İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzağı ilin axırına Rusiya ram ediləcək...” iddiası

Ukraynanın qələbəsi nüvə savaşını tətikləyə bilərmi?

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu cənub cəbhəsinin çox dar bir seqmentində olacaq. Məqsəd Rusiyanın müdafiəsini yarmaq, Azov dənizinə çatmaq, quru dəhlizini kəsmək və Krımı təcrid etməyə başlamaqdır”.

Belə bir proqnozla ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, general Ben Hodces çıxış edib.

“Sonra siz HIMARS və digər yüksək dəqiqlikli uzaqmənzilli silahlardan istifadə edərək Sevastopol və yarımadadakı digər obyektlərə zərbə endirərək Krımı oyundan çıxara bilərsiniz” dedi.

Amerikalı generalın fikrincə, əgər Kiyevə “lazım olanları versək” Ukraynaya ilin sonuna qədər bu müharibədə qalib gələcək.

Tokionun keçmiş qubernatoru, yapon siyasətçi Yoiçi Masuzoe isə “Yahoo News Japan”ın müxbirinə müsahibəsində deyib ki, ABŞ prezidenti Co Baydenin siyasəti üçüncü dünya müharibəsi riskini artırıb. O, Ağ Ev rəhbərini mümkün qədər tez “toparlanaraq yenidən düşünməyə” çağırıb.

“Birləşmiş Ştatlar iki dəfə - Xirosima və Naqasakiyə atom bombası atmaqla Yaponiyanın tam təslimiyyətinə nail olduğu kimi, Rusiyanın da tam təslim olmasına nail olmaq istəyir. Ancaq sizə xəbərdarlıq edirəm: əgər Vaşinqton buna getsə, Moskva nüvə silahından istifadə edəcək”, - yapon siyasətçi Baydenə müraciət edib.

Qeyd edək ki, bir çox hərbi analitiklərə görə, Ukraynanın genişmiqyaslı hərbi əməliyyatı mayın birinci ongünlüyündə başlayacaq.

ABŞ-da dərc edilən “The Wall Street Journal” isə Ağ Evdəki rəsmilərə istinadən yazıb ki, Ukrayna ordusunun may ayında gözlənilən əks-hücumu uğursuzluqla nəticələnərsə, ABŞ Konqresi Kiyevi dəstəkləməkdən imtina edə bilər.

Yazıda qeyd olunur ki, Konqresin bu addımı öz növbəsində Co Bayden administrasiyasının imkanlarını məhdudlaşdıra bilər. “Hücumun uğurlu olması çox vacibdir. Müharibənin sonsuz dalana dirəndiyi üzə çıxarsa, bunu Amerika ictimaiyyətinə qəbul etdirmək və siyasi nöqteyi-cəhətdən əsaslandırmaq çətin olacaq”, - deyə məqalədə vurğulanır.

Mütəxəssislərin hesablamalarına görə, Rusiyanın 2022-ci ilin fevralından Ukraynanın işğalına başlamasından sonra ABŞ-nın Kiyevə təkcə hərbi yardımlarının həcmi 30 milyard dollara yaxındır.

Bəs Rusiyanın məğlubiyyəti 3-cü dünya savaşını tətikləyə bilərmi?

Hərbi ekspert Azərbaycan və Rusiya arasında imzalanmış hərbi sənədi şərh  edir - 28.09.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov 

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, Rusiya elə bir durumdadır ki, istənilən ağılsız addımı ata bilər: “Nəzəri baxımdan mümkündür ki, Rusiya məğlubiyyətinin qarşısını bu şəkildə almağa çalışsın. Bu gün ABŞ başda olmaqla bir neçə dövlət Rusiyanın nüvə silahını istifadəsinin qarşısını almaq, preventiv addımlar atılması üçün razılığa gəliblər. Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin də bəyan edib. Bildirib ki, proses davam etdirilir. Rusiyanın nüvə silahından istifadəsi mümkündür. Dmitri Medvedyevə qalsa, o artıq Almaniyada hərbi parad keçirir, İngiltərəni su altında qoyub, gündə bir ölkəni də öz aləmlərində vurub dağıdırlar. Bununla belə, özləri də əllərindən gələni edirlər ki, danışıqlar prosesi baş tutsun. Amma danışıqlar prosesi mümkünsüzdür. Ukrayna prezidenti Zelenski sərəncam imzalayıb və həmin sərəncamda Rusiyanın indiki rəhbərliyi ilə hər hansı bir danışıqların aparılması qadağan edilib”.

Hərbi ekspertə görə, NATO baş katibi bəyan edib ki, Ukraynaya silahların verilməsi prosesi 98 faiz baş tutub: “Bu o deməkdir ki, bəzi silah və avadanlıqlar yaxın zamanda Ukraynaya çatdırılacaq. Ukraynanın əks-hücum əməliyyatları istənilən an sürətlənə bilər. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib ki, bəzi istiqamətlərdə əks-hucum əməliyyatlarını keçiririk. Ukrayna hərbçiləri 2 kəndi işğaldan azad edib. 51 gün idi ki, Rusiya Kiyevə raket atmırdı. Son 2 gündə 2 pilotsuz uçuş aparatı və 11 raket atıb. Dneprdə 1 qadın və 2 yaşlı uşaq ölüb. Ümumilkdə götürəndə Ukrayna əks-hücuma tam hazır vəziyyətdədir. Qərb silah-sursatla bağlı qərarını verib. Ramştayndakı görüşdə də Ukrayna müdafiə naziri Aleksey Reznikovun yüksək əhval-ruhiyyədə olması da ondan xəbər verir ki, Qərb Ukrayna üçün lazım olan silahların hamısını verib və Ukrayna silahlı qüvvələri hazır vəziyyətdədir. Yaxın həftələrdə döyüş meydanında səhnə tam aydın olacaq”.

Hərbi ekspert əlavə edib ki, Rusiyanın geniş mənada strateji və taktiki silahlardan istifadə edəcəyinə inanmır: “Hesab edirəm ki, Rusiya sonda məcburiyyət qarşısında qalıb məğlubiyyətini etiraf edəcək. 3-cü dünya müharibəsinin başlamasına Rusiyaya imkan verilməyəcək”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR