İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Vətən müharibəsinin 11 ayı - “Qərbin dəstəyi tükənir” iddiası, Kremlin minimum hədəfi

Yanvarın 24-də Rusiyanın Ukraynaya hərbi təcavüzündən 11 ay ötür. Bir çox hərbi analitiklərə görə, qarşıdakı bir ay müharibənin taleyində həlledici, yəni dönüş xarakterli olacaq.

Hər halda, Rusiya rəhbərliyinin nəyin bahasına olur-olsun, fevralın 24-dək cəbhədə ciddi uğura nail olmağa çalışdığı sirr deyil. Moskva bundan ötrü həm də daha bir səfərbərliyə hazırlaşır. Minimum hədəf Donbas və Luqansk vilayətlərinin işğalını başa çatdırmaqdır. Ukraynanın əsas ümidi isə əlbəttə ki, ABŞ başda olmaqla, kollektiv Qərbin yeni və daha sanballı hərbi-texniki və maliyyə dəstəyinədir. Özü də bu dəstək vaxtında edilməlidir ki, Kiyev hərb meydanında Kremlin planlarını poza bilsin. Müharibənin taleyi yəqin ki, böyük ölçüdə bundan asılı olacaq. Ukraynaya hərbi kömək məsələsində isə hələ də bəzi aparıcı Qərb dövlətləri arasında fikir ayrılıqları mövcuddur.

“Qərb ictimaiyyəti bir qədər səbirsizdir və ola bilsin Ukraynaya silah göndərmək, dəstəkləməkdən yorulub”.

Bu sözləri Ukraynanın ən sadiq müttəfiqlərindən olan Polşanın baş naziri Mateuş Moravetski deyib.

“Qərb dünyasında şərq sərhədimizdən kənarda baş verənlərə marağın azaldığını görürəm. Biz polyaklar Ukrayna ilə bağlı Rusiyaya qarşı mübarizənin nə qədər vacib olduğu barədə müzakirələri canlandırmalıyıq, çünki Qərb getdikcə daha çox baş verənlərdən yorulur. Qərbdə ictimai rəyin Avropanın gələcəyinin burada həll olunduğunu daim başa düşməsi çox vacibdir”, - deyə o bildirib.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli isə deyir ki, Ukrayna qoşunları üçün 2023-cü ildə ərazilərin rus işğalçılarından azad edilməsini həyata keçirmək asan olmayacaq. Lakin onun sözlərinə görə, Ukrayna müdafiəni davam etdirə və cəbhədə vəziyyəti sabitləşdirə biləcək.

“Hərbi nöqteyi-nəzərdən mən hələ də inanıram ki, bu il Rusiya qoşunlarını Ukraynanın bütün işğal olunmuş ərazilərindən çıxarmaq çətin olacaq. Amma bu, çətin də olsa, baş verəcək”, - deyə o qeyd edib və ardınca deyib ki, Ukraynadakı münaqişə diplomatiya yolu ilə bitməlidir. “Bu müharibə bir çox münaqişələr kimi danışıqlar yolu ilə başa çatmalıdır, rusların və ukraynalıların danışıqlar masası arxasına oturmasının vaxtıdır”, - Milli söyləyib. Amerikalı general vurğulayıb ki, ABŞ, Ukrayna rəhbərliyi və əksər Avropa liderləri danışıqlar yolu ilə hərbi əməliyyatların dayandırılması barədə danışıblar.

Sonda isə o əlavə edib ki, artıq hər iki tərəf (Rusiya və Ukrayna) ciddi itkilər verib. Ancaq danışıqlar necə reallaşa bilər, əgər tərəflər sülh məsələsində diametral zidd mövqe tutursa? Rusiya ilhaq elədiyi 4 region və Krımla bağlı artıq öz konstitusiyasına belə müvafiq dəyişikliklər edibsə? Başqa yandan, Qərb gerçəkdənmi Ukraynaya dəstəkdən, yaxud müharibədən yorulub?

Əhəd Məmmədli: “Yeganə qorxduqları, özlərinə təhlükə hesab etdikləri Tural  Abbaslıdır”

Əhəd Məmmədli: “1994-cü ildə Azərbaycan və Ermənistanla bağlanan atəşkəsə oxşar razılıq uzağı gələn il Rusiya və Ukrayna arasında da bağlanacaq”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu savaşın artıq dünyada ciddi gündəm mövzusu olmadığını düşünür. Onun ehtimallarına görə, Rusiya-Ukrayna savaşı bu il bitə bilər: “Əvvəla, onu deyim ki, ən qanlı müharibələr belə gec-tez masa arxasında sonunclanır. Təbii ki, Ukrayna-Rusiya müharibəsi də sonda danışıqlarla bitəcək. Türkiyənin vasitəçiliyi ilə bu proses bir neçə dəfə baş verib. Savaşan ölkələrin XİN rəhbərlərinin görüşləri Türkiyədə keçirilib. Ukrayna və Rusiyanın kəşfiyyat rəhbərlərinin müavinlərinin görüşləri də Ankarada baş verib. Bütün bunlar danışıqlar prosesinin getdiyindən xəbər verir. Düzdür, bu proses bir neçə dəfə pozulub, təxirə salınıb, amma sonda yenə hansısa təmasların olduğu barədə xəbərlər gedib. O ki qaldı avropalıların bu müharibədən yorulduğuna, bu, gözlənilən idi. Rusiya-Ukrayna müharibəsi dünyada artıq əvvəlki gündəm mövzusu deyil. Çünki hər ölkənin öz problemi var və bu problemlərin həlli məsuliyyəti gərəkdir. 100 km, 1000 km-lərlə uzaq Ukraynada gedən müharibənin hissəsi kimi, özlərini avropalıların çoxu hiss etmək istəmir. Üstəlik, Rusiyaya tətbiq edilən sanksiyalar, embarqo Avropanın özünə də təsir edir. Bu qışı Avropa qənaət rejimində yaşadı. Eyfel qülləsi gün ərzində saatlarla yanırdı. Almanların ən azı bir hissəsi ukraynalılara görə ruslarla savaşmaq istəmir və bu yöndə hökumətlərinə təzyiqləri çoxaldıblar. Fransızlar, ümumiyyətlə, hökumətlərinə qarşı çoxminlik aksiyalara başlayıblar. Düzdür, onların bu aksiyalarının etirazı təqaüd yaşının qaldırılmasına görədir, amma bunun digər çalarları da var. Bu müharibənin Amerikaya belə təsiri var. Okeanın o tayında benzin və məhsul ərzaqlarının qiyməti qalxıb. Aydın məsələdir ki, belə çox davam edə bilməz. Fikrimcə, bu il Ukrayna-Rusiya müharibəsinin son ili olacaq. Uzağı gələn il tərəflər masa arxasına otuzdurulacaq, uzunmüddətli atəşkəs elan ediləcək. Cəbhədə kim hansı yerdə qalıbsa, o yerdə də dayandırılacaq. Düşünürəm ki, 1994-cü ildə Azərbaycan və Ermənistanla bağlanan atəşkəsə oxşar razılıq uzağı gələn il Rusiya və Ukrayna arasında da bağlanacaq”.

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov Rusiyanın xüsusi əməliyyatlar hazırladığını qeyd etdi: “Artıq bir aydan sonra bir ili tamam olacaq ki, Rusiya-Ukrayna müharibəsi gedir. Savaşın ilk günlərində rus qoşunları Kiyevə qədər gəlib çıxmışdılar və Ukrayna Silahlı Qüvvələri onların qarşısını ala bildi. Hücum planı quruldu və nəticədə Ukrayna tərəfi şimal istiqamətində sərhədlərini bərpa edə bildi. Əsas döyüşlər isə Luqansk, Donetski, Zaporoji, Xerson və Xarkovda getdi. Xarkovun 90%-ni Ukrayna azad edə bilib. Sonuncu ağır döyüşlər Baxmud, Soledarda gedir. Son günlər Zaporoji vilayətində döyüşlər gedir. Bir neçə pozitiv mövqe döyüşləri də gedib. Bu döyüşlər zamanı qismən irəliləyiş olub. Ukrayna hərbçiləri köhnə mövqelərini müəyyən qədər bərpa edə biliblər. Bilirsiniz ki, rusların silah-sursatları, canlı qüvvələri Ukrayna tərəfindən qat-qat çoxdur. Baxmayaraq ki, 117 mindən artıq itkiləri var. Düşünürəm ki,  Zaporoji vilayəti istiqamətində rusların döyüşlər aparmaları diqqəti daha çox Baxmud və Soledardan ayırmağa yönəlib. Baxmud strateji bir yoldur, Buna dörd yol da deyirlər. O istiqamətdə dəmir yolu, quru yolu var. Təminat baxımından strateji bir ərazidir. Ora həm Ukrayna, həm də Rusiya üçün əhəmiyyətlidir. Silahlanma təminatı üçün önəmi çoxdur. Ukrayna tərəfi üçün Luqansk və Donetskinin işğal altındakı ərazilərinin azad edilməsi üçün bu ərazinin önəmi misilsizdir. Bilirsiniz ki, baş qərargah rəisi Gerasimovun quru qoşunları komandanının müavini təyin edilməsi, eyni zamanda əməliyyatlara birbaşa Gerasimovun rəhbərlik etməsi elə-belə hadisə deyil. Böyük ehtimalla xüsusi əməliyyatlar hazırlanır. Genişmiqyaslı olacaq bu əməliyyatlar böyük masştabda keçiriləcək. Vacib şəxslərin ora göndərilməsi və əməliyyatlara rəhbərlik etmələri adi bir hal deyil. Hesab edirəm ki, hər iki tərəfdə hazırlıq gedir”.

Ermənilərdən yeni təxribatlar: Xocavənddə “PUA emalatxanası” açılıb

Rövşən Məhərrəmov: “Avropada da artıq çöküntülər hiss olunmaqdadır”

R.Məhərrəmov Rusiyaya qarşı Avropada formalaşdırılan üç korpusdan da söz açdı: “Bilirsiniz ki, İngiltərə, Polşa və Almaniya ərazisində 30 minə yaxın üç korpusun həm silahla, həm də insan resursları baxımından ştatlara uyğun şəkildə komplekləşdirilməsi nəzərdə tutulur. Bu 30 min qoşun NATO standartlarına uyğun şəkildə hazırlanır. Düzdür, Almaniya müasir tankların verilməsinin əleyhinədir. Hətta NATO və Avropa Birliyi ölkələri daxilində bu məsələyə fərqli münasibət var. Amma Polşanın fikri qətidir. Bu ölkənin rəhbəri dəfələrlə açıqlama verib. Ukraynanın işğalı NATO ölkələri üçün bir təhlükədir. Artıq rus qoşunlarının NATO sərhədlərinə yerləşdirilmə ehtimalları var. Bunu Amerika və Avropa Birliyi ölkələri çox yaxşı bilirlər. İnanıram ki, bir fikrə gələcəklər. Amerika Ukraynaya tək silahlanma üçün deyil, sosial məsələlərin həlli üçün 45 milyard pul ayırıb. 2023-cü ilin büdcəsi üçün bu maliyyə dəstəyi təsdiqlənib. Buna baxmayaraq, yenidən ABŞ rəhbərinin açıqlaması oldu ki, biz hələlik bu qərarı qəbul etməmişik və ola bilər ki, bu yardımların məbləği artsın, daha çox yardım olunsun. İngiltərə öz fikrindədir. İndiyə qədər də yardım edir, silah-sursatlarını əsirgəmir. Əsas güc isə aydın məsələdir ki, ABŞ-ın üzərindədir. Bu mübarizə uzun müddət davam edəcək. Nə ruslar, nə də ukraynalılar öz mövqelərini dəyişən deyillər. Əlbəttə, Ukrayna tərəfi öz ərazisində müharibə aparır. Rusların itkiləri çoxdur və 117 min az rəqəm deyil. Ruslar şəhərlərdən daha çox hazırda əyalətlərdən səfərbərliyə cəlb olunurlar. Həbsdə olanları indi təkcə özəl "Vaqner" şirkətinə deyil, orduya da cəlb edirlər. Bütün silahlı qüvvələr Gerasimovun rəhbərliyi altına verilib. İlk günlərdə rus qoşunları zəif görünürdü. II Dünya müharibəsində olduğu kimi, bu dəfə də rus ordusu döyüşə-döyüşə təcrübə qazanmağa başladı və son dönəmlərdə bu özünü göstərməkdədir. Ruslara bir neçə istiqamətdə müharibə aparmaq sərf edir. Əgər səfərbərlik nəticəsində, deyildiyi kimi, 500 min insanı müharibəyə cəlb etsələr, Ukrayna üçün müharibə aparmaq çox çətin olacaq. Amma açığı inanmıram ki, onları bir dəfəyə çağırsınlar. Çünki onların təminatı da vacibdir. Düşünürəm ki, hissə-hissə çağıracaqlar. Bu müharibədə danışıqlar çox çətin olacaq. Çünki Ukrayna tərəfi Krım daxil bütün torpaqların boşaldılmasını tələb edir, amma Rusiya buna gedən deyil. Ola bilər ki, 2023-cü ildə bu müharibə yekunlaşmasın. Danışıqlarda nə Ukraynanın, nə də Kremlin geri çəkilməsi görünmür. Rusiya konstitusiya ilə 4 vilayəti qəbul edib. Putinin geri çəkilməsi onun seçkilərdə məğlubiyyəti deməkdir. O isə hakimiyyəti təhvil vermək fikrində görünmür. Bu müharibənin uzanması Amerika və digər Qərb ölkələrinə də artıq böyük bir zərbədir. Avropada da artıq çöküntülər hiss olunmaqdadır. Azından yaxın 6 ayda hər iki tərəfin masa ətrafına oturması ehtimalı görünmür. Çünki hər iki tərəf müharibəyə hazırlaşır. Üç korpusdan əlavə, Ukraynanın özündə də səfərbərlik gözlənilir. Əlavə 3-4 korpus yaratmaq fikrindədirlər. Əgər bu fikirdədirlərsə, demək, müharibənin davam edəcəyi qaçılmaz görünür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR