İnsanlara hürriyət, millətlərə istiqlal!

Uorlikin ermənilərə “ayı xidməti” – Ondansa heç danışmasaydı...

ATƏT-in bədnam Minsk Qrupunun (MQ) Azərbaycan xalqının yaddaşında hansı neqativ izlər buraxdığı, hansı yaramaz obrazda qaldığı bəlli. Sirr deyil ki, 26 illik yalançı vasitəçilik dövründə bu üzdəniraq qurumun əsas işi problemi beynəlxalq hüquq və BMT TŞ-nin Qarabağ qətnamələri əsasında həll etmək yox, onu daha da qəlizləşdirmək, lap dəqiqi, sülh danışıqları ilə erməni işğalını rəsmiləşdirmək, torpaqlarımızda ikinci “erməni dövləti” qurmaq olub.

Təsadüfi deyil ki, kapitulyant Ermənistan hələ də MQ-nin nə vaxtsa “dirçələcəyinə” ümid bəsləyir, onun rəsmən ləğvi ilə bağlı Bakının çağırışını dəstəkləməyə tələsmir. MQ-nin “xortlaması” isə istisnadır. Çünki 2-ci Qarabağ savaşında məğlub və darmadağın edilən tərəflərdən biri də elə MQ-dir.

Odur ki, məntiqlə keçmiş həmsədrlər ya susmalı, qızışdırıcı sözlər deməməli, ya da bölgədə sülhə real töhfə verəcək təkliflər irəli sürməlidrlər. Amma və lakin...

“Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var, lakin sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Parisin bu addımı Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə yeni təxribatçı elementdir”.

Nə qədər qəribə olsa da, bunu MQ-nin keçmiş amerikalı həmsədri Ceyms Uorlik dünən erməni mediasına müsahibəsində deyib.

Onun fikrincə, Fransa Ermənistanla silah tədarükü ilə bağlı müqaviləni Azərbaycanla sülh sazişi imzalandıqdan sonra bağlamalı idi. “Ermənistanın müdafiə olunmaq hüququ var, ordusu olacaq, onu ləğv etməyəcək, sərhədlərini istənilən xarici təhlükələrdən qoruyacaq, lakin təəssüflər olsun ki, sülh sazişinə yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”, - diplomat vurğulayıb.

Axır ki, Metyu Brayzanın ardınca sabiq amerikalı həmsədrlərdən daha birinin dilindən gerçəyə bənzər nəsə eşitdik...

Əlbəttə ki, bunu da “Dəmir yumruğ”un” adına yazmaq lazım gəlir. Ancaq əfsus ki, Uorlik müsahibədə axıra kimi səmimi, obyektiv ola bilməyib. Görünür ermənipərəstlik, MQ dönəminə nostalji canından tam çıxmayıb. Yoxsa o, “ermənilərin Dağlıq Qarabağa qayıdışı istənilən sülh müqaviləsinin tərkib hissəsi olmalıdır” deyib bir növ özü-özünü təkzib etməz, Azərbaycana ağıl öyrətməzdi.

“İndi Azərbaycanın erməniləri Dağlıq Qarabağa (? – red.) qaytarmaq imkanı var. Bilirəm, asan olmayacaq, Ermənistanla Azərbaycan arasında düşmənçilik davam edir. Amma hamımız ümid edirik ki, ermənilər Dağlıq Qarabağa (? – red.) geri dönəndə özlərini təhlükəsiz hiss edəcəkləri məqam gələcək. Top Bakının meydanındadır. Əliyev məsələni ərazi nöqteyi-nəzərindən bağlanmış hesab edir. Ancaq Dağlıq Qarabağın (? – red.) Azərbaycan ərazisinin tərkib hissəsi olması hələ o anlama gəlmir ki, ermənilərin Dağlıq Qarabağa qayıtması üçün qapı da bağlanıb”, - eks-həmsədr qeyd edib.

Əvvəla, “Dağlıq Qarabağ” adında Azərbaycanda inzibati ərazi bölgüsü yoxdur. Ceyms Uorlik daxil, amerikalı diplomat və siyasilər Azərbaycanın dövlətinin ərazi bütünlüyünə, suverenliyinə, unitar dövlət quruluşuna sayğılı olmağı nəhayət, öyrənməlidirlər. Ən azından ona görə ki, heç olmasa, bundan sonra onların “sülh təklifləri” Bakıda az-maz ciddiyə alına bilsin.

İkincisi, niyə Ermənistandakı dədə-baba yurdlarından zorla qovulmuş azərbaycanlıların deyil, məhz Qarabağdan könüllü köç etmiş ermənilərin yaşadıqları əraziyə qayıdışı sülh sənədinə salınmalıdır? Onları Azərbaycandan qovan var idimi?

Uorlik belə ədalətlidirsə, nədən “azərbaycanlı qaçqınların məsələsini də sülh sənədində əks olunmaldır” söyləmir və qaçqınları “sortlara” bölür? Yəni “güzgü prinsipi”, 50:50-yə! Özü də ermənilərdən fərqli olaraq, azərbaycanlılar Ermənistanda separatizmlə məşğul olmayıb, dinc yaşayıb, yerli qanunlara itaətkar olublar. Məgər onları ana doğmayıb, yoxsa ermənilər paltarda dünyaya gəlib? Ya bəlkə Uorlik Azərbaycanı hələ “banan ölkəsi” sayır? Keçdi o dövran.

Üçüncüsü, madam amerikalı eks-həmsədr qayıdışdan danışır, onda nə üçün Bakının qayıdış şərtlərini yada salmır, ermənilərin Azərbaycanın Konstitusiyası və qanunlarına əməl eləməli olduğuna xüsusi diqqət çəkmir? Azərbaycan sərhədi “karvansara qapısıdır”mı ki, erməni nə vaxt istədi sərbəst çıxsın, nə vaxt istədi qayıtsın? Daha mühümü, kim zəmanət verə bilər ki, geri dönən haylar az sonra təzədən ərazimizdə separatçı ocağı yaradıb dövlətimizə meydan oxumayacaqlar?..

Beləcə, bir yandan qaş” düzəldın Uorlik ardınca vurub “gözü” çıxarıb. Ondansa sussaydı.

Əslində bu, ermənilərə “ayı xidməti”dir. Görəsən Fransanın silah verib Ermənistanı Azərbaycan əleyhinə qızışdırması və sülhə mane olması ilə Uorlikin eyni şeyi sözlə etməsi və sülhə əngəl olması arasında nə qədər fərq var?

Son sual qoy amerikalı diplomat üçün “ev tapşırığı” olsun. Yəqin ki, indi boş zamanı çox olar. Axırıncı suallara nə vaxt doğru-dürüst cavablar tapsa, xəbər eləsin. Gözləyirik...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR