İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Moskvaya bağlı bütün dini qurumları qadağan edir

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTXK) hökumətə ölkədə "Rusiyaya bağlı" dini qurumların fəaliyyətini qadağan edən qanun layihəsini Ali Radaya təqdim etməyi tapşırıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin videomüraciətində deyilir.

Onun sözlərinə görə, Ukraynadakı ayrı-ayrı dini dairələr və təcavüzkar dövlət arasında əlaqələrə dair çoxsaylı faktların olduğu təsbit edilib. Zelenski hansı dini dairələrdən bəhs olunduğunu açıqlamayıb. Yerli medianın yazdığına görə, söhbət Moskva Patriarxlığına tabe olduğu bilinən Ukrayna Pravoslav Kilsəsindən (UPK) gedir. Bu məqsədlə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Pravoslav kilsəsinə bağlı idarələrdə axtarışlar həyata keçirib.

UTX-dən verilən məlumata görə, onların məqsədi yeparxiyaların "Rusiya dünyasının" hücrələri kimi istifadəsi, UPK binalarından işğalçı ölkənin vətəndaşlarının və kəşfiyyatçılarının sığınacağı üçün istifadəsi ilə bağlı məlumatları yoxlamaqdır. Bundan başqa, Təhlükəsizlik xidməti kilsələrdə Rusiyanın təbliğatına yönəlik, Ukraynada qadağan olunmuş ədəbiyyatların saxlanıldığını bildirir.

Ukrayna Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edən Vasili Malyuk müharibə başlayandan bu günə qədər Ukraynada kilsə nümayəndələrinə qarşı 23 cinayət işinin açıldığını, 33 din xadiminin şübhəli şəxs kimi saxlanıldığını bildirib.

Axtarışlar həmçinin Ukraynanın ən məşhur və ən böyük monastırında - Kiyev-Peçersk Lavrasında aparılıb. Noyabrın 15-də Ukrayna Təhlükəsizlik Xidməti Kiyev-Peçersk Lavrası ziyarətçilərinə oxuduqları mahnıya görə Rusiyanın təcavüzünə haqq qazandırmaq maddəsi ilə cinayət işi açıb. Mahnının mətnində "ana - Rus" sözü yer alıbmış.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR