İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uşağın təhsil almasında ata-ananın münasibətindən çox şey asılıdır"

"Uşağın təhsil almasında ata və ananın münasibətindən çox şey asılıdır".

Bu sözləri Musavat.com-a açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib.

ELNUR.jpg (228 KB)

Psixoloq qeyd edib ki, uşağın təhsilə yönləndirilməsində valideyn faktoru böyük rol oynayır:

"Burada əsas, vacib rol ananın üzərinə düşür. Çünki uşaqla ən çox zaman keçirən və onu ən yaxşı formada tanıyan anadır. Bununla bağlı məşhur deyim də var ki, təhsilli bir ana təhsilli bir cəmiyyətin olması deməkdir.

Əlbəttə, qız uşaqlarının təhsil almasına xüsusi diqqət yetirməliyik. Bu gün qız uşaqları təhsil prosesində aktiv iştirak edirlər. Azərbaycanda və dünyada nüfuzlu ali məktəblərdə təhsil alırlar, beynəlxalq olimpiadalarda aktivdirlər. Bütün bunlar sevindirici haldır, bizə gələcəyə daha nikbin baxmağa imkan verir. Əgər biz gələcəkdə daha sağlam cəmiyyət arzulayırıqsa, qızların təhsil almasına xüsusi diqqət etməliyik".

Psixoloqun fikrincə, ananın təhsilli olmaması uşağın təhsilsiz olmasına, yaxud təhsil ala bilməyəcəyinə dəlalət etmir:

"Ana müxtəlif səbəblərdən sistematik təhsil almaya bilər (ailə vəziyyəti buna imkan verməyə bilər, təhsilin əlçatan olmaması buna səbəb ola bilər). Bizim kifayət qədər nümunəmiz var ki, ana özü sistemli təhsil almayıb, ancaq övladı yaxşı oxuyur, yüksək təhsil alıb. Əvvəllər bu cür nümunələrə daha çox rast gəlirdik. Çünki təhsil sistemi fərqli idi. Ananın bu prosesdə passiv müşahidəçi olması kifayət edirdi. Ancaq bugünkü təhsil sistemi anadan aktiv olmağı, uşağı ilə bərabər təhsil prosesinə qoşulmağı tələb edir. Bu səbəbdən də ananın təhsili burada mühüm rol oynayır.

Eyni zamanda biz müasir təhsilin tələblərini mənimsəməliyik. Müasir təhsil prosesində pedaqoji bacarıqla yanaşı, psixoloji bacarıqlar da tələb olunur. Təhsilin özü psixolojiləşib. Bu, çox vacib məqamdır. Təhsil bu gün bizdən nə istəyir, bunu anlamalıyıq. Ənənəvi təhsil keçmişdə qalır. Çünki yeni ixtisaslar, yeni peşələr yaranır ki, bu da çevik və dinamik olmağımızı tələb edir.

Sevindirici hal ondan ibarətdir ki, bu gün cəmiyyət təhsilin əhəmiyyətini qəbul edir, qız uşaqlarının təhsilinə xüsusi diqqət yetirir. Bu isə bizi gələcəyə daha nikbin baxmağa sövq edir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR