Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın yerli idarəetmə sistemində yenidən qarşıdurma səviyyəsinə qalxmış gərginlik yaşanır. Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ilə bələdiyyələr arasında qiymətləndirmə ilə bağlı yaranmış qarşıdurma artıq regionlarda sənədləşmə prosesini tamamilə dalana dirəyib.
Rəsmi məlumatlara görə, yaxın aylarda ƏMDX ənənəvi müşavirələrə start verəcək. Lakin müşavirələrin gündəliyinə daxil ediləcək əsas mövzunun məhz qiymətləndirmə ilə bağlı problemlər olacağı şübhəsiz görünür. Çünki Qiymətləndirmə Palatasına üzv MMC-lərin hesablamaları ilə ƏMDX əməkdaşlarının müəyyən etdiyi rəqəmlər üst-üstə düşmür. Bu da nəticədə bələdiyyələrin vergi toplama mexanizmlərinə, vətəndaşların isə ən adi əmlak sənədlərinin təsdiqlənməsinə mane olur. Belə vəziyyət həm yerli idarəetmədə, həm də dövlət orqanları arasında soyuqluğu daha da dərinləşdirir.
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli belediyye.info-ya açıqlama verib.
Sədr bildirib ki, bu ilin əvvəlində qüvvəyə minən qiymətləndirmə ilə bağlı məqamlar belə anlaşılır ki, ƏMDX ilə razılaşdırılmayıb: “Bəlkə də əvvəlcədən razılaşdırılmış olsaydı, belə qarşıdurma da olmazdı. Əlavə edim ki, düzəlişin edilməsi, Milli Məclisdə müzakirəsi və təsdiqi, heç kimin gözləmədiyi halda həqiqətən çox sürətli şəkildə öz həllini tapdı. Ancaq elə problem də bundan sonra daha da kəskinləşdi.
Nə isə... Bələdiyyə ilə “əmlak” arasında ciddi qarşıdurma olsa da, gərginliyin azaldılması üçün həqiqətən Adminstrasiyanın müvafiq sektoru çox ciddi işlərin həyata keçirdiyi göz önündədir. Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) ƏMDX-nin məlumat sisteminə inteqarsıya edilməsi bəlkə də gərginliyin azaldılmasında ən uğurlu addım idi. Məhz bu addımın hesabına bu ilin 8 ayı ərzində şəhər bələdiyyələri yerli verigi yığımını 25 faiz, qəsəbə və kənd bələdiyyələri isə 22 fazilik artıma nail ola biliblər. Bu artımlar yerli vergilərlə, yəni əmlak və torpaq vergisinin yığımı ilə bağlıdır. Bu addımın yaratdığı artım əslində bələdiyyələrə ərazilərində vətəndaş məmnunluğunun daha geniş mənada təşkilində dəstək vermiş oldu”.
Vüqar Tofiqli təəsüflə qeyd edib ki, bələdiyyə ilə ƏMDX arasında yaranmış soyuq münasibətə qatılan istilik əvvəlki illərdən yaranmış buz örtuyunü əridə bilmir: “Bir çox hallarda prosesdə bəzi bələdiyyə sədrlərinin təcrübəsizliyi də öz sözünü deyir. Lakin əsas problemi yaradan orqan yenə məhz ƏMDX-nin əməkdaşları olaraq qalır. Nə qədər imtina cavablarında qiymətlərin düzgün müəyyən edilməməsi, gah da dürüstləşdirməyə ehtiyac olması fikri yazılar? Bir məktuba az qala 18 dəfə imtina cavabı yazılması nə deməkdir? Bəlkə arada yazılan məktubda abzasları dəyişməklə heç olmasa məzmuna bir qədər dəyişkilik edəsiniz?
Düşünürəm ki, ƏMDX-nin bir problemi də xidmətin yanında İctimai Şuranın fəaliyyətsizliyidir. Əgər xidmət yanında İctimai Şura yaradılmış olsaydı yəqin ki, problemlər bu qədər şişməzdi. Nə isə...
Hər halda keçiriləcək növbəti müşavirələrdə indidən xahiş edirəm bələdiyyələrin qaldırdığı məsələlərin həllinə diqqət yetriməyi unutmayasınız. Ötən dəfə keçirdyiniz 11 müşavirədə çıxışına imkan verdiyiniz 5 bələdiyyə sədrinin fikirini heç olmasa indi nəzərə alasınız. Və səslənən tənqidi səmimi qəbul edib onun həqiqiliyini araşdırmaq əvəzinə yuxarı instansıyalara şikayət etmək ən azı bələdiyyə sisteminə hörmətsizlik kimi qəbul edilə bilər. Odur ki, çalışın ölkə başçısının tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfənizi verəsiniz. Sizdən xahişimiz hələ ki, ancaq budur”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ