İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün “alman ssenarisi”: parçalanmaq, sonra birləşmək?

Qərb analitikinə görə, Ukrayna İkinci Dünya müharibəsindən sonrakı Almaniyanın taleyini təkrarlaya bilər; NATO işğal olunmuş ərazilərdən imtina müqabilində Kiyevin alyansa qəbulunu müzakirə edir - iki ekspertin çarpaz baxışı

“Ukrayna İkinci Dünya müharibəsindən sonrakı Almaniyanın taleyini təkrarlaya bilər”. “Yeni Müsavat”ın xəbərinə görə, bunu alman analitik Mark Oliver Rüle deyib. Onun sözlərinə görə, NATO Rusiya tərəfindən işğal olunmuş ərazilərdən imtina müqabilində Ukraynanın dərhal alyansa qəbulunu müzakirə edir. Rüle NATO baş katibi Yens Stoltenberqin sözlərindən də sitat gətirib: 

“Ukraynada davamlı sülhün yeganə yolu Ukrayna Silahlı Qüvvələrinin hərbi gücünə zəmanət verməkdir ki, Rusiya Ukraynanı döyüş meydanında məğlub edə bilməyəcəyini anlasın”. Rüle bu sözlərin Ukraynanın parçalanması və NATO-ya dərhal üzv olması planına zidd olmadığını iddia edib. O xatırladıb ki, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Almaniya da analoji şəkildə parçalanıb. Amma SSRİ-nin parçalanmasından sonra yenidən birləşib. Yəni belə çıxır, Ukrayna da Rusiyanın parçalanmasını gözləməlidir? Ukrayna üçün “Alman ssenarisi” realdırmı? Hətta Rusiya TŞ sədr müavini Dmitri Medvedyev Ukraynanı 5 yerə parçalamışdı. 

Hazırda Ukraynanın parçalanması gündəlikdə deyil. Çünki yeni hərbi yardımların təsdiqlənməsi gözlənilir. Kiyev isə Rusiya şəhərlərini vurmaqda davam edir. Hətta min kilometr uzaqda olan Tatarıstanda zavoda hücum təşkil edib. Eləcə də Ukrayna kəşfiyyatçıları Rostovda neft kəmərini partladıb. Demək olar ki, Rusiya hər səhəri ərazisinə dron zərbəsi ilə açmaqdadır. Yəni müharibə artıq hər iki ölkədə gedir. İndiki şəraitdə Ukrayna işğal altında olan ərazilərini azad etməyə qadir görünməsə də, atəşkəs olmayacağı görünməkdədir. Zelenski Türkiyənin masaya oturmaq təklifini geri çevirərək Qərbi də platformada görmək istəyir. “Ukraynanın Rusiya ilə müharibədəki məğlubiyyəti Qərbin adına yazılacaq”. 

Böyük Britaniyanın və Fransanın xarici işlər nazirləri Devid Kemeronla Stefan Sejournenin “Telegraphy” qəzetinə yazdığı məqalədə bildirilib. “İkimiz də çox açıq deyirik: Ukrayna bu müharibədə qalib gəlməlidir. Əgər Ukrayna uduzarsa, hamımız uduzacağıq”, - iki ölkənin xarici işlər nazirləri bildirib. Kameronla Sejourne həmçinin bildiriblər ki, Fransa və Britaniya Avropa Siyasi Birliyinin iyulda keçiriləcək sammitində Kiyevə “sarsılmaz” dəstəyini bir daha təsdiq edəcəklər. Nazirlərin fikrincə, Qərb ölkələri Rusiyanı məğlub etmək üçün çox şey etməlidir. Nazirlərin bəyanatından da bəlli olur ki, Qərb Ukraynanı müdafiə etməyə məhkumdur, yoxsa bunu NATO cəbhəsinin uduzması kimi qəbul edəcəklər. 

Rus qoşunları Avdeyevkadan qərbə doğru daha 2-3 kilometr irəliləməyi bacarıb. Almaniyanın “BILD” nəşrinin analitik qrupu tərəfindən hazırlanan materialda bildirilir. Qeyd olunur ki, analitiklər son 10 gün ərzində döyüş meydanından əldə edilən nəticələrə uyğun belə bir qənaətə gəliblər. Son on gündə rus ordusu Avdeyevkadan qərbə doğru irəliləyib. Ən əhəmiyyətli irəliləyişlər Pervomayskidə, Tonenko ilə Umanski arasında və Semyonovkada olub.

Yeri gəlmişkən, Ukraynanın Zaporojye vilayətində Rusiyanın nəzarətində olan AES-ə pilotsuz təyyarələrin hücumu stansiyanın 6 reaktorundan birinin yerləşdiyi binaya ziyan vurub, lakin nüvə təhlükəsizliyinə xələl gətirməyib. BMT-nin Beynəlxalq Nüvə Enerjisi Agentliyinin (MAQATE) X sosial şəbəkəsində yaydığı məlumatda deyilir. MAQATE-nin hesabatında atom elektrik stansiyasının altıncı enerji blokuna endirilən zərbə və bir yaralı işçi haqqında məlumat qeyd edilir. Obyekt üçün dərhal təhlükə olmasa da, hücum “reaktorun saxlanma sisteminin bütövlüyünü poza biləcək ciddi insident” kimi təsvir edilib.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli 

Professor Qabil Hüseynli Ukraynanın parçalanmasını alman analitikin fərziyyələri adlandırır. “Yeni Müsavat”a danışan politoloq hesab edir ki, əvvəllər Rusiya rəsmiləri də buna bənzər fikirlər səsləndiriblər: “Deyilirdi ki, Rusiya cənub-şərq bölgələrini, Polşa qərb şəhərlərini özünə birləşdirəcək. Amma bunlar istəklər ola bilər. Bütün dünya Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Ona görə Rusiyanın parçalanmasını, yaxud çöküşünü gözləməkdənsə, tarixə ekskursiya etməkdənsə, Kiyevə lazım olan hərbi yardımlar ayrılmalıdır ki, torpaqlarını işğaldan azad edə bilsin”. Q.Hüseynli döyüş meydanında vəziyyətin ağır olduğunu hesab edir, lakin Ukrayna qoşunları gecikən yardımlar fonunda belə müharibə aparır: “Demək olmaz ki, Ukrayna tam köməksiz qalıb, yardımlar gəlir. Ancaq silah tranşının daha böyük partiyasına ehtiyac var. Əgər o yardımlar verilərsə, döyüş meydanında dəyişikliyə səbəb ola bilər. Bununla belə, Ukrayna cəsarət nümayiş etdirir və Rusiyanın neft emalı zavodlarını, neft kəmərlərini bombalayır. Zənnimcə, müharibə uzanacaq və bu il yekunlaşması gözlənilmir”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi analitik Ramiyə Məmmədovanın sözlərinə görə, proses onsuz da Ukraynanın bölünməsinə doğru getməkdədir. Onun qənaəti bundan ibarətdir ki, işğal edilmiş ərazilərin Rusiyanın nəzarətində qalması ilə Ukrayna NATO-ya qoşula bilər: “Hərçənd alyansın nizamnaməsinə uyğun gəlmir, amma istisna mümkündür. İkincisi, Gürcüstan da ərazilərini itirmək bahasına Qərbə inteqrasiya edir. Ukraynanın da Avropa İttifaqına qoşulacağı şübhə doğurmur. Yəni Donbas, Krım Ukraynanın ərazi bütövlüyünə sənəddə daxil edilərək üzvlüyə qoşulacaq.  Amma bunun qarşılığında əraziləri işğal altında qalacaq. Bütün bunlar yaxın perspektiv deyil. Sadəcə, gedişat belə deməyə əsas verir. Hazırkı situasiya isə döyüşməyi və Kiyevə yeni yardımlar ayırmağı tələb edir”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR