə Rəhimli,
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR