İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanı satan siyasətçi öz ölkəsini suçladı - “Rusiya əcəb edib”

 

Vladimir Putinə yaxınlığı ilə bilinən, bu yaxınlarda Ukrayna vətəndaşlığından və deputat mandatından məhrum edilmiş rusiyayönlü ukraynalı siyasətçi Viktor Medvedçuk doğma ölkəsinə qarşı genişmiqyaslı işğalın başlamasından bəri ilk dəfə siyasi bəyanatla çıxış edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Medvedçukun adından Rusiyanın Kremlyönlü “İzvestiya” qəzetində məqalə dərc olunub.

Həmin məqalədə indi Ukraynada qadağan edilmiş “Müxalifət Platforması - Həyat Naminə” partiyasının keçmiş lideri Qərbi və Ukrayna hakimiyyətini Ukraynada müharibəyə başlamaqda ittiham edir və münaqişədə Rusiyanın tərəfində olduğunu yazıb. Eyni zamanda o, öz mövqeyini “sülh və sivil dialoq uğrunda mübarizə” adlandırır.

Məqalənin böyük hissəsi Kremlin “soyuq müharibə” ilə bağlı əsas tezislərini təkrarlayır. Medvedçuk da Qərbin Rusiyanın maraqlarını nəzərə almadığını və ABŞ və Avropa siyasətçilərinin heç də Ukraynaya sülh istəmədiklərini bildirir. Medvedçukun sözlərinə görə Ukrayna mədəni və mental olaraq Rusiya ilə bağlıdır.

Bununla belə, Medvedçukun fikrincə, bəzi Qərb qüvvələri ukraynalıların şüuruna təsir edərək, onları demokratik islahatlar adı altında ruslara qarşı qoyub.

Viktor Medvedçuk Rusiyanın Ukraynaya təcavüzünə də haqq qazandırıb. Onun fikrincə, “Rusiyanın təkcə öz iqtisadi maraqlarını deyil, həm də beynəlxalq şərəf və ləyaqətini qorumaq zərurəti ilə üz-üzə qalıbmış”.

Medvedçukun sözlərinə görə, Qərbin Kiyevə dəstəyini davam etdirməsi nüvə müharibəsinə gətirib çıxara bilər. O, “detente” (yumşalma) siyasətini bu prosesə alternativ adlandırır. Keçmiş ukraynalıya görə, bunun üçün Qərb Rusiyanın maraqlarının olduğunu siyasi cəhətdən etiraf etməlidir.

Viktor Medvedçuk Rusiyanın işğalçı müharibə çərçivəsində apardığı hərbi əməliyyatlardan demək olar ki, bəhs etmir. O həmçinin Rusiyanın Ukrayna torpaqlarını işğal etməsindən, savaşda çoxlu mülki əhalinin həlak olmasından bir kəlmə belə yazmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR