İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üç böyük”lərin anti-miqrant siyasəti – Berlin və Paris Londonla anlaşmağa çalışır

Almaniyanın xarici işlər naziri Nensi Feser və Fransanın xarici işlər naziri Cerald Darmanen Avropa Komissiyasından Böyük Britaniya ilə müqavilə bağlamağı xahiş ediblər.

Avropa İttifaqının baş icra orqanına məktubda bildirilir ki, “Breksit” (Britaniyanın Aİ-dən çıxması) qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığı pisləşdirib. Böyük Britaniyanın Aİ-dən çıxması ilə onlar artıq qaçqınlar sığınacaq vermək və onu almayanları ölkədən çıxarmaq üçün vahid qaydalara malik deyillər. Yaxın Şərqdən olan qeyri-qanuni mühacirlərin Aİ-yə axınının səbəblərindən biri də budur.

Frontex-in (Aİ sərhəd qüvvələri) açıqladığı məlumatlara görə, Şengen ölkələrinə qeyri-qanuni daxil olanların təxminən 30%-i sığınacaq almaq qaydalarının Avropa İttifaqından fərqli olduğu Böyük Britaniyaya getmək üçün tranzitlə gəliblər. Ancaq onların hamısı ora getmir. Bəziləri fırıldaqçılıq yolu ilə Aİ ölkələrində məskunlaşırlar. Lakin əksəriyyəti əsasən Fransa vasitəsilə Böyük Britaniyaya daxil olmağa çalışır.

Britaniya hakimiyyət orqanlarının səylərinə baxmayaraq, La Manş qeyri-qanuni mühacirlərin Böyük Britaniyaya daşındığı əsas kanallardan biri olaraq qalır. "Gəmi problemi" Rişi Sunak hökuməti tərəfindən həll edilməyib və İngiltərənin yeni baş naziri Keyr Starmerbu problemi ölkənin daxili siyasətindəki ən aktual problemlərdən biri kimi miras alıb.

2022-ci ilin sonunda London və Paris arasında müqavilə bağlanıb və ona əsasən ingilislər La-Manş boğazında dəniz sərhədlərinin mühafizəsini təşkil etmək üçün fransızlara təxminən 72 milyon avro ödəyirlər. Hər iki ölkə qeyri-qanuni mühacirlərin boğazdan keçə bilməməsini təmin edir.

Ancaq bu işdə böyük uğur əldə edilməyib. Bu il Britaniya sahillərinə 23,5 min qanunsuz miqrant yan alıb. Üstəlik, bəzən kanal boyunca üzmək cəhdləri faciəvi şəkildə başa çatıb. Sentyabrın 3-də boğazı keçərkən göyərtəsində 70 nəfərin olduğu qayıq batıb. 12 nəfəri xilas etmək mümkün olmayıb və onların yarısı azyaşlı uşaqlar olub. Ölənlər arasında 10 qadın və qız da var. Bir müddət əvvəl isə Afrikadan miqrantları daşıyan gəmi Fransa sahillərində qayalara çırpılıb. 10 nəfər təbii fəlakətin qurbanı olub.

Böyük Britaniya təkcə özünün və Fransanın sahil mühafizəsi üçün deyil, həm də qeyri-qanuni mühacirlərin otellərdə qalması üçün pul xərcləməlidir. Mühafizəkarlar buna son qoymaq niyyətində idilər: bəzi miqrantların Ruandaya göndərilməsi, digərlərinin isə otellərdə deyil, daha ucuz yerlərdə yerləşdirilməsi planlaşdırılırdı. Bu cür tədbirlər leyboristlər də daxil olmaqla solçu siyasi qüvvələrin hiddətinə səbəb olub. İndi ingilslər o qədər də radikal olmayan üsullardan istifadə etməklə problemin həllinə çalışmalıdırlar.

Qeyri-qanuni miqrasiya ilə mübarizədə koordinasiyaya dair razılaşmanın baş tuta biləcəyini belə bir tədbirin Berlinin də dəstəkləməsi sübut edir. Fransızlar kimi almanlar da artan sağ təmayüllü əhval-ruhiyyə fonunda miqrasiya siyasətini sərtləşdirirlər.

Londonda bir sıra güzəştlərə getməyə hazırdırlar. Avropadakı torilərdən və digər sağçı qüvvələrdən fərqli olaraq leyboristlərin özlərini layiqli aparacağına söz verirlər. Məsələn, qeyri-qanuni mühacirləri Fransa sahil mühafizəsinə təhvil verərək, miqrantların olduğu qayıqları öz sularından Fransa sularına itələməyəcəklər. Böyük Britaniyanın sərhəd mühafizəsi və qaçqınlarla iş üzrə naziri Angela İql deyir ki, bu mümkün deyil.

Məsələn, italyanlar oxşar təcrübələrlə məşğul olurlar və bunu rəsmi şəkildə edirlər. İtaliyanın baş naziri Corciya Meloni Tunislə ümumi dəyəri təxminən 100 milyon avro olan müqavilə bağlayıb və miqrantların olduğu gəmilər əsasən Afrika ölkəsinin sahillərinə qaytarılır. İql fransızlarla əməkdaşlığa hazırdır. London etirazlarda Fransa polisinə hücum edən qeyri-qanuni mühacirləri mühakimə etmək üçün Parislə əməkdaşlıq edəcəyini də vəd edir.

Leyboristlər başqa variantı - qeyri-qanuni mühacirləri ora göndərmək üçün Albaniya ilə müqavilə bağlamağı nəzərdən keçirirlər. Bu Avropa ölkəsindən miqrantların sayı ildən-ilə artır.

Paris və Berlin Aİ tələbələri və işçilərinin Böyük Britaniyanın əmək bazarına çıxışını asanlaşdırmaq üçün Londona təkan verir, ölkənin Aİ-nin bir hissəsi olduğu dövrdəki vəziyyətə qayıtması təklif olunur. Avropada başa düşürlər ki, Londonun qeyri-qanuni mühacirlərə qarşı mübarizədə qüvvələrini birləşdirmək üçün razılaşmaya ehtiyacı var, ona görə də güzəştlərə ümid edirlər. Lakin Starmer hökuməti problemin bu cür həll yoluna böyük şübhə ilə yanaşır. Böyük Britaniyada (indiyə qədər yalnız mətbuat səviyyəsində) əmək bazarına çıxışın liberallaşdırılmasından təkcə Baltikyanı ölkələrdən və Polşadan gələn qonaq işçilər deyil, Yaxın Şərq miqrantları da istifdə edə bilər. Onlar isə bu miqrantları qəbul etmək istəmirlər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR