İnsanlara hürriyət, millətlərə istiqlal!

Uqledarda kömürə dönən tanklar

Yaxud, “tanış üzlər, tanış səslər”

Ukraynanın Uqledar şəhəri yaxınlığında 9 fevralda rus ordusu çox qorxunc itkilər verdi. Bəzi fotolarda kiçik ərazidə 27 zirehli hərbi texnikanın qalıqlarını saymaq olardı. “Sakit okean 155-ci dəniz piyadaları” briqadasının azı 300 nəfər itki verdiyi də mənbələrdə yayılıb.

Maraqlıdır ki, əməliyyatın uğursuzluğuna görə Rusiya hərbi rəhbərliyini tənqid edənlər sırasında elə ruspərəst bloqerlərin, sosial şəbəkə istifadəçilərinin səsi yüksəlməkdədir. (Orda ənənəvi medianın tabutuna sonuncu mıxları Putin hələ ötən il vurubdur və hazırda Rusiya hökumətini ancaq internetdə tənqid etmək mümkündür, o da anonim şəkildə. Ünvanı bilən kimi adamları “anti-Rusiya təbliğatı” adıyla damğalayır, uzun müddətə həbsə atırlar. Məsələn, internet statusuna görə Rusiyada 8-10 il cəza alanlar var. O dərəcə dərəbəylik, qanunsuzluq yerdir).

Təbii ki, şimal qonşumuzda insanın, onun həyat və sağlamlığının heç vaxt xüsusi önəmi olmayıb, orda minlərlə insanı “dövlət naminə” qırğına vermək adi həyat tərzidir. Bu Uqledar hadisəsinin mənim diqqətimi cəlb edən detalı isə həmin qırğına verilmiş 155-ci briqadadan sağa qalan yetimlərin Primorsk qubernatoruna (briqadanın daimi dislokasiya yeri ordadır) yazdığı məktub oldu. Məktubdan belə məlum olur ki, Uqledara hücuma general Muradov başçılıq edirmiş.

Soyad tanış gəldimi? Bəli, bu həmin yoldaş Muradovdur ki, Putin guya sülh qayırmaq üçün tələmtələsik Qarabağa atmışdı. Ancaq burada bir-iki ermənipərəst hərəkətdən özgə nə iləsə yadda qalmadı. İndi isə rus əsgərlərin məktubunda Muradovun həmin macəraları belə xatırlanır: “Bu həmin general Muradovdur ki, o özünü Qarabağda kukold kimi aparırdı, Azərbaycan tərəfi istədiyi vaxt erməniləri və bizim sülhməramlıları atəşə tuturdu”. Sitatın sonu. Qısa izahat verim, burdakı kukold sözü çox təhqiramiz sözdür, kim istəsə mənasını internetdən tapa bilər, qəzetin uşaqların əlinə düşmək ehtimalını nəzərə alıb burda açmasını yazmıram. Yalnız onu deyim ki, bizim el dilində bunun analoqu “gözüylə görən”dir.

Rus dəniz piyadaları həmçinin general Muradovla yanaşı uğursuz əməliyyata onun həmyerlisi (Muradov dağıstanlıdır) Axmedovun başçılıq etdiyini məktubda yazıblar və iddia edirlər ki, heç bir hazırlığı olmayan hücumun məqsədi Axmedova “Rusiya milli qəhrəmanı” adı almaq imiş.

Həqiqətən video-foto kadrlara baxanda rus hərbi rəhbərliyinin nə qədər bivec, laqeyd, bacarıqsız, savadsız olması gözə girir. Axı bu dəqiqə bəlkə “PUBG” və “Vorld of tanks” kompüter oyunlarının azarkeşi olan burnufırtıqlı məktəblilərdən də soruşsan onlar açıqlıq, balaca sahəli yerə 30 hərbi texnikanı yığıb hücuma keçməzlər. Bu, onları aşkar şəkildə artilleriyanın, minomyotların, dronların, aviasiyanın hədəfinə çevirməkdir.

Di gəl bunun Putin üçün önəmi varmı? İstəyirsən bu gün Rusiyanın, ondan da sonra dünyanın yarıdan çoxu qırılsın, bu KGB qalığının qəti vecinə olmaz. Həmin 300 əsgərin gözüyaşlı ailəsini düşünməz. Çünki onun özünün ailəsi haqda da hər hansı məlumat açıq deyil. Bütün dünyada dövlət başçısının ailəsinin göz önündə olması bir sivillik, mədəniyyət, siyasi etika örnəyi sayılır. Cəmiyyət məhz başçının ailəsinə münasibətlərinə baxıb “sabah bu bizim ailəmizə də oxşar münasibət bəsləyər” məntiqiylə seçki qutusuna yollanır.

Əlbəttə, şimalda seçki qutusunun çoxdan önəmi qalmayıb, bunu zarafat üçün yazdım.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR