Onlayn ictimai-siyasi qəzet
2022-ci ilin fevralından davam edən müharibədə son aylar Rusiyanın müsəlmanlar yaşayan respublikalarının- Çeçenistan, Dağıstan və Tatarıstanın dron hücumlarına məruz qalması diqqət çəkir. Çeçenistandan sonra cəbhə xəttindən bir neçə min kilometr aralıda yerləşən Dağıstan, bu gün isə Tatarıstan paytaxtı Kazan yenidən Ukrayna dronlarının hücumuna məruz qalıb.
Sirr deyil ki, bu savaş başlayandan heç bir nüfuzlu müsəlman ölkəsi Rusiyaya qarşı sanksiyaları dəstəkləməyib. İlk gündən Putinlə Zelenskini barışdırmağa çalışan Türkiyə də, daha bir iri müsəlman ölkəsi İndoneziya da Qərbin sanksiyalar siyasətinə qoşulmayıb. Özü uzun müddətdir sanksiyalar altında olan İrana gəlincə, Tehran ilk vaxtlar birbaşa Moskvanın tərəfini tutmadı, amma dronlarının Rusiyaya verməsindən sonra münaqişədə tərəf kimi qəbul edilir. Daha hansı ölkələr var? Vaşinqtonun beynəlxalq arenada dəstəkçilərindən Səudiyyə Ərəbistanı Ağ Evin israrına baxmayaraq, Rusiyanı qlobal neft bazarından sıxışdırmaq üçün neft hasilatını artırmaqdan imtina etdi. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətər də Kremllə diplomatik əlaqələri davam etdirirlər. Qətər isə Ukrayna və Rusiya arasında hərbi və mülki əsirlərin dəyişdirilməsində kifayət qədər uğurlu vasitəçilik edir. Keçmiş SSRİ-nin müsəlman respublikaları da Ukraynanın ərazi bütövlüyünü tanıyır, amma bu müharibədə bitərəf mövqelərini qorumaqda davam edirlər.
Rusiya müsəlmanlarının ruhani idarələri Rus Pravoslav Kilsəsi kimi müharibədə Moskvanın mövqeyindən çıxış edirlər. İstisna hallarda bir çox imamlar İslamın qeyri-müsəlman ölkələri arasında müharibədə iştirakını qadağan edən doqmalara istinad edərək, savaşa qarşı çıxırlar. İnternet resurslarında xüsusilə radikal sələfi liderlərinin həm Ukrayna, həm də Rusiya müsəlmanlarına bu savaşda tərəf kimi iştirak etməməyə dair çoxsaylı çağırışlarına rast gəlmək mümkündür. Onlar bu müharibənin “cihad”la heç bir əlaqəsi olmadığını qabardırlar...
Amma Ukraynanı öz vətəni hesab edənlər(onların arasında azərbaycanlılar da az deyil) və ya “Rusiyanı İslamın düşməni kimi görən” bəzi radikal müsəlman dəstələri hazırda da döyüşlərdə fəaldırlar. Krım tatarlarının hələ 2014-cü ildə yaradılan eyniadlı batalyonu yarımadanın anneksiyasından sonra Ukrayna ərazisinə dislokasiya olunub.
Rusiyanın müsəlman subyektləri sırasında Çeçenistanın niyə hədəfdə olmasının səbəbi zənnimcə, hamıya aydındır. Kiyevdə hesab edirlər ki, Çeçenistan rəhbəri Ramzan Kadırov müharibə başlayan ilk gündən müsəlman dünyasında anti-Ukrayna təbliğatı aparır. Kadırov həqiqətən də Kiyev hakimiyyətinə qarşı çox sərt mövqeyi ilə seçilir. Çeçenistan lideri bir neçə dəfə bəyan edib ki, “bütün İslam dünyası ümumbəşəri şərlə(Kiyev hakimiyətini nəzərdə tutur) mübarizədə Rusiyanı dəstəkləyir”. Kadırov iddia edir ki, dünyanın müsəlman əhalisinin çoxluq təşkil etdiyi ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. O da bəllidir ki, Ukrayna ərazisindəki savaşda Çeçenistanın “Şimal” və “Cənub” batalyonları ilə yanaşı “Axmat-Qroznı” OMON bölməsi də fəal rol alır. Çeçenistan müftisi Ukraynada döyüşən çeçen hərbçilərini hətta “Allah yolunda olan peyğəmbərin səhabələri” ilə müqayisə belə edib.
Rusiya ordusunun sıralarında çeçenlərdən başqa digər müsəlman xalqların, eləcə də Tatarıstan respublikası vətəndaşları da döyüşür ki, onların sıralarında bu ölkənin ən yüksək ali mükafatlarına layiq görülənlər də az deyil. Tatarıstanın Rusiyanın hərbi sənaye kompleksində xüsusi çəkisi var, savaş başlayandan isə bu yük xeyli artıb. Tatarıstanın bu səbəbdən dron hücumlarının hədəfi ola bilərdi. Amma o da istisna deyil ki, Qərb Rusiyanın müsəlman subyektlərini hədəf almaqla onların Putin hakimiyyətindən ən azı müharibəni dayandırmağı tələb edə biləcəklərinə ümid edir. Putinin müsəlman toplumuna xüsusi rəğbəti olduğu da sirr deyil. O səbəbdən, Ukrayna və Qərb strateqlərinin Rusiya müsəlmanların əsəblərini bu yolla tarıma çəkəcəkləri düşüncəsində yanıla da bilərlər.
Beləliklə, Ukraynada hərbi əməliyyat başlayandan “İslam amili”də özünü göstərir, çünki Rusiya və Ukrayna müsəlmanları hər iki tərəfdən döyüş əməliyyatlarında iştirakda davam edirlər. Zelenskinin müsəlmanlar və ya onun liderlərinə münasibəti xeyli mübahisəlidir, təkcə onun aktyor kimi çıxış etdiyi vaxtlarda Türkiyənin müsəlman dünyasında xüsusi çəkisi olan Rəcəb Tayyib Ərdoğan haqda “zarafatlarını” yada salmaqla kifayətlənmək olar.
Aydındır ki, Rusiya ordusunun sıralarında müsəlman hərbçilərin sayı Ukrayna tərəfindəkindən qat-qat çoxdur. Ona görə həm münaqişə davam etdikcə də, mümkün sülh danışıqlarında da İslam(müsəlman ölkələrin iştirakı da daxil olmaqla ) amilini gözardı etmək mümkün olmayacaq...
Nazim Sabiroğlu,
Musavat.com
21 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ