Onlayn ictimai-siyasi qəzet
Ekspertlər deyirlər ki, bu məhsullar GMO tərkiblidir, zərərlidir, bir çox ölkələrdə qadağan olunub, bizdə isə...
“Qida məsələləri ilə bağlı ciddi təhlükələr var”. Bunu Milli Məclisin srağagünkü iclasında deputat Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, narkotikdən qorxuruq, amma ondan daha təhlükəlisi qidalardır:
“Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır. ”Coca-Cola", “Fanta”lar... Evdə uşaqlara yemək yedirdə bilmirik. Onlar istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Genləri dəyişdirilmiş qidaları uşaqlarımıza öyrədirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Azərbaycanı bundan qoruyacaq qidalarımız var. Bu məni ciddi şəkildə, vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimin, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Niyə Azərbaycan brendi yaranmasın?! Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızda su çıxır, gedirik, mağazaya Fransadan belə su gəlir, amma bizim sular yoxdur".
Öz növbəsində parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı çox böyük institut var, 700-ə yaxın əməkdaş çalışır: “Orada bir anın içində milyonlarla maddə üzərində analiz aparıla bilir. Elə görüntü yaranmasın ki, Azərbaycanda qida təhlükəsizliyi təmin edilmir. Elə danışıldı ki, guya hökumət vətəndaşın düşmənidir ki, onu zəhərləyir. Elə məhsul yoxdur ki, onun genində hansısa maddə yer almasın. Amma bizim ”Qida təhlükəsizliyi haqqında" qanunda bu göstərilib ki, bu insanların, heyvanların sağlamlığına ziyan vurursa, bu məhsul qadağan olunur".
Doğrudan da, müasir uşaqlar “Coca-Cola”sız, “Fanta”sız, qazlı içkilərsiz yemək yemirlər. Bəs xüsusən də qazlı içkilər standartlara, qida təhlükəsizliyinin tələblərinə nə dərəcədə cavab verir?
Ekspertlər hesab edirlər ki, uşaqların ən sevimli qidası olan “Coca-Cola”, “Fanta”, “Kinder” şokolad heç də onlar üçün ən yaxşı sayılmır. Çünki bunlar insan sağlamlığı üçün zərərli hesab edilən GMO məhsulların (geni dəyişdirilmiş orqanizmlər) siyahısına daxildir. Misal üçün, Rusiyada tərkibində GMO olan məhsulların siyahısı açıqlanıb. Buraya: yeddi adda qazlı su -"Up", “Sprite”, “Coca-cola”, “Pepsi”, “Fanta”, uşaqların çox sevdiyi və arzuladığı “Kinder” şokoladı, həmçinin anaların qidalandırmaq üçün tez-tez seçdiyi dənli bitkilər “Samanyolu”, “Nestle”, “Snickers”, “Twix”, “Kit-Kat”, “Nutella”, “Hipp” uşaq qidaları, “Lays” chipsləri, “Cheetos”, “Pringles” popcorn, “Campina”, “Erman”, “Miracle” yoğurtları, “Yubileynıy” peçenyeləri. Qərb ölkələrində belə məhsullar tamamilə qadağan olunmasa da, bəzi məhdudiyyətlər qoyulub. Üstəlik, etiketlərin üzərinə GMO işarəsi qoyurlar ki, insanlar bu məhsulları alıb-almamağı özü seçsin. Amma deyək ki, “Kinder” şokolad uşaqlar üçün zərərli məhsul kimi ABŞ-da rəsmən qadağan edilib. Onu da qeyd edək ki, bu məhsulların əksəriyyəti Azərbaycanda satışda var, satışına qadağa qoyulmayıb.
Rusiyalı həkim Aleksandr Pliev deyib ki, müxtəlif məhsulların: çips, “Coca-Cola”, “Kinder” şokolad və digər məhsulların, o cümlədən GMO-nun zərərli olması ilə bağlı araşdırmalar aparılır: “Millətin sağlamlığını düşünən dövlətlərdə onun ərazisində bu məhsulların satışı qadağan edilib. GMO həm də bir növ təsirə məruz qalmış məhsul və ya əmtəədir. Bütün GMO qidaların zərərli olduğunu deyə bilmərik. Amma məsələn, GMO yüz min adamdan bir nəfərə zərər verə bilsə belə, təbii ki, bu məhsula qadağa qoyulmalıdır. Bu vəziyyətdə, insan orqanizminə zərər vermənin nəzəri ehtimalından danışırıq. Əvvəla, bu zərərli məhsullar uşaqların sağlamlığına təsir edir, çünki uşağın orqanizmi böyüklərin artıq formalaşmış orqanizmindən daha çox təsirə məruz qalır”.
Həkim-dietoloq Marina Horkavaya isə deyib ki, “Coca-Cola” içkisi çox miqdarda şəkər və kofein olduğu üçün sağlamlıq üçün təhlükə yaradır: “Qazlı içkilərin əsas təhlükəsi çox miqdarda şəkərin olmasıdır. Əgər koladan danışırıqsa, onda 100 q içkinin tərkibində təxminən 15 q şəkər var, yəni adi bankada cəmi 45 qr var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq gündəlik şəkər qəbulu böyüklər üçün 25 q, uşaqlar üçün isə ”20 q" təşkil edir".
Onun sözlərinə görə, “Coca-Cola”nın tərkibində kofein də var ki, bu da içkinin ürək-damar sisteminə mənfi təsirini izah edir: “Və çoxlu şəkərlə birlikdə, yeniyetmələrdə artan həyəcanlılığa səbəb ola bilər”, - deyə Horkavaya bildirib.
Eyyub Hüseynov
Mövzu ilə bağlı istehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov “Yeni Müsavat”a dedi ki, Milli Məclisdə qida təhlükəsizliyi məsələsi müzakirə olunub, bu çox yaxşı haldır: “Keçən həftə mən və bir neçə ekspert deputat Tahir Rzayevlə görüşdük, mübahisələr, polemikalar oldu. Görüşümüzün məzmunu ondan ibarət idi ki, ”Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunun ləğvi düşünülür. Halbuki bu, Azərbaycan üçün çox əhəmiyyətli bir qanun sayılır. Bu məsələni Kənd Təsərrüfatı Nazirliyi, AQTA qaldırıb. Çox təəssüf ki, bu cür əhəmiyyətli olan qanunu ləğv etmək istəyirlər. Mən təklif etdim ki, qanunda dəyişiklik etmək olar, təkmilləşdirmək olar, lakin onu ləğv etmək düzgün deyil. Nədənsə bəzi qurumlara bu qanun maneçilik törədir. Ölkədə genetik modifikasiya olunmuş (GMO) lobbiçiliyini aparan qurumlar var. Təəssüf ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 25-ci maddəsində GMO yemlərinin Azərbaycana gətirilməsinə icazə verildi. Guya onlar yoxlanılacaq, bu insanlara zərər verir-vermir araşdırılacaq. Məlumdur ki, dünyada GMO-nun lobbiçiliyini aparan qurumlar var. Sabir Rüstəmxanlının çıxışı ilə mən tam razıyam. Bir çox ölkələr “Coca-Cola”, “Pepsi Cola” kimi malların satışına öz ölkəsində qadağa qoyub. Lakin bizdə isə guya bazar iqtisadiyyatıdır, icazə veririk. İstehlakçı hüquqlarını qoruyan dünya təşkilatları 4 ildən bir dünyanın müxtəlif ölkələrində toplanaraq, “Coca-Cola”nın təhlükəli içki olduğu barədə məlumatlar verir. Uşaq bağçaları və məktəb bufetləri üçün standartlar hazırlanan zaman bir neçə məhsulla bərabər sözügedən zərərli içkinin satışı da qadağan edilib".
Ekspert əlavə edib ki, “Coca-Cola” içkisinin mənşəyi məlum deyil. Resepti gizli saxlanılır. Bu şirkət dünyada o qədər aqressiv reklam kampaniyası aparıb ki, insanlar “Coca-Cola” şüşəsinə “ayrı şey də” tökülsə, onu içəcəklər: “Aqressiv reklam istehlakçıları aldatmağa, istehlakçılardan pul qoparmağa yönəlib. Bu içki dünyanın bir çox ölkələrində qadağan edilib”,- deyə qeyd edən ekspert vurğulayıb ki, Azərbaycanda da bu içki qadağan edilməlidir. Ancaq problem ondadır ki, “Coca-Cola” hansı ölkədə varsa, bu ölkənin böyük vergi ödəyicisinə çevrildiyi üçün onun təhlükə olmasına göz yumulur.
Bəli, Azərbaycanda qida problemi yaşanır. Bizdə qidanın təhlükəsizliyi ilə məşğul olurlar, amma keyfiyyət kənarda qalıb. Qida təhlükəsizliyi ilə bağlı əsasnaməni oxusaq, keyfiyyət barədə heç nə yoxdur. Təhlükəli qida insanı bir anda öldürür, keyfiyyətsiz qida isə apteklərdə, klinikalarda növbələrin yaranmasına səbəb olur".
Həkim-qastroenteroloq Nigar Əliyeva isə deyib ki, 0.5 litr “Coca Cola” içkisinin tərkibində 39 qram toz şəkər var, bu da 16.5 ədəd qənd parçasına bərabər miqdar sayılır: “”Coca Cola"nın verdiyi ən böyük zərərlərdən biri yaşlılarda və uşaqlarda (xüsusən də yeniyetməlik dövründə) vaxtından əvvəl dişlərin çürüməsi, sümük toxumasının osteoparozuna və osteomalyasiyasına səbəb olur. Belə ki, “Coca Cola”nın tərkibindəki ortofosfor turşusu paratiroid hormonunun aktivliyini artıraraq kalsiumun sümük toxumasından ekskresiyasını (yuyulmasını) artırır. Bundan əlavə, ortofosfor turşusu ağız boşluğundakı tüpürcək vəzilərinin kanallarını daraldaraq susuzluq hissiyyatını daha da artırır. Hətta gündəlik rasionda “Coca Cola”nın qəbulu şəkərli diabetin yaranma riskini 67% artırır.
Bəziləri “Coca Cola Zero”nun zərərsiz olduğunu düşünərək onu alır, onun da kalori dəyəri 100 ml-də 0.2 kkal-dir. Lakin tərkibindəki şəkər əvəz ediciləri isə heç də zərərsiz deyil. Belə ki, tərkibindəki ən zərərli şəkər əvəz edicilərindən ən önəmlisi aspartam adlı qida əlavəsidir. Aspartam (E951) toz şəkərdən 180-200 dəfə daha şirindir. Aparılan araşdırmalara görə, aspartamın sinir sisteminə daha böyük zərər verdiyi təsdiqlənib. Aspartam tərkibli qida maddələrini çox istifadə edən insanların alzheimer, zəka geriliyi, lenfoma, şəkərli diabet, parkinson xəstəliklərinə tutulma riski daha yüksəkdir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ