Onlayn ictimai-siyasi qəzet
Pentaqon Suriyadakı qoşunlarının azaldılmasını dayandırmaq qərarına gəlib.
Rəsmilər bunu Suriya prezidenti Əhməd əl-Şaraanın rəhbərlik etdiyi keçid hökumətinin sabitliyi və gələcəyinə görə narahatlıqla bağlayırlar. Hələ yayda ABŞ hərbi kəşfiyyatı Dəməşqin öz məsuliyyət sahəsinə yalnız nominal olaraq nəzarət etdiyi barədə xəbərdarlıq edib. Bu, Suriyanı maraqlı xarici aktorlardan, o cümlədən Rusiyadan təhlükəsizlik yardımı almağa məcbur edir.
Hərbi mənbələr “Əl-Monitor”a bildiriblər ki, Pentaqon Suriyanın şərqi və cənub-şərqindən hərbi personalı təxliyə etmək planını dondurub. Onların fikrincə, Vaşinqton əl-Şaraa administrasiyasının hakimiyyətini itirə biləcəyindən ehtiyat edir.
“Əl-Monitor” yüksək rütbəli ABŞ hərbi rəsmisindən sitat gətirib: “Yeni hökumətlə bağlı müəyyən kövrəklik var və bunu Suriya hökumətinin özündə də yaxşı başa düşürlər. Biz sadəcə olaraq hökumətin necə formalaşdığını və təhlükəsizlik aparatının necə göründüyünü növbəti qərarlar qəbul etməzdən əvvəl müşahidə edəcəyik”.
Pentaqon Suriyadakı mövcud qoşun sayını açıqlamasa da, əsgər sayının 2000-i keçmədiyini bildirir. Mənbələr hələ aprel ayında The New York Times-a (NYT) bildiriblər ki, Amerika qoşunlarının ərəb respublikasından çıxarılması prosesi başlayıb. Onlar deyiblər ki, hərbi idarə Suriyanın şimal-şərqindəki səkkiz əməliyyat bazasından üçünü bağlamağı və hərbi kontingentin şəxsi heyətini 1400 əsgərə qədər azaltmağı planlaşdırır. Nəşrdə göstərildiyi kimi, qoşunların gücünü optimallaşdırmaq tövsiyəsi bəzi bazaların birləşdirilməsini təklif edən piyada komandanlığından gəlib. NYT-nin mənbələrinə görə, bəzi tövsiyələr hətta Suriyada cəmi 500 hərbçinin saxlanması ilə nəticələnib.
Daha əvvəl belə informasiyalar və versiyalar vardı ki, ABŞ Suriyanı öz hərbi müttəfiqi Türkiyənin himayəsinə verərək, yəni bir növ nəzarəti ona dövr edərək ölkəni tərk etmək fikrindədir. Hətta prezident Tramp Türkiyənin Suriyada tutduğu həlledici mövqedən məmnunluğunu dilə gətirmişdi. Prezident əl Şaraa da Türkiyənin Suriyadakı mövcudluğundan məmnun görünür, Ankaranı əsas arxa-dayağı sayır.
Üstəlik, Qərbdə çoxları düşünürdü ki, Türkiyə Suriyanın yeni hökumətini dəstəklədiyi müddətdə əl Şaraanın hakimiyyətinə hər hansı bir sədəmə toxunmayacaq.
Ona görə də indi ABŞ-nin əl-Şaraa hökumətinin ölkəyə nəzarət etmək qabiliyyətinə dair şübhələrinin əsasları tam bəlli deyil. Bu şübhələr Pentaqonun kəşfiyyat agentliyinin iyun hesabatında öz əksini tapıb. Bildirilib ki, Suriyanın keçmiş müxalifət qruplarının əhəmiyyətli bir hissəsi hazırkı prezidenti dəstəkləyir, lakin müqavimət hücrələri hələ də mövcuddur. Bu qiymətləndirmələrə görə, Dəməşq Suriyanın şimal-şərqindən kənarda Suriya ərazisinin əksəriyyətinə “ən azı nominal olaraq” nəzarət edir. Bu əraziyə ABŞ-nin dəstəklədiyi kürdlərin üstünlük təşkil etdiyi qrupların üsyançı alyansı Suriya Demokratik Qüvvələri (SDQ) nəzarət edir. Hərbi kəşfiyyat məlumatlarına görə, Dəməşqin təhlükəsizlik qüvvələri tükənib.
Bu yaxınlarda kürd qüvvələri Suriya ordusunun Hələb vilayətinin şərqindəki mövqelərini artilleriya və pilotsuz təyyarələrdən atəşə tutub. Zərbə Fərat çayının sahilində yerləşən kritik Tişrin bəndini hədəf alıb. SDQ izah edib ki, zərbələr seriyası cavab xarakteri daşıyır və hökumət qüvvələrinin hücumlarına cavabdır. Bu ilin martında əl-Şaraa hökuməti ilə kürd hakimiyyəti arasında SDQ-nin hərbi və mülki strukturlarının 2024-cü il dekabrın 8-də hakimiyyətə gələn mərkəzi rəhbərliyə inteqrasiyası barədə razılıq əldə olunmasına baxmayaraq, tərəflər paktı yerinə yetirməkdən uzaqdırlar. Bu günlərdə “Shafaq News” xəbər verib ki, SDQ rəhbərliyi Dəməşqdən Müdafiə Nazirliyində yüksək vəzifələrə kürd nümayəndələrini təyin etməyi tələb edib. SDQ öz komandiri Mazlum Abdi və ya onun yaxın çevrəsindən birinin müdafiə naziri və ya ordunun baş qərargah rəisi vəzifəsinə təyin edilməsinin tərəfdarıdır. Kürdlər Dəməşqdən hələ ki, rəsmi cavab almayıb.
Dəməşq Suriyada hərbi aktivləri olan mühüm xarici oyunçuların təhlükəsizlik yardımında maraqlıdır. Məsələn, oktyabrın 2-də Suriya ordusunun baş qərargah rəisi Əli əl-Anasan hərbi nümayəndə heyətinin tərkibində Moskvaya gəlib. Onu Rusiya müdafiə nazirinin müavini Yunusbek Yevkurov qəbul edib. Dəməşq bu təmaslar çərçivəsində iki ölkə arasında koordinasiya mexanizmlərini müzakirə etməyi planlaşdırıb.
Beləliklə, Suriyada gedən proseslər ona göstərir ki, ABŞ üsyançı kürdlərə dəstəyini davam etdirmək, əl Şaraanı təzyiq altında saxlamaq, ölkəni tam olaraq Türkiyəyə buraxmamaq niyyətindədir. Girdiyi yerdən heç vəchlə çıxmaq istəməyən Rusiya isə əl Şaraa iqtidarı ilə necəsə dil tapmaq, ölkədə hərbi mövcudluğa nail olmaq əzmi nümayiş etdirir. Bu vəziyyətdə Türkiyənin üzərinə düşən əsas vəzifə Suriyanın yeni hakimiyyəti ilə nail olduğu anlaşma və əməkdaşlığı dərinlşdirmək, digər aktorları bölgədən uzaq məsafədə saxlamaqdır.
Hələ İran və İsrailin də Suriyada gözü var. Onlar da fürsət yaranan kimi ölkənin xarici və daxili siyasətinin formalaşmasında rol almaq istəyirlər. Başqa sözlə, olub-keçənlərə, qanlı qırğınlara baxmayaraq, kənar dövlətlər Bəşər Əsədin zamanında 5 yerə parçalanmış bu bədbəxt ölkəyə toparlanmaq imkanı tanımaq istəmirlər. Hərə bir tərəfdən ölkənin daxilini qarışdırır.
Araz Altaylı, Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ