İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli deputatı niyə güldürdü?

Musavat.com xəbər verir ki, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mitinq keçirmək barədə son açıqlamasına ironik reaksiya verib.

Deputatın Musavat.com redaksiyasına göndərdiyi bu ironik yazını təqdim edirik:

Dünən bir xeyli gülmüşəm.

Demək, Əli Kərimli adında cizgi filmi qəhrəmanı (!) öz “Facebook” statusunda buyurub ki, mitinq keçirməyə hazırlaşırlar və artıq AXCP-də, “Milli Şura”nın strukturlarında bu məsələ müzakirə olunmaqdadır.

Struktur ha!

Kənardan baxan elə bilər ki, AXCP və “Milli Şura” iki fərqli, güclü təşkilatdır və ölkənin hər qarışında təşkilatlanmış filialları var. Əli bəy, sən guya bilmirsənmi ki, bu iki qurumun adındakı hərflərin sayı bəlkə də üzvlərinin sayından çoxdur?

Mitinqi kimlə keçirəcəksən? Gəl, bir az riyaziyyatla yaxınlaşaq:

• Birinci sən özünsən (o da gəlməyin şübhəlidir),

• İkinci Cəmil,

• Fuadla Seymuru da yarım-yarım hesablasaq, olduz üç…

Davamı? Gerisi? Başqası? Yoxdur, əlbət.

Ona görə də, bilirsən nə elə? Otur monitorun qarşısında, yaz mənasız statuslarını. Öz internetini kəs (sonra da şikayət elə), məhkəmələri gəz, fotoşop bilgilərini inkişaf etdir, Ukrayna-Rusiya müharibəsində atılan bombaları say, rus dilində bir-iki ağlamalı açıqlama ver. Cəmilin və Gülçatayın prodüserliyini elə. Aclıq aksiyasını bulyon və portağal şirəsi ilə müşayiət et. Trollarınla bizi “izlə”, beynəlxalq təşkilatlarda fəxri işverən kimi ad çıxart.

Və başında dayandığın ictimai əsaslı “komanda”nın cinayət dosyeləri ilə öyün. “Adam bıçaqlamaq”, “soyğunçuluq”, “hücum” – nə istəsən var! Fransızlaş, erməniləş, yalquzaqlaş, təkəbbürlə dolan, siyasi ambisiya ilə nəfəs al… Özünü bilavasitə bacarmadığın işlərə qatma.

Çünki… bu qədər “perspektivli” işlər səni gözləyərkən, mitinq və siyasət sənlik deyil, Əli bəy.

Həqiqətən. Tam ciddiylə.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR