İnsanlara hürriyət, millətlərə istiqlal!

“Utanmayın, gəlin, daşı daş üstə qoyun”- mesajı...Və ya “İnsan məskən salır” yeni quruluşda  

Dəfələrlə deyildiyi kimi, Ermənistanla müharibə bitib, amma informasiya savaşı hələ uzun illər, bəlkə də həmişəlik davam edəcək. Azərbaycan Prezidenti 44 günlük müharibə zamanı olduğu kimi, yenə də informasiya savaşının önündədir. Bütün platformalarda düşməni, təcavüzkarı ifşa edir, dünən Bakının ev sahibliyi ilə keçirilən Qlobal Bakı Forumunda, bu gün BMT-nin Yaşayış Məskənləri Proqramında...

Dövlətimizin başçısı Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasındakı videoformatda çıxış edərkən deyib: “Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”.

Bu faktlar təkcə işğalçının beynəlxalq miqyasda ifşası deyil, həm də 30 il ərzində Ermənistanın işğalına göz yuman, üstəlik, bu talançı ölkəni himayə edən, ona maliyyə, silah-sursat ayıran, açıq və gizli dəstəyini əsirgəməyən ölkələri, qüvvələri, çevrələri utandırmaqdır. Təbii ki, ədalətli olsalar, utanan üzləri olsa...Amma hər dəfə demək, başlarına qaxınc etmək lazımdır. Bəlkə də elə Ermənistanın 30 illik işğalı qədər – 30 il! Qoy anlasınlar - etiraf etməsələr də  bilsinlər ki, şərə şəriklik ediblər. Heç şübhəsiz ki, ölkə başçımız həm də bu detalları nəzərə alaraq bütün beynəlxalq tribunalarda Ermənistanın Qarabağı darmadağın etməsini, saysız cinayətlər törətməsini xatırladır, faktları sadalayır. Bu faktların sadalanması həm də ona görə lazımdır ki, bizim hələ haqq savaşımız hüquqi müstəvidə bitməyib, Beynəlxalq Məhkəmə Ermənistanın Azərbaycana vurduğu zərərlə bağlı qərarını verməlidir, Azərbaycana vurulan 100 milyardlarla dollarlıq kompensasiya ödənilməlidir. Bəzən Ermənistanın “kasıb”, “fağır” olduğunu iddia edib də, onu himayə cəhdləri olur, yayındırmaq istəyirlər məsuliyyətdən. Erməni tərəf də vaxtaşırı Azərbaycana dil uzatmağa cəhd göstərir. Dilini kəsmək, yerində oturtmaq üçün necə ki, sərhədlərdə “Dəmir Yumruq”u hazır tutmuşuq, eynilə beynəlxalq platflormalarda da o Yumruq hər zaman boy verməlidir, düşmənin havadarları da görsün ki, unutmayacağıq, cəzasız qalması ilə barışmayacağıq!

Bu mənada BMT-nin Yaşayış Məskənləri Proqramında (UN-Habitat) səslənən arqumentlər də Azərbaycanın maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yerdə Qurumla bağlı məlumat verək: BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-Habitat) 1976-cı ildə Kanadanın Vankuver şəhərində keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci Konfransın (I Habitat konfransı) nəticəsi olaraq 1978-ci ildə BMT qurumu olaraq yaradılıb. Təşkilatın baş qərargahı Nayrobidə (Keniya) yerləşir. UN-Habitatın icraçı Malayziyadan olan direktoru xanım Maymunah Mohd Şərifdir. 1996-cı ildə İstanbulda keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı”na dair II Habitat konfransında “Məskunlaşma Gündəliyi” qəbul edilib. “Məskunlaşma Gündəliyi”nin əsas məqsədi hər kəs üçün adekvat sığınacaq və şəhərləşən dünyada dayanıqlı insan məskunlaşmasının inkişafından ibarət olub. 2016-cı ildə keçirilmiş III Habitat konfransında “Yeni Şəhər Gündəliyi” adlı sənəd qəbul edilib. Əsas hədəfləri sırasında gecəqondularda yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması, təmiz içməli su və sanitar şəraitin təmin edilməsi mühüm yer tutur. UN-Habitat 90-dan çox ölkədə müxtəlif sahələrdə layihələr həyata keçirir: Şəhər qanunvericiliyi, torpaq və idarəçilik; Şəhər planlaşdırılması; Şəhər iqtisadiyyatı; Şəhərlərdə əsas xidmətlər; Mənzil və gecəqondu şəraitinin yaxşılaşdırılması; Risklərin azaldılması və reabilitasiya...

Göründüyü kimi, çoxşaxəli fəaliyyəti var qurumun. Sözügedən təşkilatın keçirdiyi tədbirin ruhuna tam uyğundur Azərbaycanın hal-hazırda azad Qarabağda həyata keçirdiyi layihələr. UN-Habitat-ın mahiyyəti və onun donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək verməsi, UN-Habitat-ın 2009-cu ildə Şri-Lankadakı münaqişənin bitməsindən sonra 31 min ailənin dağılmış evlərinin bərpası və 420 min köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırması, oxşar fəaliyyətin 2019-cu ildə İraqda da həyata keçirilməsi faktdır. Azərbaycanın da azad edilmiş ərazilərində quruculuq və bərpa işlərində xarici donorların dəstəyinə açıq olmasında fayda var. Məlum olduğu kimi, Azərbaycan BMT-nin dörd qətnaməsini təkbaşına icra edib, indi dünya heç olmasa erməni vandalizminə məruz qalmış şəhər və kəndlərimizin qurulması prosesinə dəstək versin. 

Qeyd edək ki, 2022-ci ilin mart ayında UN-Habitatın icraçı direktoru xanım Maymunah Mohd Şərifin Azərbaycanda səfərdə olub, Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Özü də Maymunah Mohd Şərif və rəhbərliyi etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edərək, Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə yerindəcə tanış olub, erməni vandalların Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıtdığını yerindəcə görmüşdülər. Qonaqlar azad Qarabağda Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olmuşdular. Eyni zamanda Azərbaycan və UN-HABİTAT arasında bu il Azərbaycanda, Ağdamda illik Milli Şəhər Forumunun təşkil edilməsi məsələsi də müzakirə edilmişdi.

Yəni artıq əlaqələrin qurulması istiqamətində təşəbbüslər göstərilib, müəyyən yol qət edilib, körpülər atılıb. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzunda olması və buna hazır olması vurğulandı, Azərbaycanın qlobal tədbirlərə nümunəvi ev sahibliyi etməsi təcrübəsi vurğulandı sonuncu tədbirdə. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma prosesinə UN-Habitat-ın ekspertlərinin cəlb olunması ilə bağlı danışıqların aparılması da mühüm məsələdir. Beynəlxalq təcrübənin öyrənilməsində təbii ki, fayda var. Azərbaycanın bu yaxınlarda təşkilata 1.5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi etməsi də diqqətdən kənarda qalmamalıdır heç şübhəsiz.

Azərbaycan Prezidenti Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 ilinin tamam olması, bu mühüm hadisəni qeyd etmək məqsədilə bu ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbirin təşkilini xatırlatdı. Erməni revanşizmini və ümumən cığal Ermənistanı havalandıran tədbirdən əbəs yerə bəhs olunmadı sözsüz ki...Bu, həm də o deməkdir ki, Şuşa ucalığı başda olmaqla, Qarabağ söhbəti bitib artıq, beynəlxalq səviyyədə Azərbaycanın ərazisi olaraq tanınan, hətta işğal dönəmində belə, bununla bağlı şübhə olmayan torpaqlarda yaşayış məntəqələrinin qurulması prosesi gedir, kim Azərbaycanla bərabər bu prosesə töhfə vermək istəyirsə…

Azərbaycan onsuz da bu işləri təkbaşına aparır. Dövlət başçısı da xatırlatmalar etdi: “Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir”.

Qısa zaman kəsiyində həyata keçirilən nəhəng layihələrin xatırladılması həm də dövlətimizin əzminin, qurub-yaratmaqla bağlı qətiyyətinin beynəlxalq səviyyədə nümayişidir. Cənab İlham Əliyev təsadüfən azad edilmiş bəzi şəhərlərin Baş planlarına istinad etmədi, Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulduğunu xatırlatmadı. Bununla həm də dünyada çox böyük önəm verilən amilə, tarixiliyin qorunub-saxlanılmasına zərgər dəqiqliyi ilə diqqət yetirilməsini nəzərə çatdırdı. Həm də tariximizi silməyə, saxta tarix yaratmağa, ulu babalarımızın hördüyü divarların üzərində ermənicə “oymalar” aparanlara ünvanlı mesaj idi bu.

Elə rəhbərliyi Ağdamda olan qurumun toplantısında “Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır”, deyilməsi olduqca mühüm məsələydi. Yəni sizin gördüyünüz “Qafqazın Xirosiması” artıq yenidən qurulur...

“Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inkluziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək”-söylədi dövlət başçısı. Təsəvvür edin, Ermənistanın vandalizmi, tar-mar siyasəti, terrorunun qarşılığında müasir şəhər və kəndlərin tikilməsi, təhlükəsiz həyatın təmin olunması prosesi gedir. Ədalətsizliyə, “ikili standartlara rəvac verənlər eşitsin, utansınlar! Və: ”Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. Hesab edirik ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək. Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək”.

Utanc hissini itirməyənlər üçün dərsdir. Qoşulmaq istəyən varsa, gəlsin! Azərbaycan təkcə Qarabağın üstünü tikmir, həm də altında şəhər salır, dağların altı ilə tunellər çəkir...Təkcə Murov dağının döşündən keçən tunel 12 km-dir! Ermənistan işğal dövründə daşı-daş üstə qoymamışdı, dağıtmışdı, Azərbaycansa qurur, yaradır Qarabağı, Zəngəzuru!

Azərbaycan Prezidenti Ümumdünya Şəhər Forumuna Kəlbəcər səfərindən sonra qoşuldu. Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoyandan, bir sıra layihələrlə bağlı qərar verəndən, həmçinin DÖYÜŞ BAYRAĞINI Kəlbəcərdəki komandomuza təqdim edəndən sonra! Anlayanlar üçün vacib mesajlardır.

Ali Baş Komandan qarşı Kəlbəcərdə, dağın döşündəki “Dəmir Yumruq yerindədir” yazısını da əbəs yerə göstərməmişdi. Bu, həm də bir Dədə Qorqud formulu: “Qorumadınsa, əkib-becərməyə dəyməz, yaxud...” Azərbaycan tikir və tikdiklərini qoruyur! Məramı isə savaş deyil, sülhdür! Bu, bir nümunədir: Azərbaycan nümunəsi! Öyrənmək istəyən, qoşulmaq arzusu olan saf niyyətlidirsə, buyursun! Dövlətimizin başçısı da həm də bu mənada xitab etdi şəhərsalanlara! Qarabağda Azərbaycan insanı məskən salır, vandal qonşuların darmadağın etdiyi məkanda! Şəhərsalmanın Azərbaycan modelini öyrənmək istəyənlər, dəstək vermək niyyətində olanlar üçün yollarımız açıqdır – hava və quru yollarımız! Cəmi 8 aya tikdiyimiz Füzuli Beynəlxalq Haval Limanına eniş edə, Zəfər yolu ilə yenidən qurulan Şuşaya yol ala bilərlər..

Haqqında bəhs etdiyimiz çıxış əslində “Utanmayın, siz də gəlin, daşı daş üstə qoyun”- mesajıdır...Görək nəticəsi necə olacaq. Qarabağ və Şərqi Zəngəzurun tikilməsi isə həm də Azərbaycan kino tarixindən bizə tanış olan “İnsan məskən salır” filminin yeni quruluşda çəkilişidir. Çəkilən yollar həm də çəkilməlidir. “Film kimi” döyüşdük Qarabağda indi də yaradırıq, eynən “film kimi”.

 

Elşad Paşasoy,
Musavat.com
237160_3mukv90bk9.jpg (28 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR