Onlayn ictimai-siyasi qəzet
Aprelin 12-də Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə “Cənubi Qafqazda regional əməkdaşlığın problemləri və imkanları” mövzusunda panel müzakirə keçiriləcək.
Musavat.com xəbər verir ki, müzakirələrdə Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirak edəcəklər. Moderator kimi Türkiyənin Beynəlxalq Böhran Qrupunun direktoru Nigar Göksel çıxış edəcək.
Forumun saytındakı müzakirənin elanında deyilir: "Son hadisələr, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma səyləri sayəsində Cənubi Qafqazda sabitliyə nail olmaq üçün tarixi imkan var. Bu, Gürcüstanın regional əməkdaşlıqda artan rolu ilə birlikdə regionun gələcəyi üçün mühüm perspektivlər yaradır". Müzakirələrdə qlobal qeyri-müəyyənlik şəraitində regionun davamlı və hərtərəfli inkişafının təmin edilməsi problemlərinə xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, bu gün Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında görüş baş tutub.
Ruben Rubinyan X-də yazır: “Mən Serdar Kılıçla Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi haqqında yaxşı söhbət etdim”.
“Ermənistanla Türkiyə Ani körpüsünün bərpası məsələsini müzakirə edib”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.
O bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün olacağını təxmin edir: “Ruben Rubinyanla təmasımız oldu, amma hələ növbəti görüşün dəqiq tarixini razılaşdırmamışıq”.
Sərdar Kılıç Türkiyənin də Ermənistandan Konstitusiyasına dəyişiklik tələbinin olub-olmamasına aydınlıq gətirib: “Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Nikol Paşinyan da açıqlama verib. Bu çərçivədə lazımi dəyişiklikləri Ermənistan öz Konstitusiyasında edəcək”.
Ruben Rubinyan və Serdar Kılıç sonuncu dəfə 2024-cü il iyulun 30-da Marqara-Əlican sərhəd keçidində görüşüblər.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ