İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna sarsıtdı, Tayvan silkələndi - Pekin Moskvanın səhvlərindən öyrənir

"Ukrayna kəşfiyyatının Rusiya ərazisindəki son dron əməliyyatının beynəlxalq aləmdə müzakirəsi davam edir. Rusiyada avtoritar rejimin hökm sürməsinə və bu ölkədə Ukraynaya qarşı müharibənin tənqidi qadağan edilsə də, Rusiya bombardmançı təyyarələrinin bir qisminin məhvi qonşu ölkənin hərbi ekspertlərinin fərqli fikirlər yürütməsinə səbəb olub".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edir ki, burada əsas sual bombardmançı təyyarələrin təhlükəsizliyinin niyə təmin edilməməsi ilə bağlıdır:

"Rusiyanın hərbi ekspertləri arasında fikir ayrılığı yaranıb. Bir qismi ekspert bombardmançı təyyarələrin anqarlarda yerləşdirilməsinin mümkün olmadığını bildirib, digər qisim isə strateji tərəfdaş Çini misal çəkərək, bu ölkədə nüvə başlıqlı raketləri daşıya bilən hərbi təyyarələrin qapalı məkanlarda yerləşdirildiyini bildirib. Çinin bombardmançı təyyarələri üçün hava limanları dağlıq ərazilərdə yerləşib. Həmin təyyarələr soyuq və isti havalardan qorunur".

Politoloqun fikrincə, Ukrayna kəşfiyyatının Rusiya ərazisindəki son əməliyyatı Çindəki hərbi dairələri də düşündürüb:

"Çin Tayvan adasını nəzarətə götürmək istəyir. Bu Hind və Sakit Okean bölgəsində böyük müharibəyə səbəb ola bilər. Mümkün müharibədə Rusiya-Ukrayna müharibəsində olduğu kimi yüksək texnologiyalardan istifadə ediləcək. Bu səbəbdən Çinin hərbi dairələri Rusiya-Ukrayna müharibəsini diqqətlə izləyir və hər iki tərəfin səhvlərini öyrənirlər. Pekin Rusiya-Ukrayna müharibəsinin iqtisadi zərərləri də hesablamaq məcburiyyətindədir. Çünki əgər Tayvan adasının nəzarətə götürülməsi əməliyyatı başlayarsa, Çin də iqtisadi itkilərlə üzləşəcək. 
Bu arada, Rusiyaya qarşı sərt qanun hazırlayan respublikasçı senator Lindsli Qrem Çini bu sözlərlə hədələyib: “Əgər Çin Rusiya kimi sanksiyalarla üzləşmək istəmirsə, Pekin Kiyevə kömək etməlidir”. Senator Pekinin Kiyevə hansı şəkildə kömək etməsini izah etməyib. Çinin Ukraynaya köməyi bir yana qalsın, Kiyev Pekinin işğalçı Rusiyaya dəstəyindən narahatdır. Kiyevin iddiasına görə, Pekin dron istehsalında Rusiyaya yardım edir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR