İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq oğurlamaqla Bakı polisini ayağa qaldıran qadına hökm oxundu

Ötən ilin əvvəlində oğurlanması xəbəri yayılan, 10 günlük axtarışlardan sonra tapılan 3 yaşlı Məhəmməd Şıxəliyevlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar sona çatıb. Məhkəmə azyaşlını oğurlamaqda ittiham olunan Gültəkin Muradova ilə bağlı hökmü elan edib.  O, 2 il müddətinə azadlıqdan məhrum olunub.

Ötən məhkəmə prosesində dövlət ittihamçısı Gültəkin Muradovanın 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Söhbət 2021-ci ilin dekabrında Sabunçu qəsəbəsində ikiyaşlı Məhəmməd Şıxəliyevin oğurlanmasından gedir. 2021-ci il dekabrın 29-da aparılan uşağın yeri 2022-ci il yanvarın 8-də müəyyənləşdirilib.

Gültəkin Muradova uşağı övladlığa götürmək məqsədilə oğurlamaqda suçlanır. Cinayət işinin materiallarında iddia olunur ki, Gültəkin Muradovanın özü uşaq dünyaya gətirə bilməyib. O, qeyri-rəsmi birlikdə yaşadığı şəxslə Kürdəxanı qəsəbəsində kirayədə qalıb. Ətraf qəsəbələrdə də övladlığa götürmək üçün uşaq axtarıb və nəhayət, Məhəmmədi oğurlamaq qərarı verib.

Lakin Gültəkin Muradova özünü təqsirli bilmir. O deyir ki, uşağı gizli şəkildə aparmayıb, həmin vaxt ailənin başqa üzvləri, o cümlədən böyük bacısı Firuzə Şıxəliyeva da evdə olub.

Hadisədən sonra Məhəmməd də daxil olmaqla, bu ailədəki dörd uşağın hamısı valideynlərdən alınaraq yerli icra orqanının qərarı ilə sığınacağa yerləşdirilmişdi. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yaymışdı.

Gültəkin Muradova Cinayət Məcəlləsinin 144.3 - adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Azyaşlını oğurlamaqda təqsirləndirilərək həbs olunan Gültəkin Muradova ittihamla razı deyil, deyir ki, Məhəmməd Şıxəliyevi ona uşağın atası satıb. Valideynlər isə uzun müddətdir məhkəməyə çağırılsalar da, gəlmirdilər. Bu üzdən onlar haqqında məcburi gətirilmə qərarı çıxarılmış, icrası da polis orqanlarına həvalə olunmuşdu.

Sonuncu məhkəmə prosesinə Reyhan Şıxəliyeva və Elgün Nəsirov polis nəzarəti altında gətirilib. Valideynlər məhkəmədə şahid kimi dindirilib. Reyhan Şıxəliyeva deyib ki, “8-ci kilometr bazarı”nda limon satırdı, həmin vaxt da işdə olub. Uşaq oğurlananda həyat yoldaşı da mağazaya gedib, uşağın yanında ancaq böyük qızı olub: “Bu qadını məhəllədə görürdüm. Bir dəfə bizim evdə olub, demişdi ki, yardım düzəltməyə kömək eləyəcək”.

Reyhan Şıxəliyevadan narkotik istifadəçisi olub-olmadığı soruşulanda o, qəti şəkildə təkzib edib. Lakin onun nəzərinə çatdırılıb ki, ekspertiza həm onun, həm də həyat yoldaşının ağır dərəcədə narkotik asılılığı haqda rəy verib. Bu haqda sənədlər mövcuddur. Bundan sonra o, narkotik istifadəçisi olduğunu təsdiqləyib.

Təqsirləndirilən Gültəkin Muradova isə bir daha vurğulayıb ki, o, uşağı oğurlamayıb, 3 min manat qarşılığında alıb. Çünki valideynləri Məhəmməd də daxil olmaqla, 4 uşağın heç birinə normal şəkildə baxmayıb: “O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim də övladım yox idi. Həm uşağa, həm də özümə görə...”.

Lakin uşağın atası Elgün Nəsirov onu satması haqda iddianı təkzib edib, Gültəkin Muradovanın oğlu Məhəmmədi oğurladığını bildirib. Bununla belə, o, şikayətçi olmadığını da deyib və bu barədə məhkəməyə yazılı ərizə təqdim edib: “Mən uşağı satmamışam, bu barədə deyilənlər böhtandır. Amma ondan şikayətçi deyiləm”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR