Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya, Belarus və Qvatemalanı kənarda qoyub, 2024-cü il Olimpiya Oyunlarında iştiraka dəvət etməyib.
Olimiadada iştirak edəcək 203 ölkə arasında bu üç ölkə olmayacaq.
Rusiyanın son illərdə bütün beynəlxalq yarışlardan kənarda qoyulmasının səbəbi heç kəsə sirr deyil. Bu ölkənin Ukraynada, öz təbiri ilə desək, “xüsusi əməliyyat” keçirməsi, əslində isə son 78 ilin ən qanlı müharibəsini aparması ona, demək olar ki, bütün sahələrdə tətbiq edilən sanksiyaların miqyasını idman sahəsinə qədər genişləndirib.
Ancaq Belarusun bu məsələdə zərər çəkməsini, idmançılarının olimpiadadan kənarda qalmasını, rus leksikonunda dəb olan ifadə ilə desək, özgə kefinə qurban getməsi hesab etmək olar.
Düzdür, bu ölkə Rusiya ilə ciddi müttəfiqlik büsatına malikdir, az qala konfederasiyadır və Belarus Ukrayna müharibəsində Rusiyanı haqlı sayır, çoxtərəfli dəstək verir, ancaq öz hərbi qüvvələri ilə müharibədə iştirak etmir.
Görünür, beynəlxalq birlik üçün bunun heç bir önəmi yoxdur, əsas odur ki, Belarus özünü Rusiyanın əlaltısı, qulbeçəsi kimi aparır, həmişə onun yanında durur. Əgər bu iki dövlət həmişə yanaşıdırsa, demək, olimpiadaya da kənardan, yanaşı duraraq baxmalıdır – BOK-da düşüncə belədir.
12 yay olimpiadasında iştirak edən Qvatemalanın gələn il Parisdə keçirləcək oyunlara buraxılmamasının səbəbi isə hökumətin yerli olimpiya komitəsinin işinə müdaxilə etməsidir. Bir az qəribə səslənir. Ona qalsa, ölkələrin əksəriyyətində hökumətlər bu və ya digər dərəcədə MOK-ların işinə qarışırlar. Ancaq görünür, bu, Qvatemalada daha kobudcasına və BOK-a meydan oxuyurcasına olub.
Əslində Qvatemalanın olimpiadalarda iştirak edib-etməməsinin o qədər önəmi yoxdur. Bu ölkənin idmançıları qatıldıqları 12 olimpiadadan cəmi birində gümüş medal qazanıblar. O da 2012-ci ildə Londonda keçirilən olimpiadada olub, Erik Barrondo 20 km məsafəyə yürüşdə finiş xəttini ikinci keçib.
Rusiya idmançıları isə hələ sovet dövründən bəri olimpiadalarda ən çox medal qazanan ölkələrin ilk üçlüyünə daxil olurdular. Üçlüyün o bir iki ölkəsi isə ABŞ və Çindir.
Rusiya Federasiyasının bayrağı altında idmançılar yay olimpiya oyunlarında 396, qış olimpiya oyunlarında isə 124 medal qazanıblar. Beləliklə, rusiyalı idmançılar son on bir olimpiadada ümumilikdə 520 medal əldə ediblər. Onlardan 182-si qızıldır.
Bu da o deməkdir ki, rusiyalı idmançıların olimpiya oyunlarından kənarda qalması bəzi idman dövlətlərinin işinə yarayacaq, onlar daha çox medal qazanacaqlar, eyni zamanda bu, medallar uğrunda rəqabəti bir qədər zəiflədəcək.
Belarus isə indiyədək yay və qış olimpiadalarda 105 medal qazanıb. Onlardan 21 qızıl, 37-si gümüş, 47-si bürüncdür. Bu, pis nəticə sayılmaz. Ancaq sırf siyasi səbəblər üzündən Belarus idmançıları gələn il olimpiya oyunlarına televizordan baxacaqlar və medal qazananlara həsəd apara-apara, “o mənim olmalıydı” deyəcəklər. Rusiyalı idmançılar da eləcə.
Bu idmançıların olimpiadaya fərdi qaydada, neytral bayraq altında qatılmaları da sual altındadır. Ukrayna tərəfi tələb edir ki, Rusiya və Belarus idmançıları 2024-cü il olimpiadasına neytral bayraqlar altında belə buraxılmasın. Böyük ehtimalla elə də olacaq.
Dünyaya sülh gətirməli olan idman oyunlarının siyasətdə təzyiq aləti kimi istifadə olunmasının azı 100 illik tarixi var. Vaxtilə aşağıdakı olimpiadalar bu və digər siyasi səbəblərdən və müxtəlid miqyaslarda boykota məruz qalıblar:
Paris-1924; Berlin-1936; London-1948; Helsinki-1952; Melburn-1956; Tokio 1964; Mexiko 1968.
Ancaq olimpiadalar tarixində ən güclü boykot vaqiəsi 1980-ci ildə olub. O zaman başda ABŞ və bir çox qüdrətli Avropa dövlətləri olmaqla dünyanın ən güclü idman ölkələri SSRİ-nin paytaxtı Moskvada keçirilən yay olimpiya oyunlarını boykot edib. 60 ölkə SSRİ-yə idmançı göndərməyib. Buna SSRİ qoşunlarının müstəqil Əfqanıstan dövlətini işğal etməsi, qeyri-legitim olsa da, dövlət başçısını öz kabinetində güllələyib öldürməsi səbəb olub.
Bu boykota cavab olaraq SSRİ də 4 il sonra ABŞ-da keçirilən olimpiya oyunlarını boykot edib, özü və satellitləri, sosialist düşərgəsinin üzvü olan dövlətlər (Çin, Yuqoslaviya və Rumıniya istisna olmaqla) həmin olimpiadaya qatılmayıblar. SSRİ rəhbərliyi Siyasi Büroda bu barədə xüsusi qərar qəbul edib. Baş katib Konstantin Çernenkonun imzası ilə təsdiqlənən qərarda 1984-cü il olimpiadasına qatılmamaq üçün aşağıdakı səbəb göstərilib: “Amerika tərəfinin Olimpiya Xartiyasını kobud şəkildə pozması, SSRİ nümayəndə heyəti üçün lazımi təhlükəsizlik tədbirlərinin görülməməsi və ABŞ-da başlayan antisovet kampaniyası səbəbindən sovet idmançılarının Los-Anceles olimpiadasında iştirakı qeyri-münasib hesab edilir”.
Bir tərəfə baxanda bu aqressiv siyasət yeridən ölkələrə ciddi təzyiqdir. Həmin ölkə dışlanır, imzası imzalar, bayrağı bayraqlar içində olmur, himni səslənmir, adı çəkilmir, sözün qeyri-təhqiramiz mənasında üzdənirağa çevrilir.
Ancaq bu mübarizə üsulu 300 ildir dünya ilə dör-dör döyüşən Rusiya dövləti üçün nə dərəcədə effektiv ola bilər, mübahisəli məsələdir.
Araz Altaylı, Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ