Onlayn ictimai-siyasi qəzet
Balayevin apreldə bir çıxışı vardı, deyirdi kino çəkilmir, bekar və pul-parasız qalmışıq, yaxşı pul verən olsa Nəsiminin heykəlinin yerində gəlib durardım.
Əslində, yaxşı bir performans alınardı. Bu dəqiqə bütün dünyada incəsənətin belə üslubu dəbdədir. Rasim Balayevi yarıçılpaq formada hardasa bulvar tərəfdə iki ağacın arasında əllərindən bağlayırsan, bir nəfər qəssab da aşağıda ət satır, guya şairin dərisini soymağı imitasiya edir, ərəb turistlər baxıb çağdaş incəsənətimizin inkişafına heyran olur. Bakıda Salvador Dalinin rəsmlərinin sərgisinə getmişdim, düşünürəm bizim sənətimizin sürreal və irreal, absurd və romantizm tərəfləri heç də xaricdəkilərdən geri qalmır. Gərək öz qədrimizi bilək. Bu mövzularda - incəsənətdə performans üslubu - isveçli rejissor Ruben Estlundun “Kvadrat”, tunisli rejissor Ben Hanyanın “Dərisini satan adam” filmləri var.
Məsələn, mən bu yaxında axşamtərəfi Biləcəridə avtobusda gedirdim. Qəfildən qabaqdan ağ atın belində ağsaqqal bir kişi tozun içindən peyda oldu. Yanımızdan ötərkən fikir verdim ki, kişi əslində zibil yığandır, tərkinə də çoxlu dəmir-dümür, plastik, karton kimi tullantılar yığıbdır. Ancaq nağıllarımızdakı ağ atlı oğlanın tam eynisi olan bu canlı personajın həyatını sənədli film kimi yaratmağa oğul lazımdır.
Sözümün canı odur ki, indi biz “Niyə Rasim Balayev 30 ildir kinoya çəkilmir, niyə kinomuz ümumiyyətlə rəhmətə gedibdir” sualları ətrafında düşünməliyik. Ancaq bu suallardan öncə uca millətimizə lejanka lazımdır. Kino olmasa da olar. Lejanka yoxdursa, sənət nəyə lazımdır? Keçmişdə camaat lejankada uzanıb axşamlar yay kinoteatrında film izləyirdi.
Yəqin Şıx çimərliyində lejanka üstündə düşən davanın videosunu izləmisiniz. Deyəsən orda ictimai çimərlik açılıb, hökumətimiz tərəfindən əhali pulsuz lejanka ilə təchiz edilib. Lakin lejanka hamıya çatmır, nəticədə süpürləşmə düşür, uşaqlar ayaq altında qalır, ağsaqqalların geyçimi (çimərlik tumanı) cırılır və sairə. İnsafən, mən diqqət elədim, bir ağbirçək lejankanı əldə edib aralaşarkən ona toxunan, qismətini dartıb əlindən almaq istəyən olmadı. Bu isə millətimizin ağbirçəklərə hələ də hörmət bəslədiyini göstərir, gələcəyimiz üçün qəlbimiz qürurla döyünür.
Məncə əhalinin sosial lejanka yardımlarıyla əhatə edilməsi üçün dövlət proqramı lazımdır. Çimərliklərdə imkansız ailələrə, 2-ci dünya müharibəsi veteranlarına lejankalar verilməlidir. Bəzi yerlərdə hasarda deşik açılmalıdır ki, xalq dənizi görsün.
Ancaq problemi dərinləşdirən əsas məsələ bu andıra qalmışın adıyla bağlıdır. Bildiyiniz kimi, xalqımız plyajda üstünə uzandığı bu qatlama açıq hava mebeli növünə gah rusca “lejanka”, gah fransızca “şezlonq” deyir. Keçən ay biz ana dili günümüzü də möhtəşəm şəkildə bayram elədik, elə adam var indiyəcən ana dilində danışır. Lakin şezlonq-lejankanın adını öz dilimizdə demirik. Bəs bunun dilmizdə adı vardırmı? “Azərbaycan dilinin izahlı lüğəti”nə baxsaq, belə çıxır yoxdur, çünki orda qısaca belə izah edilir: “şezlonq - isim,(fransızca) yüngül, mütəhərrik kreslo”. Nəsimi adına dilçilik institutunun dərisini soysaq azdır. (Yeri gəlmişkən, Nəsimi rolunu Rasim müəllim ifa edibdir). Niyə indiyəcən sözün qarşılığını tapmayıblar? Əgər çimərlikdə kiməsə “mütəhərrik kreslonun icarəsi neçəyədir” desən, bəlkə adamı döyərlər. Vaxtilə institut şpilka əvəzinə ipəzor, plavki yerinə geyçim təklif etmişdi. Bəlkə lejanka üçün də uzançaq olsun? Ya da günvurqac. Hər halda üzərində düşünməyə dəyər.
Problemin adını bilməyəndə, həll etmək də çətin olur.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ