İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə bağlı ilginc iddia - ABŞ arxasından çəkiləcək, ölkə parçalanacaq?

Ekspert: “Öz maraqları üçün istənilən dövləti qurban verməyə hazır olan Amerikadan bunu gözləməliyik”

Ukraynada müharibə uzandıqca vaxtaşırı onun yekunu ilə bağlı müxtəlif versiyalar ortaya atılır. Heç şübhəsiz, bu versiyalarda təbliğat və ya antitəbliğat elementləri kifayət qədərdir. Aydındır ki, Rusiyaya yaxın çevrələr, təbliğat bosları bir qayda olaraq Ukrayna üçün pessimist sonluqdan danışmaqla Ukrayna ordusunda ruh düşkünlüyü, Zelenski hakimiyyətinə qarşı inamsızlıq, bütövlükdə Ukrayna xalqında isə parçalanma yaratmaq niyyəti güdürlər.

“ABŞ və müttəfiqləri Ukraynada münaqişəni dinc danışıqlar yolu ilə yekunlaşdırmaq və ölkənin bir neçə hissəyə parçalanmasına şərait yaratmaq niyyətindədir. Belə bir ssenari Kiyevin hazırkı müttəfiqləri tərəfindən bəyəniləcək”.

“Yeni Musavat”ın məlumatına görə, bu fikri “National Review” jurnalının köşə yazarı Noa Rotman irəli sürüb.

“Qərbin Ukrayna məsələsində həvəsi Zelenski hökuməti fakt qarşısında qalanadək azalmağa davam edəcək. Həmin anda Ukrayna sözün əsl mənasında bölünəcək, həm də ona tərəfdar sayılanların təsdiqləməsi ilə”, - məqalədə iddia edilir.

Rotmanın fikrincə, Ukrayna Rusiyaya müqavimət göstərə bilməyəcək və Qərbin Donbas və Krıma əks-hücum etmək üçün böyük miqdarda hərbi texnikaya və xarici kəşfiyyat məlumatlarına çıxışa ehtiyacı olacaq. Eyni zamanda Rusiya yeni ərazilərdən geri çəkilmək fikrində deyil. Müəllifə görə, bu halda Ukraynanın parçalanması ən real ssenari kimi görünür. Onun nəzərincə, belə bir qərar Baltikyanı ölkələr və Polşa üçün ən çətin olacaq.

Belə bir sonluq nə dərəcədə mümkündür?

Ramil Məmmədli: “Azərbaycan ordusu nəzarət imkanlarını gücləndirdi”  Pravda.az

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, ABŞ öz maraqlarını həyata keçirmək üçün Ukraynaya hərbi dəstək göstərir və Qərbi də bu müharibəyə qoşub: “Müharibənin ilk dövrlərində ABŞ hesab edirdi ki, hamını səfərbər etməklə tez bir zamanda Rusiyaya qalib gələcək. Ötən müddət onu göstərdi ki, Rusiyanı məğlub etmək heç də asan məsələ deyil. Müharibənin uzanması ABŞ-a və Qərbə böyük maliyyələr hesabına əmələ gəlir. Hətta Ukrayna müharibəsinə görə Rusiyaya tətbiq olunmuş sanksiyalar əks-effekt yaradaraq ABŞ və Qərb iqtisadiyyatını çətinliklə üzləşdirib. Bu gün isə həm ABŞ, həm də kollektiv Qərb oyundan çıxmaq üçün variantlar üzərində işləyir. ABŞ-da tez-tez Moskva ilə danışıqlara getməyə çağırışlar eşidilir. Müharibənin dayandırılması ilə bağlı Avropadan da çağırışlar var. Avropa İttifaqının düşdüyü maliyyə böhranı bu birliyi də çətin sınaqlarla qarşılaşdırıb. Rusiya-Ukrayna müharibəsinin qalibi olmayacaq. ABŞ və Qərb Ukraynada öz məqsədlərinə çatmadı. Ukraynanın özü belə məhv olunan şəhərləri və infrastrukturu fonunda böyük faciə ilə qarşılaşıb. Bundan başqa, Rusiya iqtisadiyyatı da tamamilə Qərbdən təcrid olundu. Bu gün Rusiyanın ənənəvi bazarları yoxdur. Tərəflərin itkiləri və yaralananlar yaxın 10 illərdə hər iki ölkəyə yaxşı gələcək vəd etmir”.

Hərbi ekspert deyir ki, Kreml rəsmiləri tərəfindən də periodik olaraq müharibəni dayandırmaqla bağlı fikirlər səslənir: “Müharibə dərinləşir, bütün ölkələrin itkiləri artır. Amma  ABŞ və Qərb müharibəni saxlamaq üçün yardımları dayandıraraq Ukraynaya çağırışı səsləndirməyə cürət etmir. Beləliklə, bir nəticəyə gəlmək olar ki, müharibələr heç kimə xeyir gətirmir və münaqişələrin nizamlanmasının ən düzgün yolu diplomatiyanı genişləndirməklə masa arxasında razılıq əldə olunmasıdır. Ötən 1 il ərzində baş verənlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün proqnozları alt-üst etdi. Rusiya-Ukrayna müharibəsi artıq nəinki döyüşən tərəflərə, bütün dünyaya ciddi ziyan vurmaqdadır. Putin tez-tez ABŞ və müttəfiqlərini nüvə ilə hədələyərək müvəqqəti atəşkəs əldə etmək istəyir. Müharibənin hazırkı məqamında dialoq masasına daşınması üçün hər 2 tərəf geriyə addım atmalıdır. İndiki məqamda bu real görünmür”.

Hərbi ekspert deyir ki,  ABŞ bütün imkanları işə salmaqla çalışır ki, Rusiya çöksün: “ABŞ SSRİ-ni Əfqanıstanda müharibəyə cəlb etməklə çöküşünə nail oldu. SSRİ Əfqanıstanda 10 il müharibə apardı. Müharibənin bir günü milyonlarla dollar vəsaitin xərclənməsi deməkdir. ABŞ SSRİ-nin milyardlarla vəsaitini müharibəyə, hərbi təchizata cəlb etmişdi. İndi də həmin siyasəti ABŞ Rusiyaya Ukrayna müharibəsində tətbiq edir. Hər gün Rusiya milyonlarla dollar itirir. Həm də Rusiya sanksiyalar altındadır. ABŞ Ukrayna-Rusiya müharibəsinin tezliklə bitməsini arzulamır. Uzun müddət davam etməsi siyasətini həyata keçirir. Bu baxımdan, Amerika Ukraynaya çox cüzi hərbi yardım edir. Uzun hədəfləri vuran, dəyəri milyonlarla ölçüdə olan raketlər və ən müasir hərbi texnika vermir. Səbəb də sadədir: - istəmir müharibə tezliklə bitsin. ABŞ-ın bir müddətdən sonra Ukraynanın arxasından çəkilməsi də mümkün ssenaridir. Öz maraqları üçün istənilən dövləti qurban verməyə hazır olan ABŞ-dan bunu gözləməliyik”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR