Onlayn ictimai-siyasi qəzet
Mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sədrliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası öz işinə başlayıb.
Beynəlxalq tədbirdə türk dövlətlərindən 50-yə yaxın universitetin rektorları, elm və təhsil nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında Türk dünyası şəhidlərinin xatirəsi ehtiramla yad edilib, sonra tədbirə həsr olunmuş videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov iştirakçıları salamlayaraq, UNEC-in TÜRKÜNİB-ə sədrliyi dövründə gördüyü işlər barədə təqdimatla çıxış edib. Bildirib ki, 2024-2025-ci il üçün elm, təhsil və sosial sahələr üzrə bir çox tədbir və layihələri əhatə edən Yol Xəritəsi Layihəsi hazırlanaraq, TÜRKÜNİB-in Baş Assambleyasına təqdim edilib. Prof. Ədalət Muradov TÜRKÜNİB-in Türk Dövlətləri Təşkilatı qarşısındakı statusu, mübadilə proqramlarının maliyyələşdirilməsi, TÜRKÜNİB-ə üzvlüyün kriteriyaları, daimi fəaliyyət göstərən strukturun yaradılması, eləcə də yeni texnologiyaların elm və təhsildə yaratdığı fürsətlərdən yararlanmaq və ehtimal olunan təhdidlərdən qorunmaq məqsədilə birgə fəaliyyət mexanizmlərinə ehtiyacın olub-olmaması barədə müzakirələrin aparılmasının vacibliyindən danışıb. Rektor bu günkü iclasda üzvlüklə bağlı 60 universitetin müraciətinə baxılacağını və birliyin gələcək fəaliyyəti üçün əhəmiyyətli olan məsələlərin müzakirə ediləcəyini bildirib.
Baş Assambleyada iştirak edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirakçıları salamlayaraq, təşkilatın gördüyü işlərdən və qarşıda duran vəzifələrdən söz açıb: “TÜRKÜNİB-ə üzvlüklə bağlı yeni 60 universitetin müraciəti təşkilata artan marağı nümayiş etdirir. Bu gün TÜRKÜNİB-i daha da gücləndirməyin yollarını müzakirə edəcəyik. ...Türk Dövlətləri təhsil nazirlərinin iyun ayında Şuşada keçiriləcək 8-ci iclası bu təkliflərin qəbul edilməsi və TÜRKÜNİB-in daha da institusionallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”-deyə baş katib bildirib.
Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənli Türk dünyası dövlətləri ilə elm və təhsil sahəsində həyata keçirilən əməkdaşlıqdan və əldə olunan müsbət nəticələrdən söz açıb. O, Assambleyada veriləcək qərarların bu əməkdaşlığın daha da genişləndirilməsinə və möhkəmlənməsinə zəmin yaradacağını bildirib.
Beynəlxalq Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev TÜRKÜNİB-in 7-cı Assambleyasının ölkənin aparıcı universiteti olan UNEC-də keçirilməsindən məmnunluğunu ifadə edib. Ş.Mustafayev türk dünyası dövlətlərinin rəhbərlərinin uğurlu əməkdaşlığından söz açaraq, bu əməkdaşlığın türk dünyası ölkələri arasında elm, təhsil, ümumilikdə ortaq dəyərlərin mənimsənilməsinə münbit zəmin yaratdığını bildirib. O, təkliflərin həyata keçirilməsi məqsədilə TÜRKÜNİB-də əlaqələndirmə mərkəzinin qurulmasının səmərəli ola biləcəyini də deyib. BTA prezidenti rəhbərlik etdiyi akademiyanın bu əməkdaşlığın inkişafına hər zaman dəstək göstərəcəyini diqqətə çatdırıb.
Açılış nitqlərindən sonra Baş Assambleya öz işini müzakirələrlə davam etdirib. İclasda TÜRKÜNİB-ə üzv olan universitetlərin elm və təhsil sahəsində proqramlarının uyğunlaşdırılması, mübadilə proqramlarının sayının artırılması, diplomların ekvivalentliyinin tanınması və s. istiqamətlərdə müzakirələr aparılıb. TÜRKÜNİB-ə müraciət etmiş 60 universitet birliyə üzv qəbul olunub və beləliklə üzvlərin sayı 109-a çatdırılıb.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ