Onlayn ictimai-siyasi qəzet
Dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizə genişlənərək, daha amansız xarakter almağa başlayıb. Bu savaşda dünya nəhənglərinin maraqları bir-biri ilə kəskin şəkildə toqquşur. Hətta yeni dünya düzənindən daha çox pay qopartmaq ehtirası o qədər güclənib ki, ənənəvi qarşılıqlı münasibətlərdə belə, ciddi çatların yaranmaqda olduğu müşahidə olunur. Və bu baxımdan, yaxın gələcəkdə beynəlxalq münasibətlər sistemində də radikal dəyişikliklərin ola biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, hazırda qlobal proseslər ənənəvi hərbi-siyasi müttəfiqləri əks düşərgələrə doğru yönəldir. Keçmiş düşmənlərin isə yeni müttəfiqlərə çevrilmə ehtimalı isə ciddi şəkildə artmaqdadır. Belə situasiyada isə bəzi dövlətlər üçün gələcək perspektivləri daha dəqiq şəkildə dəyərləndirilməsi kifayət qədər qəliz məsələdir. Hər halda, indi gələcək hədəflərin dəqiq hesablanması və məhz doğru tərəflə yaxınlaşma qabiliyyəti böyük əhəmiyyət daşıyır. Və xüsusilə də, hazırda beynəlxalq şərtləri müəyyən edən qlobal güc mərkəzlərinin yaxın gələcək üçün taleyinin necə olacağı müəyyən mübahisələrə yol açmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, bütün dünyada ABŞ və Avropa Birliyinin ortaq hədəflərə doğru can atan müttəfiqlər olduğu barədə mülahizələr hələ də aktual sayılır. Halbuki, əsl reallıqda bu iki qlobal supergüc mərkəzi arasında kəskin ziddiyyətlərin, maraq toqquşmalarının olduğu da inkaredilməz reallıqdır. Sadəcə, həm ABŞ, həm də Avropa Birliyi öz aralarındakı ziddiyyətləri ört-basdır etməyə, ortaq fəaliyyət hədəflərini qabartmağa üstünlük verirlər. Və bu, onların arasındakı kəskin qarşıdurmanı müvəqqəti də olsa, görünməz edir.
Ancaq yalnız elə Ukrayna savaşı ətrafında baş verənlərə diqqət etdikdə, ABŞ-Avropa Birliyi qarşıdurmasının nə qədər kəskin xarakter daşıdığını anlamaq qətiyyən çətinlik yaratmır. Birincisi, Ukrayna savaşının planlaşdırılaraq, reallaşdırılması yalnız ABŞ-ın strateji maraqlarına cavab verirdi. Avropa Birliyi üçün isə öz əhatə sərhədləri ətrafında belə bir müharibənin başlanması real təhlükə xarakteri daşıyırdı. Və bu baxımdan, ABŞ Avropa Birliyinin gələcək taleyinə böyük təhlükə vəd edən Ukrayna savaşının törədilməsinə nail ola bildi.
Halbuki, Ağ Evdə heç bununla da kifayətlənmədilər. ABŞ-ın maraqlarına uyğun, “qoca qitə” ölkələrinə isə hərbi təhdid rolunu oynayan Ukrayna savaşının əsas maliyyə yükünü də məhz Avropa Birliyinin üzərinə qoymağı bacardı. Yəni, Ağ Ev Avropa Birliyini öz fəlakət qaynağını maliyyələşdirməyə məcbur etmiş oldu. Bununla da Ağ Ev öz əsas iqtisadi-ticari rəqibini – Avropa Birliyini məhz ABŞ-ın beynəlxalq düşməni ilə eyni “savaş bataqlığı”na salmağı bacardı. Və bunun, eləcə də, Avropa Birliyini zəiflədəcək digər manevrlərin nəticələri hazırda ABŞ-ın mövcud situasiyadan maksimum səviyyədə məmnun olmasını təmin edir.
Maraqlıdır ki, “qoca qitə”nin siyasi liderləri ABŞ-ın Avropa Birliyi üzərində qurduğu məkrli və uzaqgedən planların əsas hədəflərini anlamamış deyillər. Ancaq nə qədər qəribə də olsa, onlar ABŞ-a etiraz etmək, Ağ Evin məkrli planlarının ifşa olunması ilə müqavimət göstərmək cəsarətindən uzaqdırlar. Xüsusilə də, Ağ Evin istəyi ilə Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra bu qurum ABŞ-ın manevrləri qarşısında daha gücsüz, aciz duruma düşmüş kimi görünürlər. Və bu baxımdan, indi ABŞ-ın da maraqlarına uyğun şəkildə çökmə mərhələsinə yaxınlaşan Avropa Birliyinin gələcək taleyi ciddi suallar doğurmağa başlayıb.
Məsələ ondadır ki, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra bu qurumda əsas iradə sahibi rolu Almaniya və Fransaya aiddir. Bu iki dövlət arasında da müəyyən ziddiyyətlər olduğundan, Fransa təkbaşına hegemoniya niyyətinə düşüb. Rəsmi Paris Avropa Birliyinin gələcək taleyini Fransanın təyin etməsi üçün əlindən gələn hər şeyi edir. Halbuki, ABŞ-ın “savaş bataqlığı”na saldığı Avropa Birliyini xilas etmək o qədər də asan məsələ deyil. Və dünyanın bir çox regionlarından sıxışdırılıb, çıxarılan Fransa Avropa Birliyinin çökəcəyi təqdirdə, öz mövcudluğunu qoruya bilməyəcəyindən ciddi şəkildə narahatdır.
Ona görə də, prezident Emmanuel Makron Avropa Birliyinin gələcək taleyi ilə bağlı artıq həyəcan təbili çalmağa başlayıb. Belə ki, Fransa prezidenti Avropa Birliyinin ABŞ-dan asılı vəziyyətdən çıxmaq üçün imkanları əldən verməkdə olduğunu bildirib. Onun fikrincə, bu problemin həlli üçün Avropa Birliyinin qarşısında ən yaxşı halda, 4-5 illik bir zaman intervalı mövcuddur. Əgər, bu zaman intervalında Avropa Birliyi müstəqil fəaliyyət və inkişaf perspektivlərini təmin etməzsə, öz mövcudluğunu tamamilə itirərək, dağılıb, yoxa çıxa bilər.
Göründüyü kimi, prezident Emmanuel Makronun proqnozu Avropa Birliyinin yaxınlaşmaqda olduğu böyük sarsıtıları, fəlakəti ön plana çəkir. Düzdür, Fransa prezidenti kifayət qədər ziddiyyətli şəxsdir və bir çox hallarda ciddiyə alınmır. Ancaq İtaliyanın keçmiş baş naziri, Avropa Mərkəzi Bankının eks prezidenti Mario Draqinin Avropa Birliyinin gələcək taleyi ilə bağlı hazırladığı hesabat həm Emmanuel Makronun dediklərini təsdiqləyir, həm də bu quruma üzv ölkələri ciddi şəkildə narahat edib.
Məsələ ondadır ki, Mario Draqi Avropa Birliyinin indiki gedişlə çökməyə məhkum olduğunu bəzi önəmli faktorlarla əsaslandırıb. Onun fikrincə, Ukrayna savaşı Avropa Birliyi üçün yalnız fəlakət ssenarisi rolunu oynayır. Bu savaşa çəkilən fantanstik xərclər “qoca qitə”ni dərin sosial-iqtisadi böhrana sürükləyir. Və tezliklə, Avropa ölkələrinin küçələri kütləvi iğtişaşlarla xaosun hegemoniyası altına düşə bilər.
Mario Draqi hesab edir ki, Avropa Birliyi ölkələri yaxın illərdə öz hərbi düdcələrinə yüzmilyardlarla avro xərcləməli olacaqlar. Halbuki, Avropa iqtisadiyyatı bu yükü çəkmək imkanlarından uzaqdır. Çünki “qoca qitə” ölkələri Afrika və MDB ölkələrindən əldə etdikləri ucuz xammal qaynaqlarını böyük sürətlə itirməyə başlayıb. Xüsusilə də, Rusiya enerji resurslarından məhrum qalmaqla, “qoca qitə”də iqtisadiyyata çəkilən xərclərin artması ilə üzləşib. Ona görə də, indi Avropa Birliyi məkanında məhsulların dəyəri artır və həyat şəraiti sürətlə bahalanır.
Digər tərəfdən, Avropa Birliyi ABŞ və Çinlə iqtisadi-ticari rəqabəti açıq-aşkar uduzur. ABŞ və Çin iqtisadiyyatı inkişaf edir, bu iki ölkədə istehsal artır, xarici ticarət gəlirləri yüksəlir. Avropa Birliyinin iqtisadi göstəriciləri isə aşağı düşməkdə davam edir. “Qoca qitə”nin iqtisadiyyatı kiçilir və belə davam edərsə, bu rəqabətə davam gətirməyəcək. Nəticədə Avropa Birliyi sənayesində başlayan böhran ümumiyyətlə, ortaq iqtisadiyyatın çöküşünə yol aça bilər. Və bu baxımdan, əsasən iqtisadiyyat üzərində qurulan Avropa Birliyinin dağılaraq, sıradan çıxmasına münbit şərait yaranar.
Belə anlaşılır ki, Ağ Ev yalnız Rusiyanı deyil, eyni zamanda, ABŞ-ın əsas iqtisadi-ticari rəqiblərindən olan Avropa Birliyini də çökdürmək üçün əlindən gələn hər şeyi edir. Böyük ehtimalla Ağ Ev yeni dünya düzənində Rusiyanı da, Avropa Birliyini də qlobal pay sahibi statusunda görmək istəmir. Əgər, bu iki önəmli rəqib sıradan çıxarılarsa, Çinin küncə sıxışdırılması ABŞ üçün daha asan başa gələ bilər.
Çünki Çin iqtisadiyyatı həm Rusiya, həm də Avropa Birliyi ilə birbaşa bağlıdır. Bu iki önəmli iqtisadi-ticari bazarın itirilməsi Çin iqtisadiyyatında sarsıdıcı zərbə vura bilər. Və ABŞ-ın bu ölkəni də yeni dünya düzənində “sözə baxanlar”ın sırasına qatması qaçılmaz olar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ