İnsanlara hürriyət, millətlərə istiqlal!

Turşsu-Xəlifəli yolunda sülh əleyhinə terrorçuluq - ekspert çıxış yolundan danışdı

Müdafiə naziri Qarabağa silah daşıyan Ermənistana cavab veriləcəyini açıqladı; analitik: “Ordumuz erməniləri ram edəcək”

Müdafiə naziri Zakir Həsənov martın 11-də keçirdiyi xidməti müşavirədə Ermənistana xəbərdarlıq etdi: Qarabağa silah-sursat daşınmasına adekvat cavab veriləcək və zəruri addımlar atılacaq. Bu, düşmən qüvvələrinə növbəti mesaj idi ki, Azərbaycanın səbr kasası tükənməz deyil. Yəni bölgəyə terrorçular vasitəsilə silah və hərbi texnika daşınması cavabsız qalmayacaq.

Çünki postmünaqişə dövründə belə Ermənistan sülh və insanlıq əleyhinə cinayətlərə yol verirsə, xunta rejiminə xidmət edən erməniləri silahlandırırsa, deməli, təxribatlara lazımi sərt reaksiya veriləcək. “Yeni Müsavat” bildirir ki, nazir xidməti müşavirədə verdiyi bəyanatla Ordumuza hazır olmağı əmr etdi. Bu isə o deməkdir ki, Ermənistanın sülh əleyhinə bu cinayətləri antiterror əməliyyatı ilə cavab alacaq. İrəvan bir yandan sülh sənədi imzalamağa hazır olduğunu bəyan edir, o bir tərəfdən rus hərbçilərin müşayiəti ilə Qarabağın dağlıq bölgəsinə silah göndərirsə, heç bir əməkdaşlıqdan, sülh prosesindən söhbət gedə bilməz.

Paşinyan və komandasının etdikləri riyakarlıqdır. Nazir isə açıq şəkildə bəyan etdi:  “Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq məqsədilə qəti zəruri addımlar atacaq”.

Hərbi ekspert Ramil Məmmədlinin bildirdiyinə görə, Qarabağda Ermənistan Müdafiə Nazirliyinin ümumqoşun ordu birləşmələri dislokasiya olunub: “Bundan başqa, ermənilərin separatçı silahlı birləşmələri də mövcuddur. Qarabağdakı qondarma sistemin də özlərinin "polis" və ya digər hüquq-mühafizə orqanları kimi adlandırdıqları bölmələr fəaliyyət göstərir. Azərbaycan ərazisində ölkəmizə aid olmayan bütün hərbi birləşmələri terrorçu, qeyri-qanuni birləşmə hesab edirik. Bu, qanunlara tamamilə uyğundur. Ermənilər bu prosesdə separatçılıqla məşğul olurlar".

TEKNOFEST"in Azərbaycanda keçirilməsi analoji şirkətlərin ölkəyə axınını  sürətləndirəcək - FOTO/VİDEO » BAYRAQDAR MEDİA

Ramil Məmmədli

Hərbi ekspertin fikrincə, Azərbaycan bütün bu baş verən hadisələr fonunda 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinin qeyd-şərtsiz tez bir zamanda icra olunmasını tələb etməlidir: “Yalnız bundan sonra həmin ərazidə separatçı, silahlı, qeyri-qanuni birləşmələrin fəaliyyəti dayandırıla bilər. Bu missiya isə Rusiya kontingentinin üzərinə düşür. Çünki rəsmi Moskva da həmin bəyanatın icrasına təminat verib. Mart ayının 5-də baş verən hadisəni antiterror əməliyyatı hesab edirəm. Bu kimi halların qarşısının alınması üçün ölkəmiz həm Qərb, həm də Rusiyadan 10 noyabr bəyanatının icra olunmasını tələb etməlidir. Əks təqdirdə, antiterror əməliyyatlarının sayının artacağı artıq indidən məlumdur”.

Elxan Şahinoğlu: "Ermənistanda maraqlı siyasi oyun gedir"

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun fikrincə, Qarabağın ermənilər yaşayan hissəsində reallıq budur ki, əli silahlı separatçılar “müstəqillikdən başqa heç nəyi qəbul etmirik” deyib tutublar: “Biz bu reallığı dəyişməliyik. Elə etməliyik ki, Qarabağdakı ermənilər Azərbaycan qanunları ilə yaşamaq barədə müzakirələrə başlasınlar. Separatçıların lideri "Azərbaycanla reinteqrasiya" ifadəsini səsləndirib. Yəni əvvəllər dilə gətirmədikləri ifadələri istəmədikləri halda açıqlamağa başlayıblar. Ancaq bu azdır. Qarabağdakı ermənilər öz istəkləri ilə reinteqrasiyaya razılaşmayacaqlar, yenə gücümüzü görməlidirlər. Qarşılarında növbəti dəfə güc gördükdən sonra reallığı qəbul etmək məcburiyyətində qalacaqlar".

Ekspertin sözlərinə görə, çeçenlər SSRİ-nin dağılması ilə Rusiyadan ayrıldıqlarını elan etdilər: “Rusiya birinci çeçen savaşında məğlub oldu. Çeçenlər "biz Rusiyadan ayrılmışıq" dedilər. Rusiya ikinci dəfə çeçenlərlə müharibə etdi, bu dəfə Çeçenistan Rusiyanın tərkibinə qaytarıldı və Rusiya prezidentinin bölgədəki adamı Ramzan Kadırov Kremlə tabe oldu. Biz də eyni yolu keçdik, birinci savaşda torpaqlarımızı itirdik, ikinci savaşda torpaqlarımızın böyük hissəsini geri qaytardıq, ancaq hələ ki çeçenlər kimi ermənilərin içərisində “biz Azərbaycana tabeyik” ifadəsini səsləndirən yoxdur. Çünki məsələni hələ tam həll etməmişik. Rusiya qoşunları Çeçenistanı tamamını geri qaytardıqdan sonra çeçenlər ram olundu. Bizim qoşunlar da Xankəndinə daxil olandan sonra ermənilər ram ediləcək və onların bir hissəsi Azərbaycan qanunları ilə yaşamağı qəbul edəcək".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanıb.

Hazırladı: Emil SALAMOĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR