İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada şərlənən qazimiz təcridxanadan “Yeni Müsavat”a zəng etdi - bəraət şansı var

Misir Qasımlı Ukraynada aclığı davam etdirir, səhhətində problem yaranıb

1 ildən çoxdur Ukraynada şərlənərək həbsdə saxlanılan qazimiz Misir Qasımlı və digər həmyerlimiz Sübhan Quliyevin hüquqi vəziyyətlərində xüsusi dəyişiklik yoxdur. Lakin onların səhhətində problem yaranıb. Buna səbəb etiraz olaraq əl atdıqları aclıq aksiyasıdır. Belə ki,  M.Qasımlı və S.Quliyev Ukraynada Kiyevdə istintaq təcridxanasında sentyabrın 5-dən aclıq aksiyasına başlayıb. M.Qasımlının vəkili Aygül Rəfiyeva məlumat verib ki, hər iki şəxsin səhhəti pisləşib və onlara təcili tibbi yardım çağırılıb. Misir Qasımlı və Sübhan Quliyev həkim nəzarətinə götürülüb.

İddialara görə, adları çəkilən soydaşlarımız Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, buna dair heç bir sübut yoxdur və faktiki olaraq qazimiz bir ədəd yarım erməninin qərəzli şikayəti əsasında qanunsuz olaraq Ukraynada saxlanılır.  Azərbaycanlılar Ukraynanı dəstəklədiyi, bir sıra soydaşlarımız orada döyüşüb şəhid olduğu halda, Kiyev hüquq-mühafizə orqanlarının bir erməninin şəri ilə Qarabağ qazimizi həbsdə saxlaması onlar üçün rəzalətdir.

Ombudsman Aparatından “Yeni Müsavat”a verilən məlumata görə, Azərbaycan Ombudsmanı Ukraynada həbsdə olan vətəndaşlarımızla bağlı ukraynalı həmkarına müraciət edib: “Ukraynada həbsdə olan vətəndaşlarımız Misir Qasımlı və Sübhan Quliyevlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinetsə müraciət ünvanlanıb.

Qeyd olunub ki, vəkil Dobranitsa Valeriy Mixayloviç hüquqlarını müdafiə etdiyi Azərbaycan Respublikası vətəndaşları Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlu barəsində başlanmış cinayət işinin istintaqı zamanı prosessual hüquq pozuntularına yol verilməsi, hazırda isə Ukraynanın Kiyev vilayəti üzrə Obuxov Rayon Məhkəməsində işə qeyri-obyektiv baxılması ilə bağlı Azərbaycan Ombudsmanına müraciət edib.

S.Əliyeva bununla bağlı ukraynalı həmkarına  ünvanladığı məktubda vətəndaşımızın hüquqlarının səmərəli müdafiəsi və təminində səlahiyyətləri çərçivəsində kömək göstərilməsini xahiş edib.  Məsələ Ombudsmanın nəzarətində saxlanılır".

Azərbaycan Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ilk məhkəmə iclası keçirilib: “Səfirlik səlahiyyətləri çərçivəsində mümkün olan bütün tədbirləri görür. Müharibə şəraitinə baxmayaraq, prosesin sürətlənməsi üçün çalışırıq. Bunun üçün müraciət etmişik. İcra hakimiyyəti orqanlarının məhkəmə işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur. Misir Qasımlı və vəkili ilə əlaqə saxlamışıq. Proses çərçivəsində qanun pozuntularının olması ilə bağlı iddialar var. Bunu sübut etmək üçün ciddi arqumentlər olmalıdır. Məsələn, araşdırma zamanı məlum olub ki, həbs-qətimkan tədbirinin uzadılması qanunsuzdur, çünki tərcüməçi olmayıb. Lakin bildirildi ki, müharibə şəraitində tərcüməçisiz də qərar qəbul edilə bilər. Ukrayna Xarici İşlər Nazirliyi və prokurorluğuna təkrar görüş üçün müraciət etmişik. Qısa aralarla üç iclas təyin olunub. Halbuki adətən belə olmur. Son iclas 3 oktyabrda keçiriləcək. Müharibə şəraitinə görə prosesin uzanmasını anlayışla qarşıladıq. Misir Qasımlı ilə danışanda saxlama şəraiti ilə bağlı şikayətinin olmadığını bildirmişdi. XİN-dən yazılı razılıq olmadığı üçün şəxsən görüşə bilməsək də, rəsmi sorğuya cavabda bu qeyd olunub. İstintaq naşı aparılıb, bəraət şansı var. İndiki mərhələdə ən doğrusu məhkəmə prosesinin nəticəsini gözləməkdir”.

Qeyd edək ki, Misir Qasımlının hüquqları Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor Təşkilatının hüquqşünasları tərəfindən qorunur. Bundan başqa, diaspor sədri Hikmət Cavadov, eləcə də idarə heyətinin üzvləri məhkəmədə rəsmi şəkildə onun azadlığa buraxılması üçün zamin durublar.

Qeyd edək ki, qazi Misir Qasımlı sentyabrın 12-də birbaşa təcridxanadan “Yeni Müsavat”ın əməkdaşı ilə telefon əlaqəsi yaradaraq, bir sıra məsələlərə aydınlıq gətirib.

Qarabağ qazisi Azərbaycanın Ukraynadakı səfirliyinin onun məsələsi ilə bağlı açıqlamasına mövqe bildirib, həbsinin bütün detallarını, bu işdə erməni faktorunu və bir çox ilginc məqamları açıqlayıb. Onun dediklərini aşağıdan dinləyə bilərsiniz: 

 

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR