Onlayn ictimai-siyasi qəzet
Keçən il dekabrın 23-də Mərkəzi Bank yeni 3 qəpiklərin dövriyyəyə buraxıldığını açıqlayanda çoxları, hətta bəzi iqtisadçı ekspertlər də ağız büzmüşdü. Deyirdilər bu nəyə lazımdır, 3 qəpiyi kim işlədir, onun hazırlanmasına çəkilən xərc nominal dəyərindən çox çıxır və sairə. Ancaq yanvarda hökumət bəzi şeylərin qiymətini 0,4 (sıfır tam onda dörd), bəzilərini isə yarım qəpik qaldıranda həmin ekspertlər barmağını dişlədi. Deməli hələ də qəpiklər işləyirmiş.
Uzaqgörən olsan, dünyada çox şeylərə işarə tapılır. Məsələn, bugünlərdə ABŞ prezidenti Bayden müəllim son qərarlarından birini açıqlamışdır və müğənni Bono, milyarder Soros, futbolçu Messi, Bill Klintonun övrəti Hillari xanım olmaqla xeyli insana “Azadlıq” medalı verəcəkdir. Həmin medal ABŞ-ın ən yüksək təltiflərindən biri sayılırmış.
Mən Bono-nun dünyada insan hüquqları üzrə müəyyən mübarizəsindən xəbərdaram. Sorosu da başa düşürəm – Açıq Cəmiyyət İnstitutunu qurmaqla dünyanın yarısı ilə düşmən olub. “Sorosun uşaqları” adlı termin var, hətta. Bəs Messi? Yəqin ona da topu azad şəkildə qova bildiyi üçün “Azadlıq” medalı verilir. Başqa nə var ki? Ta keçib, Neymara da Amerikanın xalq artisti adı versinlər.
Lakin bunlar bisavad yanaşmalardır. Şəxsən mən Messiyə niyə o medalın verildiyini yaxşı anlayıram. Hətta bunu gözləyirdim də! Çünki keçən ilin axırlarında Messi ölkəmizə səfərə gəlmiş, Azərbaycanın dünyada ən azad dövlətlərdən biri olmasını isbat etmişdi! Məhz həmin diplomatik fəaliyyəti üzündən indi Messi təltif olunmalıdır. Bəlkə biz fürsəti əldən vermişik, gərək biz də ona hansısa medal verərdik. Məsələn, “Şah İsmayıl Xətai” ordenini. Onsuz təsis ediləndən heç kimə qismət olmayıb, siftəsi, bəxti açılardı. Həm də mənə elə gəlir Messi qızılbaşlardandır. Deyirlər Argentina uduzanda yaxşı sinə vururmuş.
Belə şeylər çoxdur. Yenə Amerikadan misal gətirsək, orda təzə prezidentin andiçmə mərasiminə hazırlıq gedir, hərə bu işə bir yandan pul tökür, nəmər yazdırır. İlon Maskdan nümunə götürürlər. Çünki Mask Trampın seçkisinə hardasa 260 milyon dollar xərcləmişdi, Tramp qalib gələndən sonra isə hesabladılar, Maskın sərvəti 65 milyard dollar artmışdı. Yəqin bu, dünya tarixində ən gəlirli yatırım, investisiya (oxu: alver) olubdur. Həmin alverin şirəsi amerikalı başqa milyarderlərə necə təsir edibsə hamı heç olmazsa inaqurasiya mərasiminə para yazdırmağa tələsir. Apple şirkətinin müdiri Tim Kuk 1 milyon dollar yazılıb, başqa nəmər atanlar da zibil kimidir. Orada buna rüşvət demirlər, qanuni lobbiçilikdir. Sözgəlişi, bizdə də belə lobbiçilik var, amma gizli olur. Bu saat hakimə pul ver, ölüm işini silsin. O dərəcədə ABŞ-a yaxınlaşırıq.
Ən məzəli məhkəmə işlərindən biri isə pornoaktrisanın seçilmiş prezidentə qarşı zorakılıq ittihamı ilə bağlıdır. Hakim 10 yanvarda qərar çıxarmalıdır və anons edib ki, bu qərar nə cəza, nə şərti cəza, nə cərimə-filan olacaqdır. Əla sistemdir. Bəlkə günahkarı məzəmmət edib buraxacaqlar.
Danimarka üzərində isə 20-yə yaxın dron aşkar edilib. Avropa bu naməlum dronların hardan gəldiyini düşünür, gözlər Putinə yönəlib. Çünki hazırda NATO ilə Rusiyanın münasibətləri çox pisdir, faktiki savaşırlar, Danimarka da NATO üzvüdür.
Ancaq kim bilir, bəlkə də dronlar ABŞ-a məxsusdur. Axı ABŞ-ın təzə müdiri son çağlar Qrenlandiyanı Danimarkanın əlindən tutub almaq istəyir. Təzə dünya trendidir: kimin hardan, hansı ərazidən xoşu gəlsə tutub alır. Kupça, bələdiyyədən arayış-zad hərləyən yoxdur. Planetdə hüququn üç qəpiklik əhəmiyyəti qalmayıb.
Bax, Mərkəzi Bankımız 3 qəpikləri həm də buna görə yenidən buraxdı. Ehtiyac var. Bazarın tələbidir.
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ