İnsanlara hürriyət, millətlərə istiqlal!

Ünvanlı sosial yardım almaq üçün boşananlar var

Müraciət sadələşdirilir, bir sıra tələblər ləğv olunur

Ünvanlı sosial yardıma müraciət sadələşdirilir, bir sıra tələblər ləğv olunur. Belə ki, ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı yardım” elektron sistemini yenidən qurub. Bu barədə nazirik məlumat yayıb. Məlumatda qeyd olunub ki, bundan sonra ünvanlı yardım üçün müraciət edən şəxslərdən aşağıdakı məlumatların qeyd edilməsi tələb olunmayacaq:

Ailə üzvlərinin

- pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları;

- əmək haqqı üzrə gəlirlər;

- tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları;

- daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması;

- kommunal xərcləri, telefon nömrələri və xərcləri;

- sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması;

- əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi;

- özünüməşğulluq proqramı üzrə müqavilənin olması;

- 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması.

Bu məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunacaq. Məlumatlar müraciət edən şəxsin müraciətini təsdiqlədikdən sonra müvafiq qurumlardan sorğulanacaq ki, bu da müraciətin texniki xəta olmadan tamamlanmasına imkan yaradacaq.

Beləliklə də ünvanlı sosial yardıma müraciət zamanı bir sıra tələblər ləğv olunur. Məlum olduğu kimi, bu məsələ ilə bağlı çox sayda sənədlərin tələb olunması narazılığa səbəb olurdu. Ekspertlər qeyd edir ki, ünvanlı sosial yardıma müraciətin sadələşdirilməsi insanların işini yüngülləşdirəcək.

Bəs yerdə qalan problemlər, çatışmazlıqlar  hansılardır?

Sahib Məmmədov: “Əgər təsir mexanizmləri yoxdursa...”

Sahib Məmmədov 

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi, ünvanlı sosial yardım 2006-cı ildən tətbiq edilməyə başlayıb. Yəni artıq 18 ildir ki, bu proses aparılır və daim təkmilləşdirmə işləri, islahatlar həyata keçirilir. Son islahatlara baxanda görürük ki, 2024-cü ildə ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılıb. Həmçinin 2023-cü ildə hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği 24 faiz artaraq 487 manata çatıb. Ümumilikdə, son beş ildə ünvanlı sosial yardımın orta aylıq məbləği 2,8 dəfə artıb. Eyni zamanda 2023-cü ildən ölkəmizdə ilk dəfə olaraq ehtiyac meyarının həcmi ilə yaşayış minimumunun həcmi bərabərləşdirilib.

Həmçinin ünvanlı yardımın şərtləri xeyli yumşaldılıb. Əvvəllər şərtlər daha sərt idi. Məsələn, ailənin götürdüyü  kredit ünvanlı yardım təyinatına maneə yaradırdı. Yəni ailənin krediti olduqda ünvanlı sosial yardım verilmirdi. Bundan başqa, ailədə uşağın dünyaya gəlməsi,  ailə üzvlərinin vəfat etməsi, əlilliyin müddətinin bitməsi, ailə üzvünün hərbi xidmətə qayıtması kimi hallarda sosial yardımın ödənişi dayandırılırdı. 

Son yeniliklərə gəldikdə, məlum olduğu kimi, ünvanlı sosial yardım üçün müraciət etdikdə xeyli sənədlər tələb olunurdu. Amma indi nazirliyin tədricən gördüyü işlər nəticəsində bunların hamısı elektronlaşıb. Yəni bir sıra sənədlər tələb olunmayacaq, artıq avtomatik olaraq ünvanlı sosial yardımı təyin edən orqanın özü həmin məlumatları elektron informasiya sistemlərindən tapacaq. Beləliklə, bundan sonra müraciət etmək daha asan olacaq.  O ki qaldı digər çatışmazlıqlara, problemlərə, adətən onlar yeniliklər tətbiq olunandan bir müddət sonra görünməyə başlayır. Çatışmazlıqlar istənilən vaxt olacaq. Məsələn, belə bir əbədi problem var - şəxsin əmlakı var, amma öz adına deyil. Və yaxud torpaq sahəsi var, satıb, amma bunu rəsmiləşdirməyib. Yəni bu cür problemlər həmişə var və olacaq da.  Onların da hamısını aradan qaldırmaq üçün hökumət tədbirlər görür. 

Əsas problem budur ki, ünvanlı sosial yardımı yalnız ehtiyacı olanlar almalıdır, amma təəssüf ki, ehtiyacı olmayanlar da sənəd düzəldir, buna görə bəzi informasiyaları gizlətməyə çalışır. Hətta süni boşanmalara gedənlər də var. Yəni bu problemlər hələ də mövcuddur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR