Onlayn ictimai-siyasi qəzet
“Ruben Vardanyanın vaxtilə pul verdiyi adamlar var. Ola bilər ki, həmin adamları nəzarətdə saxlayır. Bunun Ermənistan rəhbərliyi tərəfindən təşkil olunmasına inanmıram”.
Bu fikirləri Musavat.com-a Azad Vətən Partiyasının sədri Akif Nağı rusiyalı milyarder Ruben Vardanyanın Nobel Sülh mükafatına namizəd göstərilməsini şərh edərkən deyib.
A.Nağı təşəbbüsü gülünc adlandırıb:
“Ruben Vardanyanın xeyriyyəçi, humanitar fəaliyyəti ilə bağlı ondan sülh göyərçini düzəltmək istəyirlər. Bu isə gülüncdür. O, hər zaman Azərbaycana qarşı aqressiv çıxış edib, separatçı-terrorçu mövqeyində olub. Bu cür adamın Nobel sülh mükafatına təqdim olunması mükafatın özünün təhqir olunması deməkdir. Bu təşəbbüsü irəli sürənlər Nobel mükafatına hörmətsizlik edirlər. Azərbaycan öz mövqeyini çatdırmalıdır ki, oyunbazlıq etməsinlər. Yəqin ki, bunun heç bir nəticəsi olmayacaq. Təşkilat komitəsinin üzvləri nə qədər xristianpərəst olsalar da, təşəbbüsün müsbət nəticələnməsi inandırıcı deyil. Təşəbbüsü irəli sürənlər özlərini növbəti dəfə gülünc vəziyyətinə qoyurlar”.
A.Nağı hesab edir ki, R.Vardanyan haqqında müsbət imic yaratmağa çalışırlar:
“Vardanyanı sülhpərvər, humanist kimi təqdim etməyə çalışırlar, guya Azərbaycan onu nahaq yerə həbs edib. Bundan öncə də Avropada pulla çalışan komitələr, qruplar bu mövqedən çıxış ediblər. Həm onlara verilən vəsaitə görə çalışdıqlarını göstərmək üçün səs-küy salırlar, həm xristian təəssübkeşliyini göstərirlər, həm də ermənilərə xidməti özlərinə borc bilirlər. Hər halda biz diqqətli olmalıyıq. Əgər ehtiyac olarsa, Azərbaycan Nobel sülh komissiyasına məlumatları göndərməlidir. Bu təşəbbüsün onların özlərinə qarşı çevrilməsinə çalışmalıyıq”.
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ