İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada SOCAR-a qarşı başladılan kampaniya - Qərbin sifarişi, yoxsa...

Azər Badamov: “Bu, Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilməyənlərin işidir”

Ukraynada Azərbaycana - SOCAR-a qarşı anormal bir kampaniya başlayıb. “Qazpromla” əməkdaşlığını bəhanə edərək, SOCAR-ı boykot etmək barədə mediada qara piar aparılır.

Hansı ki, SOCAR Ukraynada müharibə başlayan gündən təcili yardım, yanğınsöndürən maşınlarını fors-major hallarda didərgin düşmüş ailələrin maşınlarını yanacaqla təmin edib.

Azərbaycan balanslı mövqe tutaraq daim Ukraynaya humanitar yardımlar göndərib, xeyli sayda ukraynalı uşağı reabilitasiya üçün Heydər Əliyev Fondu Azərbaycana gətirib.

Soydaşlarımız Ukraynada döyüşürlər, 50-dən çox azərbaycanlı müharibədə həlak olub, 200-dən çoxu yaralanıb.

Digər bir məsələ odur ki, Ukrayna özü "Qazprom"la əməkdaşlığını bu gün də kəsməyib!

Ən əsası, Azərbaycan Ukrayna-Rusiya arasında sülh əldə edilməsi üçün balanslı bir tərəf kimi ümid yeridir və bu təşəbbüslə çıxış etmək niyyəti də mövcuddur. 

Belə olan halda SOCAR-a qarşı kampaniya xüsusi bir qərəz, kampaniya kimi meydana çıxa bilərdi. Bunu Ukraynadan Qərbin tələb etməsi də istisna deyil. Ukrayna mediası niyə belə kəmfürsətlik etdi? Səbəb nədir? Dövlət qarışacaqmı? Zelenskinin mövqeyi necə olacaq?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov

VI Çağırış Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, bu kampaniya ukraynalıların beyninin məhsulu deyil: “Ukraynada SOCAR-a qarşı başladılan kampaniya Qərbin sifarişidir. Çünki SOCAR-ın fəaliyyəti Ukrayna üçün həyati əhəmiyyət daşıyır. SOCAR müharibə başlayan gündən Ukraynada yanacaqla bağlı böhran yarananda təcilli yardım və fövqəladə hallar avtomobillərini pulsuz yanacaqla təmin edib. Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardımlar göndərib, Heydər Əliyev Fondu valideynlərini itirmiş uşaqların bir qrupunu Azərbaycana gətirərək reabilitasiya tədbirləri görüb. 50-dən çox azərbaycanlı Ukrayna tərəfində vuruşaraq həlak olub, 200-dən çoxu yaralanıb. Azərbaycan balanslı xarici siyasət yürüdür və müharibə edən hər iki tərəflə münasibətlərini qorumağa çalışır. Həm də Azərbaycanın hər iki tərəfilə münasibətləri yaxşı olduğuna görə sülh təşəbbüsləri də çıxış edərək müharibəni danışıqlar yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına çağırışlar edib. SOCAR-ın "Qazprom"la əməkdaşlıq etmək haqqında sənədi imzalaması Ukraynada əslində narazılıq yaratmamalıdır. Çünki Ukrayna Rusiya ilə müharibə vəziyyətində olmasına baxmayaraq "Qazprom"la əməkdaşlığını davam etdirir və milyonlar qazanır. Burda SOCAR-ı ittiham etməkdə ukraynalıların heç bir haqqı yoxdur. Amma ukraynalı politoloqlar, ekspertlər və media orqanları SOCAR-a qarşı təbliğat aparır və ictimaiyyət arasında qəzəb yaratmağa çalışırlar. Bu məsələ heç də Ukraynanın daxilində meydana gəlməyib. Bu, Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilməyən Qərbin sifarişidir. Onlar çalışırlar ki, Azərbaycana qarşı pis imic formalaşdırsınlar. Hətta bu məsələdə ermənilərin əli olduğunu da hesab edirəm. Çünki sosial şəbəkələrdə Kiyevdə ermənilərin balaca bir piyada səkiyə asfalt döşədiyini reklam edərək Azərbaycana qarşı ittihamlar səsləndirdiyini də müşahidə etdik. Yəni, SOCAR-a qarşı aparılan qərəzli kampaniya ukraynalıların beyninin məhsulu deyil. Bu məsələdə barıt qoyanlar çoxdur və SOCAR-a qarşı qərəzli kampaniya təşkil etməklə Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirilməsinə çalışırlar. Təəssüf ki, Ukrayna hakimiyyəti bu məsələyə qarışmır və Azərbaycana qarşı yönəlmiş bu qərəzli kampaniyanın qarşısını almır. Bu bir daha sübut edir ki, Ukrayna hakimiyyəti qərbdən idarə olunur və onların sifarişlərini icra edir. Amma müharibələr əbədi davam etmir. Zaman gələcək ki, Rusiya-Ukrayna müharibəsi də başa çatacaq və qərbin Ukraynadan imtina etdiyini də görəcəyik. O zaman Ukraynanın Azərbaycana çox ehtiyacı olacaq və bu gün aparılan qərəzli kampaniyaların nə qədər əhəmiyyətsiz olduğunu onda başa düşəcəklər. Azərbaycan beynəlxalq siyasətini xarici dairələrin sifarişlərinə əsasən qurmur və bəzi dairələrin xoşuna gəlməsə də, dövlətin milli maraqlarına əsaslanaraq öz müstəqil siyasətini davam etdirir”.

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı bir vacib məqamı xüsusi vurğuladı: “Burada SOCAR-ın müharibə vaxtı pulsuz yanacaq verməsindən tutmuş, Ukraynada fəaliyyətinin bu ölkəyə verdiyi iqtisadi xeyirlərinə qədər (ən böyük vergi ödəyicilərindəndir) bir çox məsələni qeyd etmədən bir məqama diqqət etmək lazımdır. Müharibəyə rəğmən, Rusiya qazı hələ də Ukrayna ərazisindən keçərək, Avropaya çatdırılır və bundan ”Qazprom" böyük pullar qazanır, rəsmi Kiyev də tranzit haqqı alır. O zaman, nə üçün bu tranzitin ləğv edilməsi tələb olunmur?!

Tranzitin dayandırılmamasını “5 illik müqavilə” ilə izah edirlər. Necə olur ki, Ukrayna Avropanın enerjisiz qalmaması, həm də tranzit haqqı qazanmaq üçün müharibə apardığı Rusiya ilə müqavilənin şərtlərinə əməl edir, Azərbaycandan isə əməkdaşlığı kəsməyi istəyirlər?!

Rusiya qazının Ukraynadan keçərək, Avropaya daşınması ilə bağlı razılaşma bu ilin sonunda başa çatacaq. Avropa İttifaqı isə müqavilənin ən azı 2025-ci ilin sonuna qədər uzadılmasını istəyir və məlumatlara görə, bunun üçün Azərbaycandan Rusiya ilə danışıqlarda vasitəçilik etməsini xahiş edirlər.

Bütün bunların fonunda SOCAR-ın “Qazprom”la əməkdaşlığına qarşı başlanan kampaniyadan bir nəticə çıxır: Ukrayna özünün etmədiyini Azərbaycanın etməsini istəyir".

Rusiya Ermənistanı itirmək istəmir" - Turan Rzayev News 365

 Turan Rzayev

Politoloq Turan Rzayevin sözlərinə görə, SOCAR-la bağlı başlanan kampaniyanın Ukrayna hökuməti ilə əlaqəsi yoxdur: “Kiyev indiki məqamda Bakı ilə münasibətləri pozacaq addımlar atmaz. Məsələ ondadır ki, Azərbaycan Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləmir. Həmçinin rəsmi Bakı Kiyevə müharibənin ən kritik anlarında humanitar yardımlar edib, pulsuz yanacaq verib. Prezident Vladimir Zelenskinin və hökumətinin bütün bunları unudub sırf ”Qazprom"la strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılaşma əldə etdiyi üçün SOCAR-ı boykot etməsi inandırıcı deyil.

Ümumiyyətlə, SOCAR-ın “Qazprom”la imzaladığı sazişin mətninə baxdıqda görmək olur ki, bunun Ukraynaya heç bir aidiyyəti yoxdur. Belə ki, iki şirkət arasında “Şimal-Cənub” layihəsi konstekstində tərəfdaşlıq var və inkişaf edir. Yeni razılaşmanın detallarını isə “Qazprom”un rəhbəri Aleksey Miller açıqlayıb.

“Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik inkişaf edir. Buraya “Şimal-Cənub” layihəsi, cari ilin sentyabrında genişmiqyaslı elmi-texniki əməkdaşlıq proqramının imzalanmasına dair razılaşma daxildir. “Qazprom”un rəhbəri Aleksey Miller şirkətlər arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb. Bütün bunlara baxmayaraq, SOCAR-a qarşı boykotu məntiqli hesab edənlər varsa, deyim ki, müharibəyə, sanksiyalara baxmayaraq Rusiya qazı hələ də Ukrayna ərazisindən keçərək Avropaya çatdırılır. Bu satışdan isə yenə ən böyük gəliri “Qazprom” götürür, Ukrayna isə tranzit haqqı alır.

Söhbət təkcə SOCAR-ın hədəf alınmasından getmir. Çünki bu, şirkətə qarşı ilk boykot cəhdi deyil. Belə ki, bir müddət öncə şirkətin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalmışdı. “Fələstin üçün min gənc” adlı qrup neft şirkəti ofisinin üçrəngli bayrağımızın rəngləri olan divarlarına qırmızı boya atıb, giriş qapılarını sındırmağa cəhd etmişdi. Həm İstanbuldakı bu olay, həm də Ukraynada başladılan boykot ehtimal ki, eyni mərkəzdən idarə olunur. Çünki SOCAR-a qarşı aparılan kampaniyalar məhz dost və əməkdaşlıq etdiyimiz ölkələrdə olur. Həmin ölkələrin, hökumətlərin belə bir şey etməsi məntiqsizdir.

Mümkündür ki, hər iki prosesin arxasında erməni lobbisi və diasporu, hətta Fransa dayanır. Belə ki, kampaniyalar SOCAR üzərindən aparılsa da, məqsəd Azərbaycanın nüfuzunu zədələmək, etibarına xələl gətirməkdir. Məsələn, Ukraynadakı boykot Azərbaycanın işğalçı müharibədə Rusiyanı dəstəklədiyi təəssüratını yaratmağa hesablanıb. Bununla Qərbin Bakıya təzyiq etməsi istənilir. İstanbuldakı hadisədə isə Azərbaycanın İsrailə dəstək verdiyi fikri yaradılır, buna görə islam ölkələrinin Bakıya təzyiq göstərməsi istənilirdi. Nəticə etibarilə hər iki olay və hesablandığı məqsəd bənzərdir. Bu da prosesin vahid mərkəzdən idarə edildiyini göstərir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR