İnsanlara hürriyət, millətlərə istiqlal!

Uruqvayda “Boz qurd” isteriyası - “İt əl çəkdi, motal əl çəkmədi...”

 

Erməni saxtakarlığına görə Türkiyə kimi nəhənglə üz-üzə gəlmək cəhdi iflasa məhkumdur; Cənubi Amerikanın bu kiçik ölkəsi ilə bağlı ilginc açıqlamalar

Xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikasına səfəri çərçivəsində Uruqvayda olarkən nümayiş etdirdiyi “Boz qurd” işarəsi ilə Türk düşmənlərinə əməlli-başlı dağ çəkib. Hər halda üstündən xeyli keçməsinə baxmayaraq, mövzunun hətta rəsmi səviyyələrdə müzakirə mövzusu olması buna şübhə yeri qoymur.

Qeyd edək ki, paytaxt Montevideoda iki mühüm sənədə imza atan Çavuşoğlu, iki ölkə arasında İnvestisiyaların Gücləndirilməsi və Azad Ticarət Sazişinə dair İstinad Sənədinin imzalanmasının ardından Uruqvay xarici işlər naziri Fransisko Bustillo ilə də birgə mətbuat konfransı keçirib. Nazir Çavuşoğlu Uruqvay səfərinin bir hissəsi zamanı Montevideodakı Türkiyə səfirliyindən çıxarkən etiraza məruz qalıb. Bir qrup erməni etirazçı səfirliyin qarşısındakı parka toplaşaraq Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirib. Səfirlikdən çıxaraq avtomobilininə əyləşən nazir Çavuşoğlu şüarlar səsləndirən etirazçılara “Bozqurd” işarəsi göstərərək cavab verib. Məlum olduğu kimi, bu məsələ hətta Avropa Şurası Parlament Assambleyasında da müzakirə mövzusuna çevrildi və azərbaycanlı deputatlar sərrast cavabla erməniləri və onların pərəstişkarlarını susmağa məcbur etdilər.

Amma bu qədər müddət keçməsinə rəğmən, Uruqvay kirimək bilmir. Belə ki, Uruqvay Senatı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “Boz qurd” jesti səbəbindən Ankaraya yeni səfir təyinatının təxirə salınması təklifini yekdilliklə dəstəkləyib. Bu barədə “Mercopress” məlumat yayıb. “Bu təkliflə erməni əsilli senator Liliam Keçiçyan çıxış edib. Nəticədə Yuxarı Palata dosyenin Xarici Əlaqələr Komitəsinə geri göndərilməsinə razılıq verib”, - məlumatda bildirilib.

Çavuşoğlunun “bozqurd” işarəsi... - Uruqvay senatı səfir təyinatını geri  çəkdi

Xatırladaq ki, M.Çavuşoğlu Uruqvay səfəri zamanı, aprelin 24-də  - “ümumerməni ağlaşma günü”ndə ona etiraz edən ermənilərə “Boz qurd” işarəsi göstərdiyi gün Türkiyə səfiri Uruqvay XİN-ə çağırılaraq, ona etiraz bildirilmişdi. Bu azmış kimi, indi də yeni səfirin göndərilməsi dayandırıldı. Uruqvay hökumətinin “Boz qurd” işarəsinə görə bunca əndişə keçirməsi, ermənidən çox ermənilik eləməsi nəylə bağlıdır görəsən? Artıq Ermənistan olayı unudub. Uruqvay isə hadisənin üstündən iki həftə keçməsinə rəğmən, hələ də canfəşanlıq edir. Necə deyərlər, “İt əl çəkib, motal əl çəkmir”.

Uruqvay-Ermənistan münasibətlərindən bəhs etmişkən, xatırladaq ki, Cənubi Amerikanın bu kiçik dövləti böyük bir erməni icmasına ev sahibliyi edir. Orada təxminən 20 minlik erməni icması yaşayır. Uruqvaya ermənilər ilk dəfə 1800-cü illərin sonlarında gəliblər. 1920-1930-cu illər arasında çox sayda erməni bu ölkəyə üz tutub. 20 aprel 1965-ci ildə isə Uruqvay dünyada qondarma “erməni soyqırımı”nı rəsmən tanıyan ilk dövlət olub. 1939-cu ildə Ümumerməni Xeyriyyə Birliyi Uruqvayın Montevideo şəhərində ofislərini açıb. 26 dekabr 1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra Ermənistan müstəqilliyini bərpa edib və 27 may 1992-ci ildə Ermənistan və Uruqvay arasında diplomatik əlaqələr qurulub. 1992-ci ilin iyununda Ermənistan prezidenti Levon Ter-Petrosyan Uruqvaya rəsmi səfər edib. 1997-ci ilin fevralında isə Uruqvay İrəvanda fəxri konsulluğunu açıb. Bunlar öz işləridir. Amma Uruqvayın ermənilərin saxta iddialarına görə Türkiyə kimi nəhənglə baş-başa gəlmək cəhdi anormallıqdır.

Ceyhun məmmədov | Banker.az

 Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov məsələ ilə bağlı “Yeni Müsavat”a bunları söylədi: “Bu, bir daha onu göstərir ki, erməni diasporu və lobbisi öz çirkin əməl və niyyətlərindən hələ də əl çəkmək istəmir və xaricdə bir sıra dövlətlərin daxili və xarici siyasətlərinə təsir etmək inkanlarına malikdir. Hesab edirəm ki, xarici dövlətlər də öz siyasətlərində ermənilərin oyununa gəlməməmk üçün diqqətli olmalıdırlar. Təəssüf ki, bu gün bir sıra dövlətlər və beynəlxalq təşkilatlar ermənilərin oyunlarının və çirkin əməllərinin qurbanlarına çevriliblər. Bu, Azərbaycana və Türkiyəyə qarşı ikili standartlarla və qərəzli yanaşmada da özünü açıq göstərir”.

Millət vəkili hesab edir ki, müasir dövrdə Uruqvayın Türkiyə ilə əlaqələrin inkişafına daha çox ehtiyacı var, nəinki Türkiyənin Uruqvaya: “Bir işarəyə görə münasibətlərin bu qədər gərginləşdirilməsinə ehtiyac yoxdur. Bu anlaşılmazlıq aradan qaldırılmalıdır. Eyni zamanda, hesab edirəm həm Türkiyə həm də Azərbaycan diplomatlarının da bu məsələdə üzərlərinə ciddi vəzifələr düşür. Bu kimi təsirlərin və təxribatların qarşısını almaq üçün ciddi işin aparılmasına ehtiyac var”.

Siyasi şərhçi Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında maraqlı faktlar açıqladı. Bildirdi ki, Uruqvayda yaşayan ermənilərin sayı təxminən 15-20 min nəfərdir: “Əhalisinin sayı 3,8 milyon nəfər olan bir ölkə üçün bu kiçik rəqəm deyil. Ermənilər ölkənin müxtəlif dövlət strukturlarına, o cümlədən parlamentə yol tapmağı bacarıblar. Buna səbəb isə, bütövlükdə Cənubi Amerikada ermənilərin sayının kifayət qədər çox olması və erməni ultramillətçi partiyalarının təmsilçilərinin vaxtilə Uruqvaya köç etmələridir. Təsəvvür edin, Uruqvayda 1930-cu illərdən ermənilərin faşiszm - ariizm - ideologiyasının daşıyıcısı olan ”Daşnaksütun", “Qnçak”, “Ramkavar” kimi partiyaları fəaliyyət göstərir. “Qnçak” və “Ramkavar” heç Ermənistanda yoxdur. Məhz bu səbəbdən, Uruqvay qondarma soyqırımı tanıyan ilk ölkə olaraq tarixə düşüb. Ermənilərin “Boz qurd” işarəsinə rekasiyaları isə təkcə türk vətənsevərlərinin “ASALA”, “Daşnaksütun”, “Qnçak” kimi terror təşkilatlarına dünyanın müxtəlif ölkələrində vurduqları ölümcül zərbə ilə bağlı deyil. Türkiyənin Cənubi Amerikaya yönəlik fəal siyasəti, bütövlükdə qitədə uzun illərdən bəri kök salmış erməniləri narahat edir və türk biznesinin Cənubi Amerikaya yol tapması ilə onların Türkiyə haqqında uydurduqları yalanlara son qoyulacağından, “məzlum” maskalarının arxasındakı leşyeyən obrazlarının görünücəyindən qorxurlar".

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar”

Elçin Mirzəbəyli 

E.Mirzəbəyli qeyd etdi ki, Türkiyənin Uruqvayın paytaxtında səfirlik açması və bu kiçik Cənubi Amerika ölkəsində diplomatik fəaliyyətini gücləndirməsi, ermənilərin və onlarla uzun illərdən bəri işbirliyində olan siyasətçiləri əndişələndirib: “Amma məsələnin bir başqa tərəfi də var. Uruqvayın hazırki prezidenti Luis Alberto Lakalye Poy mühafizəkar sağ mərkəzçi Milli Partiyanın - Ağ Partiyanın - təmsilçisidir və o, özündən əvvəl Uruqvaya rəhbərlik edən sol mərkəzçi ”Geniş Cəbhə" (Frente Amplio) koalisiyasının nümayəndələrindən fərqli olaraq, erməni diasporuna bağlı deyil. Bu baxımdan, Türkiyənin Uruqvay hökuməti ilə təmaslarının davam etdirilməsinin və bu ölkədə aktiv fəaliyyət göstərməsinin faydalı olacağını düşünürəm. Türkiyə üçün Cənubi Amerikada geniş imkanlar var və yalnız davanlı biznes layihələriylə erməni diasporunun 100 il ərzində bu qitədə səpdiyi antitürk toxumlarını təmizləmək olar".

Siyasi şərhçi Uruqvay hakimiyyətinin “Boz qurd” işarəsi ilə bağlı diplomatik qarşıdurmanı davam etdirməsinin səbəbini bu ölkənin parlamentindəki erməni lobbisinin təzyiqi ilə bağlı olduğunu düşünür: “Parlamentin hər iki palatasında ermənilərlə işbirliyində olan ”Geniş Cəbhə"nin təmsilçiləri üstünlük təşkil edir".

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı 

İrəvan Türk Cümhuriyyətinin başqanı, professor Qafar Çaxmaqlı xatırlatdı ki, Uruqvay qondarma iddia olan “erməni soyqırımı”nı parlamentdən keçirən ilk ölkədir: “1965-ci ildə argentinalı zəngin erməni Eduardo Ernekyanın parlament üzvlərinə rüşvət paylamaqla bu ölkədə ”ermənilərə 1915-də soyqrım edildi" kimi bir provakasiyanı gündəmə daşıdı. Həmin il Ermənistanda “erməni soyqırımı”nın 50 illiyi dövlət səviyyəsində İrəvanda keçirildi və eyni zamanda Ermənistanda Sərdarabadda “soyqırımı” abidəsini tikdilər. Demək, Uruqvay təsadüfən seçilmiş bir ölkə deyildi, bu ölkə diaspor erməniliyini təmsil edirdi, Ermənistandakı abidə və “soyqırımı”nın 50 illiyi isə Ermənistan və SSRİ-nin mövqeyi idi. Bundan sonra Türkiyəyə qarşı olan ölkələr sıra ilə bu erməni ideolojisini parlament səviyyəsində “mənimsəmiş” oldu. Bütün bu addımlar siyasi olduğundan Türkiyə hədəf seçildi. Türkiyə XİN rəhbərinin “Bozqurd” işarəsi ilə Uruqvay ermənilərinə cavab verməsində elə bir ciddi məsələ olmamamsına baxmayaraq, görürsünüz bunu böyütməyə çalışırlar". Q.Çaxmaqlı düşünür ki, səfirlə əlaqədar olan proses və digər diplomatik gedişlərin bu işdə elə bir əhəmiyyəti olmaz: “Ən azından ona görə ki, Uruqvaydan çıxacaq qərarlar Türkiyə üçün yox hökmündədir. Səfir təyin edilsə, nə olacaq, ya edilməsə, nə olacaq? Hər halda bu ölkədə erməni irqçiliyini anlayan adamlar var və zaman-zaman ölkənin akademik çevrələrindən olan ünlü alimlər 1915 ayıbına görə Türkiyədən üzr istəməyə hazır olduqlarını bildirmişlər. Bu hadisə də göstərir ki, Ermənistanla hər hansı münasibətlərin qurulması məlum erməni xəstəliyini sağaltmayacaq. Məlum erməni ideolojisi dəyişməyəcək. Bunu yaxşıca anlamamız lazımdır”.

Politoloq Tural İsmayılov isə dedi ki, Cənubi Amerika ölkələrinin erməni siyasəti uzun illərdir davam edir: “Bunun konseptual 3 səbəbi var. Birincisi, erməni lobbisinin Cənubi Amerikaya təsirləridir. ABŞ mərkəzli lobbist qruplar Uruqvay, Argentina və digər ölkələrə sirayət etməyə çalışıblar daim. Sol yönümlü Kuba, Venesuela kimi ölkələr bu təxribatlar qarşısında müqavimət yarada bilib. Çirkin imperialist niyyətlərin maşası olan Ermənistan faktorunu yaxşı dəyərləndirə biliblər. Uruqvayla bağlı isə bu məsələ o qədər keçərli deyil. İkinci faktor odur ki, tarixin müxtəlif dövrlərində yaşadıqları ölkələrə və coğrafiyalara xəyanət edən ermənilər Cənubi Amerikaya köçlər ediblər. Bu gün həm Argentinada, həm də Uruqvayda xeyli erməni mənşəli insan yaşayır. Onlar Uruqvay vətəndaşı kimi siyasi proseslərdə fəallıq nümayiş etdirirlər. Üçüncü məsələ isə daha ciddidir. Ermənistan Cənubi Amerikadakı erməni əsilli insanları daim təşviq edir”.

T.İsmayılov  hesab edir ki, Türkiyə diasporasının və Uruqvayda yaşayan türklərin bu ölkənin rəhbərliyi ilə münasibətləri dərinləşdirmək elementləri güclənməlidir: “Əfsuslar olsun ki, dünyada bir çox dövlətlər və QHT-lər bilmədikləri, yaxşı tanış olmadıqları ölkələr haqqında uydurmalarla danışmağı sevirlər. Uruqvayda Türkiyənin geopolitik əhəmiyyətini dərk etməyən, Türkiyə haqqında bilgisi az olan siyasi simalar var ki, ermənilərin böhtanlarının oyuncağına çevrilib. Çavuşoğlunun Uruqvay səfəri Türkiyənin bu ölkə ilə əlaqələri dərinləşdirməyinə xidmət edən uğurlu gedişdir”.

Ekspert qeyd etdi ki, bu gün Uruqvay kimi bir müstəqil ölkənin qədim türk simvolu olan “Boz qurd”dan qorxması biabırçılıqdır: “Erməni yalanlarının əlində girinc olan Uruqvay Türkiyəyə səfir təyinatında belə erməniçiliyin təsirindən qopa bilmir. Əlbəttə ki, əvvəl-axır Uruqvayın Türkiyəyə səfiri göndəriləcək. Lakin bundan sonra Türk dövlətlərinin Uruqvay və Argentina ilə daha dərin təmaslar qurması labüddür. Dünyanın heç bir coğrafiyasında ermənilərə siyasi boşluq buraxmamaq lazımdır. Azərbaycan burda da örnək olunası işlər görür. Məsələn, daim erməni maraqlarını müdafiə edən və sərt ritorikaya malik olan Fransa dövlətimizin apardığı siyasət nəticəsində son aylarda əvvəli ritorikasından xeyli imtina edib”.

Görünən budur ki, heç də asan olmayacaq. Azərbaycan və Türkiyə Ermənistanı uçurumun dibindən çıxartmağa, xilas etməyə çalışdığı vaxt erməni saxtakarlığı və ermənipərəstlərin cəfəng iddiaları yenə də zəhləmizi aparır...

E.PAŞASOY,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR