İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaksinə görə qızılcanı süni şəkildə yayırlar”-iddiasına pediatrdan SƏRT REAKSİYA

 

“Mütləq kimsə ölməlidir ki, vəziyyətin ciddiliyini anlayaq?”- Vaqif Qarayev

 

Son bir ayda dünyada və Azərbaycanda uşaqlar arasında yayılan viruslar bir sıra sualları da ortaya çıxarıb. İnsanlar yenə də bu virusun süni yaradıldığını güman edirlər.

Musavat.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə insanlar “vaksinlər satılsın deyə virus törədilir” kimi fikirlər səsləndirirlər.  

Yeri gəlmişkən, yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində uşaqlar arasında yayılmış naməlum mənşəli pnevmoniya ilə bağlı məlumat istəyib. ÜST-ün mətbuat xidmətindən bildirilib ki, Çin Milli Səhiyyə Komissiyası sentyabrın 13-dən ölkədə tənəffüs yollarının infeksion xəstəliklərinə yoluxma hallarının artdığını bəyan edib. Çin yetkililəri isə bunu anti-COVİD məhdudiyyətlərinin götürülməsi və mövsümi qrip virusları ilə izah ediblər. “ÜST uşaqlarda tənəffüs yollarının yoluxucu xəstəliklərinin artması və pnevmoniya epidemiyası ilə bağlı ətraflı məlumat vermək üçün Çinə rəsmi sorğu göndərib”, - təşkilatın bəyanatında deyilir. “The Teleqraf” isə “ProMed”ə (dünya üzrə insan və heyvan xəstəliklərinin yayılmasını izləyir) istinadən Çinin şimalında uşaqlarda naməlum pnevmoniya barədə məlumat verib. Nəşrin bildirdiyinə görə, Çin xəstəxanaları xəstə uşaqlarla həddən artıq yüklənib və epidemiya artıq Pekin kimi böyük şəhərlərə keçib.

“The Telegraph” xatırladır ki, 2019-cu ilin dekabr ayının sonunda məhz “ProMed”in xəbərdarlığı bir çox həkim və elm adamının diqqətini əvvəllər naməlum olan və sonradan SARS-CoV-2 (COVID-19) adlandırılacaq virusa cəlb etmişdi.

Tayvanın “FTV News” telekanalı da Pekin və Liaoning xəstəxanalarının xəstə uşaqlarla dolu olduğunu bildirir. “Onlar öskürmür və heç bir simptom yoxdur. Sadəcə, hərarətləri yüksəkdir (qızdırma), çoxlarının ağciyərlərində düyünlər əmələ gəlir”, - paytaxt sakinlərindən biri nəşrə bildirib. Digər Pekin sakini isə deyib ki, indi soyuqdəymə əlamətləri ilə məktəblərə gəlmək qadağandır və baş verən hər şey “dövlət sirri”dir.

Azərbaycanda isə  uşaqlar arasında qızılca virusu yayılmaqda davam edir. Hətta virusdan ölüm halı da aşkarlanıb. Əvvəldə qeyd etdiyimiz iddiaların hər hansı əsası varmı?

Tanınmış pediatr Vaqif Qarayev bu iddiaların əsassız olduğunu deyib: “Bu virusu qəsdən yayıblar. Yenə bizi iynələmək üçün hoqqa çıxardırlar”,- deyə çaşqınlıq yaradılır. Sevimli xalqımızın qızılca haqqında düşüncələri belədir. Eynən COVİD-də olduğu kimi. Nə ölənə inanırdıq, nə də ağzına kimi dolu olan xəstəxanalara.

Keçən həftə bir uşaq həyatını itirdi qızılcadan. Dərhal həyəcanlı, təşvişli zənglər başladı. “Nə edək” deyə, narahatlıqlarını bildirdilər. Mütləq kimsə ölməlidir ki vəziyyətin ciddiliyini anlayaq?

Virusu indi "qəsdən" buraxmayıblar. Qızılca COVİD-dən də əvvəl var idi. Yoluxanların hamısı peyvəndsiz uşaqlar idi. Sonra bildiyimiz qapanmalar, karantin və sairə qoruyucu tədbirlər hesabına qızılca müvəqqəti yoxa çıxdı. İndi yenə baş qaldırıb. Uşaqları peyvəndləyin. O valideynlər yenə də istəmirlərsə, heç olmasa proses sönənə qədər peyvəndsiz uşaqları təcrid etsinlər. Xəstəliyi ram etmək üçün başqa yol yoxdur”.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR