İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner” Şimali Koreyadan silah alıb

Moskvaya bağlı “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) Ukraynadakı Rusiya qoşunlarını dəstəkləmək üçün Koreya Xalq Demokratik Respublikasından (KXDR) silah partiyası alıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bildirib.

“Biz təsdiq edə bilərik ki, Şimali Koreya avadanlıqların ödənişini edən “Vaqner” şirkətinə ilkin silah tədarükünü başa vurub. Ötən ay Şimali Koreya “Vaqner” tərəfindən istifadəsi üçün Rusiyaya raket və mərmilər çatdırıb”, - o bildirib.

ABŞ-ın qiymətləndirməsinə görə, KXDR-in tədarük etdiyi silahların sayı Ukraynadakı hərbi əməliyyatların dinamikasını dəyişməyəcək.

“Lakin biz Şimali Koreyanın “Vaqner”ə daha çox hərbi texnika tədarük etməyi planlaşdırmasından narahatıq”, - Ağ evin nümayəndəsi əlavə edib.

Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.

2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada vəziyyəti sabitləşdirməkdə, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-ə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.

Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR