Onlayn ictimai-siyasi qəzet
NATO-nun ömrü daha 75 il uzanacaq?
Rusiya Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən necə çıxacağını bilmir. Əksinə, getdikcə vəziyyət daha dramatik xarakter almaqdadır. ABŞ başda olmaqla Qərb düşərgəsinin Kiyevə yeni və qat-qat böyük hərbi yardımı nəticəsində müharibə növbəti və daha amansız fazaya keçməkdədir. Artıq Ukrayna faktiki Rusiyanın dərinliklərinə də zərbə endirmək icazəsi alıb.
Görünən budur ki, Qərb bu qarşıdurmadan məğlub ayrılmaq fikrində deyil və hər şeyi edəcək ki, Rusiya strateji məğlubiyyətə uğrasın. Kollektiv Qərbin öz hərb sənayesini tədricən tam işə salmağa başlaması bunun bariz sübutu sayıla bilər. Bu isə NATO ölkələrinin daha sıx hərbi inteqrasiyasını diktə edir.
NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer deyib ki, Ukraynadakı münaqişə daha ucuz silahların hazırlanmasının zəruri olduğunu göstərib. O hesab edir ki, 10 min dollarlıq pilotsuz təyyarənin 10 milyon dollarlıq tankı məhv etməsi və ya 3,5 milyon dollarlıq raketin belə bir pilotsuz təyyarəni məhv etmək üçün istifadə edilməsi məsrəf baxımından düzgün deyil. “Biz bunu maliyyə cəhətdən davam etdirə bilmərik. Bunun üçün başqa həll yolları lazımdır. Əlimizdə olan yüksək keyfiyyətli, çox bahalı silahların sayını daha az dəyərli məqsədlər üçün daha ucuz silahların lehinə tarazlamalıyıq”, - Bauer bildirib.
Yəni söhbət alyans ölkələrində Ukrayna üçün az məsrəfli, daha ucuz, lakin keyfiyyətli silahların kütləvi istehsalından gedir...
ABŞ dövlət katibi Entoni Blinkenə görə isə NATO daha 75 il mövcud olacaq. Bu barədə o, ötən həftə alyans xarici işlər nazirlərinin Praqada keçirilən qeyri-rəsmi görüşündə deyib.
“Biz ittifaqımızın 75 illiyini qeyd edəcəyik və qarşıdakı növbəti 75 ilə ittifaqın varlığı üçün qərarlar hazırlayacağıq”, - Blinken bildirib.
“Biz həmçinin gələcək (iyul) Vaşinqton sammitinin mahiyyətini hazırlamaq niyyətindəyik. Orada siz Ukrayna üçün böyük bir paket görəcəksiniz, hansı ki, sammitin əsas elementi olacaq”, - dövlət katibi qeyd edib.
Son dövrlərin ən uzunömürlü hərbi-siyasi bloku sözsüz ki, NATO-dur. Bu da faktdır ki, Ukrayna müharibəsi fonunda alyansa daha iki dövlət qoşulub - Finlandiya və Norveç.
Bu arada ABŞ müdafiə naziri Lloyd Ostin Sinqapurda davam edən “Şanqri-La Dialoq” təhlükəsizlik konfransında bildirib ki, Ukrayna münaqişəsinin səbəbi heç də NATO-nun genişlənməsi ilə bağlı olmayıb. O, münaqişədə Rusiya hakimiyyətini günahlandırıb.
Doğrudanmı, NATO amili Rusiya üçün bəhanə rolu oynayıb? Ukrayna böhranı hazırda hansı mərhələdədir? Sona nə qədər var? Optimal həll yolu tapılacaqmı? Moskvanın nüvə təhdidi nə dərəcədə ciddidir?
Heydər Oğuz
Şiyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında NATO-nun daha 75 il yaşaması iddiasına inanmadığını bildirib. Onun fikrincə, bu, real analizlərə söykənən proqnozdan çox, Blinkenin “gəlişigözəl şəkildə söylənmiş yubiley tostu”na bənzəyir: “Amma bu bir həqiqətdir ki, başda ABŞ və Böyük Britaniya olmaqla, NATO dövlətləri Ukrayna savaşının tezliklə bitirilməsində maraqlı deyillər. Üstəlik, burada hədəf təkcə Rusiya da deyil. Rusiya ilə yanaşı Çinin də bu müharibə nəticəsində zəifləməsi, ən azı, Avropa İttifaqı ilə əlaqələrinin sonlandırılması hədəflənir”.
Heydər Oğuzun fikrincə, bütün imperialist savaşlar kimi Ukrayna-Rusiya müharibəsinin başlıca hədəfləri iqtisadi mənfəətlər əldə etmək, dünya coğrafiyası üzərində geosiyasi üstünlüklər qazanmaq, enerji mənbələrini və ticarət yollarını nəzarət altına almaqdır: “Bilirsiniz ki, SSRİ dağıldıqdan sonra Avropa ölkələri xeyli rahatladı. Rus xofunun ortadan qalxması ilə daha müstəqil hərəkət etmək, ABŞ-ın himayəsindən uzaqda iqtisadi və hərbi birliklər yaratmaq eşqinə düşdülər. Bu isə ABŞ-ın İkinci Dünya müharibəsindən sonra tam bərqərar etdiyi dünya hegemoniyasını təhdid edirdi. Onun yerinə Rusiyanın enerji qaynaqlarından və Çinin ucuz işçi gücündən asılı Avropa iqtisadiyyatı yaranırdı. Son 5 illikdə Çin özünün sənaye sektorunu da inkişaf etdirib faktiki olaraq Aİ-nin və hətta ABŞ-ın ən böyük ticarət ortağına çevrilmişdi. Bu gedişlə yaxın zamanlarda Çin nəinki dünyanın digər coğrafiyalarını, hətta ABŞ və Aİ-nin özünü də öz ağuşuna alıb tamamilə təkqütblü dünya qura bilərdi. Ən əsası isə faktiki olaraq ABŞ-ı Avropadan təcrid etmiş və "qoca qitə"ni özünə bağlamışdı. ABŞ və Böyük Britaniyanın Avropa üzərində təsir gücü azaldıqca, Fransa kimi Qərb üzərində hegemoniyaya iddialı qüvvələr də ortaya çıxırdı..."
Siyasi şərhçinin fikrincə, bu ayın 15-16-da İsveçrədə keçirilməsi gözlənilən Qlobal Sülh sammitinə Rusiyanın dəvət olunmaması da əslində Vaşinqtonun müharibəni davam etdirməkdə maraqlı olduğunu göstərir: “Çinin və əslində Kremlin bütün çağırışlarına, mesajlarına rəğmən, Qlobal Sülh sammitinin Rusiyasız keçirilməsinin "müharibəyə davam" siyasətinin təzahürlərindən başqa bir şey deyil. Qəribədir ki, ABŞ prezidentinin özünün də bu sammitdə iştirak etməyəcəyi qeyd olunur. Bu o deməkdir ki, mən sülhün gətirilməsinin tərəfdarı deyiləm".
Heydər Oğuz Ukrayna savaşının xeyli uzanacağını ehtimal edir: “Məncə, ABŞ bu savaşdan istədiyini almayana qədər Ukraynaya sülh gəlməyəcək. ABŞ-ın istədiyi isə təkcə Rusiyanı yox, həm də Çini çökdürməkdir. Faktiki olaraq ABŞ-a qarşı birləşəcək iki dövlətdən biri Ukraynada, digəri isə Hind-Sakit okeanda müharibəyə çəkilir. Hələlik Hind-Sakit okeanda müharibə çıxmamasının yeganə səbəbi Çinin Rusiya kimi səbirsiz davranmaması, daha müdrik yollarla qarşıdurmalardan yayınmasıdır. Amma yerləşdiyi coğrafiyadakı əksər dövlətlərin Çinə qarşı eyni ittifaqda birləşdirilməsi Pekini də qıcıqlandırıb müharibəyə girməsinə yol aça bilər”.
Heydər Oğuz nə NATO-nun, nə də Rusiya-Çin-İran ittifaqının 75 il yaşaya biləcəyinə inanmır, əksinə, yeni mərhələdə türk faktorunun yenidən yüksəlişə keçəcəyini düşünür.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ