Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşı Rusiyanı "savaş bataqlığı"na salmışdı, dünyanın ərazicə ən nəhəng ölkəsinin imicini ciddi şəkildə korlamışdı. Rusiyanın hərbi-siyasi gücü və qüdrəti ilə bağlı mifləri dağıdıb, yerlə-yeksan eləmişdi. Və Kreml son dövrlərdə ölkəni xilas etməyin mümkün yollarını axtarırdı.
Ancaq "Vaqner"in yarımçıq qalmış hərbi qiyamı Rusiyanın düşdüyü durumu daha da qəlizləşdirdi. Düzdür, Kreml müvəqqəti də olsa, təhlükəni uzaqlaşdırmağa nail oldu. Ancaq mövcud problemləri həll etməyi bacarmadı. Və yaxın vaxtlarda növbəti hərbi çevriliş cəhdinin baş verməyəcəyinə qətiyyən təminat yoxdur.
"Vaqner"in hərbi qiyamı Rusiyanın bir çox təhlükəli problemlərini tam şəkildə üzə çıxartmış oldu. Üstəlik, bu, azmış kimi, əlavə, həm də daha ağır problemlər yaratdı. Məlum oldu ki, Ukrayna savaşı yalnız Rusiyanı bir dövlət kimi deyil, həm də onun siyasi hakimiyyət sistemini də ciddi şəkildə zəiflədib. Yəni, müxalifətin boğularaq, sıradan çıxarıldığı Rusiyada hərbi qiyamların baş verməsi üçün münbit şərait mövcuddur. Hər halda, artıq Rusiyada hərbi müxalifət sektoru da peyda olmağa başlayıb.
Putin hakimiyyətinin gücsüzlüyü, ölkəyə artıq tam nəzarət edə bilmədiyi də birmənalı şəkildə ortaya çıxdı. "Vaqner"in hərbi qiyamı prezident Vladimir Putinin barəsində mövcud olan "qətiyyətli və vahid lider" mifini dağıtdı, Kreml sahibinin siyasi imicini korladı, avtoritetni zədələdi, xarizmasını bitirdi. İndi Kreml sahibinin öz siyasi iradəsini Rusiya cəmiyyətinə, hətta rus hərbi-siyasi elitasına əvvəlki kimi diqtə etməsi çətin olacaq.
Rusiya siyasi elitası "Vaqner"in qiyamından xeyli öncədən parçalanmışdı. Hərbi qiyam bu parçalanmanı həm təsdiqlədi, həm də dərinləşdirib, ciddi problemə çevrildi. Çünki indi prezident Vladimir Putin rus siyasi elitasındakı mənfəət qruplaşmaları arasında əsas balans faktoru rolundan uzaqlaşmaq üzrədir. Və hərbi qiyam zamanı rus elitasının davranışları Kreml sahibi üçün real təhlükənin mövcud olduğunu göstərir.
Məsələ ondadır ki, "Vaqner"in qiyamı rus siyasi elitasının dəstəyi olmadan baş verə bilməzdi. Böyük ehtimalla rus elitasında bəzi qruplaşmalar daxili çəkişmə zəminində "Vaqner" ilə ziddiyyətlərin dərinləşməsinə nail ola bilmişdilər. Eyni zamanda qiyama səhnə arxasından dəstək verməyə çalışırdılar. Əks halda, "Vaqner"in rəhbəri Yevgeni Priqojin siyasi elitadan ilkin təminatlar almadan belə bir dövləti cinayətə cəsarət etməzdi.
Digər tərəfdən, hərbi qiyam öz siyasi karyerası dövründə prezident Vladimir Putini ilk dəfə çarəsiz və aciz duruma düşürdü. Bəzi KTMT üzvləri Rusiyada baş verənləri bu ölkənin daxili işi elan edərək, müttəfiqlik dəstəyi göstərməkdən yayındılar. Halbuki, bu problemin həllində yenə də Kreml sahibinin ölkədaxili siyasi təsir mexanizmləri rol oynamadı.
Məsələ ondadır ki, "Vaqner"in rəhbəri Yevgeni Priqojin ilə danışıqları məhz Belarus prezidenti Aleksandr Lukaşenko reallaşdırdı. Bu baxımdan, hesab etmək olar ki, "Batka" özünə həmişə yuxarıdan aşağı baxan Kreml sahibini ipin ağzından aldı. İndi Rusiya prezidenti Vladimir Putin "Batka"ya borcludur və onun kaprizlərinə hazır olmalıdır.
Digər önəmli məqam odur ki, Rusiya prezidenti prinsipial dövlət lideri imicini də itirdi. Çünki Kreml sahibi xalqa müraciətində Yevgeni Priqojinin və "Vaqner"in Rusiyaya xəyanət etdiyini və cəzalandırılacaqlarını bildirmişdi. Hətta qiyamçılar barəsində vətənə xəyanət ittihamları ilə cinayət işləri açılmışdı. Və hələlik ciddi nəticələri tam görünməsə də bu, gələcəkdə Rusiyada əlavə problemlər yarada bilər.
Məsələ ondadır ki, "Batka"nın Yevgeni Priqojin ilə anlaşmasından sonra həmin cinayət işlərinin ləğv edildiyi bildirilir. Ona görə də, Rusiya dövlətlətçiliyi indi növbəti hüquqi ziddiyyətlərə doğru irəliləyir. Çünki Kreml sahibinin səhər vətənə xəyanətdə ittiham etdiyi hərbi qiyamçılar barədə qərarın həmin gün axşam dəyişdirilməsi hüquqi-siyasi böhran anlamı daşıyır.
İndi Kreml sahibi Yevgeni Priqojinin və "Vaqner"in qiyamçı üzvlərinin Rusiyaya xəyanət edib-etmədiyini daha inandırıcı arqumentlər ilə izah etməyə borcludur. Əks halda, Rusiya cəmiyyətində bu məsələ uzun müddət müzakirə edilər. Və Rusiya vətəndaşları prezident Vladimir Putinin aciz duruma düşərək, "Vaqner"in qarşısında geri çəkildiyi, hətta təslim olduğu qənaətinə gələ bilərlər.
Ancaq "Vaqner"in cəmisi iki gün ərzində Rusiyaya və onun dövlət liderinə vurduğu sarsıdıcı hərbi-siyasi zərbələr yalnız bunlarla məhdudlaşmır. Belə ki, indi bütün dünya Rusiyada siyasi elita ilə yanaşı, hərbi sektorun da ciddi parçalandığından əmindir. Hər halda, bu ölkədə ən azından iki hərbi güc mərkəzinin olduğuna şübhə etmir. Üstəlik, həmin hərbi güc mərkəzləri - Rusiya ordusu və "Vaqner" arasında kəskin ziddiyyətlər mövcuddur. Və belə vəziyyətdə Rusiyanın Ukrayna savaşında uğur qazanması reallıqdan uzaq görünür.
Məsələ ondadır ki, Rusiyanın hərbi sektorunda güc mərkəzlərinin artma ehtimalı indi daha çox inandırıcıdır. Hər halda, yaxın vaxtlarda Kremldən narazı olan hansı rus generalın öz hərbi hissəni Rusiya ordusundan qoparıb, paytaxt Moskvaya yürüş etməyəcəyinə yəqin ki, heç Kreml sahibi özü də əmin ola bilməz. Və Rusiya tarixində belə hadisələrin örnəkləri kifayət qədərdir.
Göründüyü kimi, "Vaqner"in hərbi qiyamı zərərsizləşdirilsə də, Rusiyanın gələcək xaos və vətəndaş müharibəsi təhlükəsindən xilas olduğunu düşünmək hələ çox tezdir. Çünki Kreml hazırda problemi müvəqqəti həll etmiş kimi görünür. Üstəlik, "Vaqner" Kremlə yeni problemlər də "hədiyyə" edib. Rusiyanın hərbi-siyasi elitası ciddi şəkildə parçalanıb. Kremlə yaxın sosial media resursları Rusiya cəmiyyətini israrla prezident Vladimir Putinin ətrafında birləşməyə çağırırlar. Və bu, rus elitasında parçalanmanın böhranlı həddə çatdığını göstərir.
Eyni zamanda Rusiya sosial media resursları etibarlı mənbələrə istinadən "Vaqner"in hərbi qiyamı zamanı rus elitasında bəzi qruplaşmaların prezident Vladimir Putini hakimiyyətdən kənarlaşdırmağa çalışdıqlarını da iddia edirlər. Həmin iddialara görə, əgər, hərbi qiyam bir neçə gün uzansaydı, prezident Vladimir Putinin devrilməsi qaçılmaz olacaqdı. İndi Kremldə "Vaqner"in hərbi qiyamına bulaşmış qruplaşmalarla Kreml sahibinə hələlik sadiq olanlar arasında amansız mübarizənin başladığı bildirilir. Və yaxın vaxtlarda bu daxili siyasi savaşın nəticələri açıq müstəvidə ortaya çıxa bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ