İnsanlara hürriyət, millətlərə istiqlal!

Çörəyi kartondan çıxır: Zibilxanalara atdığımız qutularla dolananlar – REPORTAJ

Vaqif Əsgərov təqaüdçüdür, 68 yaşı var. Xanımı ilə birgə Sumqayıtda yaşayır. Övladları illər öncə Rusiyaya köçüb. Buna görə də həmsöhbətim və həyat yoldaşı öz başlarının çarəsinə baxmaq məcburiyyətindədilər. Çünki aldıqları təqaüd onların dolanışığına bəs etmir. Buna görə də evin kişisi market və zibilxanalardan karton qutu yığaraq onu müxtəlif məntəqələrə təhvil verir və bu yolla keçinirlər.

“Mən pensiyaçıyam. Bu işlə məşğul olmalıyam da, başqa çıxış yolum yoxdur. Gün ərzində 40-50 kilo karton qutunu güclə yığıram. Köməyim olsa, çox toplayaram. 3 günə 20 manat pul qazanıram. Onun da 10 manatı benzinə çıxır, əlimdə 10 manat qalır. Biz toplamasaq, bu kartonlar batıb gedəcək. Tonlarla qutunu təhvil veririk”, - o deyir.

Həmsöhbətim bildirir ki, istəyən hər kəs bu işlə məşğul ola bilər:

“Heç bir narahatlığı yoxdur. Çörək pulu qazanmaq ayıb deyil.

220 manat təqaüd alıram. Bu isə mənə bəs etmir. Buna görə də məcbursan ki, əlavə işlə məşğul olasan. Uşaqlarım Rusiyada yaşayırlar. Onların özlərinə kömək edən lazımdır. Xanımım əvvəllər meyvə-tərəvəz satırdı. İndi isə evdədir.

Biz kartonları məntəqəyə təhvil verəndə 1 kilosuna 8 qəpik alırıq. Yerinə aparıb verəndə isə 15 qəpikdir. Qida şirkətləri həmin karton qutuları məntəqələrdən tonlarla alıb, bərpa edirlər”.

Vaqif Əsgərov çətinliklə dolandığını deyir. Bildirir ki, gərək tezdəndən günorta 5-ə kimi işləyə ki, nəsə qazana bilə:

“Bu gün 20 kilo karton yığmışam. Köməyim olsa, çox yığaram. Allah çarəmi kəsib. Heç kim işləmək istəmir. Bu işlə məşğul olduğuma görə infeksiyaya yoluxmaqdan qorxuram. Ona görə də tez-tez əlimi yuyuram, xlorlayıram”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR