Onlayn ictimai-siyasi qəzet
Sosial medianın Ukrayna seqmentində yayılan bu video Azərbaycanda ciddi rezonansa səbəb olub.
Musavat.com xəbər verir kic görüntülərdə özünü Azərbaycan vətəndaşı kimi təqdim edən bir şəxs Ukrayna tərəfində əsir kimi təqdim edilir. O, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarında iştirak etdiyini bildirir və bu səbəbdən əsir düşdüyünü deyir.
Qeyd edək ki, videoda həmin şəxsin ad-soyadı, doğum yeri və tam kimliyi açıqlanmır. Hazırda bu şəxsin doğrudan da Azərbaycan vətəndaşı olub-olmaması Musavat.com üçün açıq sual olaraq qalır.
Videoda maraq doğuran başqa bir detal isə onu dindirən şəxsin peşəkar istintaq əməkdaşı yox, daha çox bloqer görüntüsü verməsidir. Sual-cavab xarakteri və danışıq tərzi birbaşa hüquqi prosedurdan çox, sosial media üçün hazırlanmış material təəssüratı yaradır. Bu isə məsələyə əlavə suallar doğurur.
Əsir kimi təqdim olunan şəxsin geyimindəki mavi uniforma, arxa fon və ümumi çəkiliş üslubu onun Ukrayna tərəfinin nəzarətində olan bir məkanda saxlandığını göstərir. Lakin videoda ciddi peşəkar istintaq proseduruna dair heç bir əlamət yoxdur.
Hazırda nə Azərbaycan, nə də Ukrayna rəsmiləri bu videoya münasibət bildirməyib. Kimliyi açıqlanmayan bu şəxsin doğrudan da azərbaycanlı olub-olmaması, Rusiya ordusuna necə qoşulması və hansı şəraitdə əsir düşməsi məsələsi dəqiqliklə araşdırılmağa ehtiyac duyur.
Musavat.com mövzu ilə bağlı yeni təfərrüatlar məlum olduqca xəbəri yeniləyəcək.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ