İnsanlara hürriyət, millətlərə istiqlal!

Usmanov ona qarşı sanksiyalardan danışdı: “Dostlar özlərini belə aparmazlar”

Ukraynadakı müharibə ilə əlaqədar Qərbin sanksiya siyahısına salınan tanınmış rusiyalı iş adamı Əlişir Usmanov səssizliyini pozub.

Musavat.com-un xarici agentliklərə istinadən xəbərinə görə, özbək əsilli milyarder İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibə verib. 

Əlişir Usmanov burada siyasətdən uzaq durmağa çalışdığını və özünü Ukraynadakı hərbi əməliyyatların bütün qurbanlarına yaxın hiss etdiyini söyləyib. Bununla bərabər, Kremlə yaxınlığı ilə bilinən oliqarx Rusiyanın Ukraynaya təcavüzünü pisləməyib və hərbi əməliyyatların dayandırılacağına ümid etdiyini bildirib.

Usmanovun sözlərinə görə, sanksiyalar, xüsusən də Aİ-nin ona şəxsən tətbiq etdiyi sanksiyalar təkcə biznesinə deyil, həm də reputasiyasına xələl gətirib.

“Forbes”ə görə, ruslar arasında səkkizinci ən varlı iş adamının fikrincə, sən demə, onu Vladimir Putinə yaxın oliqarx adlandırmaq doğru deyilmiş və bu səbəbdən ona qarşı sanksiyalar ədalətsizdir. “İnsanları cibində olan pula və ya pasporta görə etiketləyəndə biz tarixdən bilirik ki, nələr ola bilir. Bir yerdə ki, kollektiv məsuliyyət müəyyən olunur, orada ədalət ölür”, - deyə Usmanov bildirib.

“Dostlar belə davranmazlar” - deyə o, İtaliya hökumətini Sardiniyadakı villlasını əlindən aldığına görə tənqid edib.

Jurnalist milyarderdən Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı savaşa münasibətini soruşub.

“Mən siyasətdən uzağam, insanları parçalamaqdansa birləşdirə bildiyim sahələrə üstünlük verirəm”, - deyə özbək əsillli iş adamı bu sualdan qaçmağa üstünlük verib.

Əlişir Usmanov “Metalloinvest”, “Udokan Mis” və “MegaFon” şirkətlərinin daxil olduğu USM qrupunun ən böyük səhmdarıdır. Bundan başqa o, “Kommersant” qəzetinin sahibidir. Avropa İttifaqı 2022-ci il fevralın 28-də “xüsusilə də prezident Vladimir Putinlə sıx əlaqələrə” görə ona qarşı sanksiya tətbiq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR