İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlərin məktəblərə pul verməsi üçün pilot layihə hazırlandı

Ekspert: “Axı niyə təmtəraqlı villalarda yaşayan hansısa məzun öz məktəbinə dəstək olmasın?”

Dərs ilinin açılması heç bir ay deyil, amma məktəblərdə valideynlərlə müəllimlər, direktorlar arasında gərginlik hökm sürür. Valideynlər fond pulunu ödəməkdən imtina edir, buna narazılıq edirlər. Bizimlə söhbətdə valideyn Nərmin Əliyeva bunları deyir: “Mən özüm valideyn komitəsinin rəhbəriyəm.

Bu il valideynlər narazılıq etdik ki, biz mühafizəçi, xadimə üçün pul ödəmək istəmirik. Axı nəyə görə biz onun ödənişini etməliyik. "A4" kağızı üçün, təmir üçün pul veririk. Amma bunu etmək kimi öhdəliyimiz yoxdur. Məktəbdə o gün uşaq itmişdi, o mühafizəçinin heç xəbəri oldumu?! Uşaqlara nəzarət etmirsə, üzünü görmürüksə, o, bizim nəyimizə lazımdır! Onsuz da müəllim uşağımızı ötürür, biz də çöldən götürürük. Bir sözlə, etirazdan sonra iclas oldu, məktəb rəhbərliyi bizimlə şərt kəsdi. Dedilər ki, əgər mühafizəçi olmasa, uşaqlarınız ikinci növbədə oxuyacaq. Bizi az qala “şantaj” etdilər. Bundan sonra əlacsız qaldıq. Əlimizdə mühafizəçiyə hər ay verilən “900 manatlıq” çeklərin şəkli də var, lazım gəlsə sübut edə bilərik. Açığı, bu məbləğin tam olaraq onlara verildiyinə də inanmırıq". 

Digər valideyn Könül İsmayılova isə nazir Emin Əmrullayevin “valideynlər könüllü ianə edə bilərlər” fikrinin özünü doğrultmadığını deyir: “Birincisi, məktəblərdə könüllülük prinsipi qorunmur. Məktəbdən hökmlə bizdən pul istəyirlər. İkincisi də, nazir imkanlı valideynləri nəzərdə tutur. Axı imkanlı valideynlər övladlarını pullu, özəl məktəblərdə oxudurlar. Bu, heç kimə sirr deyil. Orta məktəblərin əksəriyyətində orta, aşağı təbəqənin uşaqları təhsil alır. Könüllü şəkildə böyük ianəni kim edəcək?! Bu olmadığı üçün də məktəb rəhbərliyi düşür biçarə valideynlərin üstünə. Fond pulu da, valideyn komitələri də ləğv edilsin. Əvvəl özümüz nə lazım idisə, uşağın çantasına qoyurduq, salfetdən tutmuş artıq dəftərə qədər. Katric üçün kağızı da hər ay bir valideyn alırdıq. Əvvəlki kimi olsun”.    

Valideynlər tərəfindən “Yeni Müsavat”a bu cür müraciətlər demək olar ki, hər gün edilir. Narahatlıq doğuran məqam isə odur ki, onlar bildirirlər ki, etiraz edəndə direktor, müəllimlər övladları ilə pis davranmağa, onları ruhdan salmağa başlayırlar. Hətta bu, uşaqların qiymətinə də sirayət edir.  Odur ki, valideynlər yeganə çıxış yolunu Elm və Təhsil Nazirliyinin məktəblərdə pul yığılmasını tamamilə ləğv etməsində görürlər. Nəzərə alınsa ki, 2022-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb, valideynlər də bu tələbləri ilə haqsız sayılmırlar.

Yeri gəlmişkən, bir müddət öncə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilindən valideynlərin məktəblərə könüllü ianə verməsi layihəsinin pilot şəkildə tətbiqinin planlaşdırıldığını qeyd etmişdi. Məsələ ilə bağlı mediaya açıqlama verən Elm Və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə qeyd edib ki, valideynlərin məktəblərə könüllü ianə verməsi ilə bağlı yaradılan yeni pilot layihə “Məktəb-Ailə icma birliyi” adlanır. “Könüllü olaraq hansı məktəb istəsə, bu layihə fəaliyyətə başlaya bilər. Hazırda bu layihə 12 məktəbdə təklif olunub. Oktyabr-noyabr aylarında sözügedən məktəblərdə bu layihə fəaliyyətə başlayacaq. Burada əsas məqsəd məktəbə edilən ianələrin şəffaflığının və effektivliyinin təmin olunmasıdır. İcma birliyinin idarəetməsi 9 nəfərdən ibarət olacaq. 4 nəfər məktəb, 5 nəfər isə ailə tərəfindən, hətta şagirdlər də buraya daxil olacaq ki, qərar vermədə məktəbin üstünlüyü deyil, ailə icma birliyinin üstünlüyü çox olsun”, - deyə o əlavə edib.

Onu da nəzərə çatdıraq ki, pilot layihə ilə bağlı sosial şəbəkələrdə də müzakirələr aparılır. Əksər valideynlər pilot layihənin də əvvəlki kimi olacağından narahatdırlar. Bunun da könüllü deyil, məcburi xarakter alacağından ehtiyat edirlər. Odur ki, əksəriyyət fond pulunun tamamilə ləğv olunmasını tələb edir. 

Bəs görəsən, bu layihənin effekti olacaqmı, ümumiyyətlə, bunun mənası nədir?

Təhsil eksperti Elçin Əfəndi: “Mən yay məktəbinin əlehinəyəm”

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini belə açıqladı: ““Məktəb-ailə-icma” birliyi, yaxud da Təhsilin İnkişaf Fondu ianələrin hesabına təşkilatlanan qurumlardır. Burada valideynlərin məktəbə könüllü olaraq ianə yatırması əgər könüllülük prinsipinə əsaslanarsa, məcburiyyət yoxdursa, bunun olması pis xarakter daşımır. Yox, bu, könüllü deyil, məcburilik prinsipinə əsaslanıb, məktəb ailə birliyi formalaşacaqsa, o zaman bunun hər hansı mənası qalmır. Təbii ki, burada şəffaflıq olmalıdır, hesabatlılıq olmalıdır. Pul nə üçün xərclənib, bu haqda valideynlərə məlumat verilməlidir ki, könüllü yığılan ianələr nə üçün xərclənib. Amma buna baxmayaraq, valideynlərdən, şagirdlərdən pul tələbi, hətta müəllimlərdən pul tələbi olacaqsa, bunu keçirməyin mənası qalmır. Əslində biz xarici ölkələrə baxsaq, orada da könüllü formada ianələr edilir. Həmin ianələrin hesabına tələbələrin ali məktəbdə təhsil xərci qarşılanır. Yaxud da məktəbin hər hansı auditoriyası müasir texniki avadanlıqlarla təmin olunur. Yaxud da məktəb üçün yataqxana tikilir, laboratoriya yaxşılaşdırılır və sairə. Burada səmərəli istifadə olunur. Bizdə isə o pullarla xadimənin, ya da mühafizəçinin əmək haqqı ödənilir, bu heç bir valideynin borcu deyil. Nəyə görə dövlətin hər hansı bir müəssisəsinin əməkdaşlarının əmək haqqını məhz valideyn ödəməlidir. Əlbəttə, bu, qanunvericiliyin tələbinin pozulmasıdır. Təhsil haqqında qanunvericilikdə məcburi qaydada ödəniş yığılması barədə maddə yoxdur. Yalnız könüllülük prinsipi əsasında ianələr verilə bilər. O da valideynin öz istəyi, təşəbbüsü ilə olmalıdır. İanələrin məcburi qaydada pozulması qanunvericiliyin tələblərinin pozulmasıdır. Baxmayaraq ki, övladları orada təhsil alır, müvafiq instansiyalara şikayət etməlidir. İlkin olaraq Elm və Təhsil Nazirliyinə, onlar baxmazsa, Korrupsiya İdarəsinə müraciət etsin. Valideynlər artıq bunu qəbul etməlidirlər. Müəllim-valideyn assosiasiyası zəlil təşkilatlardır ki, valideynlərin qanını, pulunu sorur".

Ekspert əlavə edib ki, hazırda ölkəmizdə 4440-dan çox orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və burada 1 milyon 600-dən çox şagird təhsil alır: “Bizim tətbiq etdiyimiz hələ ki pilot layihə 12 məktəbdə tətbiq olunur. Əgər bunu bütün məktəblərdə tətbiq edəriksə, 1 milyon 600 min şagirdin hər biri 10 -11 manat pul köçürərsə, bu kifayət qədər məbləğ deməkdir. Hansı əsasla bunu valideyn ödəməlidir. İanələrin verilməsi insanların təfəkküründə elə formalaşıb ki, məcburi qaydada yığılmalıdır. Xüsusən də məktəb rəhbərliyi bu tələbi qoyur. Mən də valideyn qruplarında varam. Bəzi valideynlər var ki, özləri canfəşanlıq edirlər ki, pul yığaq verək. Qarşıdan 5 oktyabr müəllimlər günü ilə bağlı tədbirlərin keçirilməsi gəlir. Bəzi valideynlər müəllimə nə hədiyyəsi alaq deyə müzakirə açırlar. Bəlkə başqasının o pulu verməyə imkanı çatmır. İstəyirsənsə, kənarda müəllimə öz hədiyyəni ver. Bəlkə də birinin balasının əyninə paltar almağa imkanı yoxdur, niyə 20-30 manat verməlidir... Burada mexanizm elə olmalıdır ki, məsələn, sinifdə nə isə çatışmırsa, istilik sistemi yoxdur, bu zaman mən özüm könüllü şəkildə fonda yaxınlaşıb ianəmi edirəm, övladımın təhsil aldığı sinif tam yaxşı şəraitdə formalaşsın. İanə belə formalaşmalıdır. Necə ki, Avropa ölkələrində ianələr bu şəkildə verilir. Amma bizdə bunu bir valideyndən yox, bütün valideynlərdən tələb edirlər. Valideynlər bilsinlər ki, icbari təhsil pulsuzdur. Hər kəs təhsili pulsuz almalıdır”.     

Asif Cahangirov: Universitetlərin tədqiqat innovasiya mərkəzlərinə  çevrilməsi aktual məsələdir - AZƏRTAC

 Asif Cahangirov 

Tanınmış təhsil eksperti, əməkdar müəllim Asif Cahangirov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Dünyanın əksər ölkələrində, inkişaf etmiş ölkələrdə belə valideynlərin, məktəb icmasının könüllü qaydada məktəbə dəstəyi istər maddi, istərsə də resurs təminatı formasında olsun, bu, mövcuddur. Ölkələr var ki, valideynlər övladlarının fənn kurikulumlarında nəzərdə tutulmuş ekskursiya xərclərini icbari qaydada ödəyir. Məktəb məzunu olan hansısa iri şirkət rəhbəri məktəbə kompüterlər alır, ya müasir avadanlıqla təmin edir və sair. Amma bütün bunlar  könüllü şəkildə olur. Azərbaycanda məktəblərdə "məktəb fondu" anlayışı birmənalı qarşılanmır. Bunun müxtəlif səbəbləri var. Tez-tez sual olunur ki, büdcədən ayrılan vəsait məktəbin saxlanılmasına bəs etmir ki, pul yığılır?  Bizdə bir şagird üçün büdcədən ayrılan məbləğ təqribən min manat civarındadır. İnkişaf etmiş ölkələrin məktəblərində isə bu məbləğ 5 min dollardan 20 min dollara qədər artır. Həmişə demişəm, indi də deyirəm, valideynləri məcbur etmək ki, məktəbin xərcləri var, onu ödəmək lazımdır, bu mənəviyyatsızlıqdır.  Vaxtilə Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi olanda bu məsələlərlə şəxsən özüm məşğul olmuşam. Şikayət edirdilər, araşdırırdıq, amma o an gələndə ki, valideyn direktorun, sinif rəhbərinin üzünə pul tələb etdiyini deməli olduğu vaxtda onlar qaçırdı. Belə hallar hüquqi müstəvidə həll olunan məsələdir və həll oluna bilər. Burada ilk növbədə məktəb icması öz sözünü deməlidir. Eyni zamanda nazir könüllü ianələr haqqında dedikdə, imkanlı məktəb valideynlərini nəzərdə tutur. Axı nəyə görə bahalı maşınlarda gəzən, təmtəraqlı villalarda yaşayan hansısa məktəbin məzunu öz məktəbinə dəstək olmasın?"   

Afaq MİRAYİQ ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR